Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasından 26 il ötür

21 noyabr 2018 | 11:00
     1992-ci il noyabrın 21-də görkəmli ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu təsis konfransı keçirilib. Bu gənc dövlətimiz üçün dönüş nöqtəsi idi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın ziyalılarını son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə «91-lər»in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
    Bundan sonra, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyası təsis olundu. Xalq Cəbhəsi-Müsavat cütlüyü partiyanın Bakı şəhərində təşkilatlanmasına imkan vermədiyindən, ölkəmizin müxtəlif bölgələrindən gəlmiş 550-dən artıq nümayəndənin iştirak etdiyi təsis konfransı blokada vəziyyətinə görə kəskin enerji çatışmazlığı şəraitində yaşayan Naxçıvanda keçirildi. Ulu öndər həmin günü belə xatırlayırdı: "Biz 1992-ci ilin şaxtalı bir günündə, istilik olmayan bir zalda, Naxçıvan Dövlət Teatrının binasında paltoda və çoxları papaqda oturaraq ilk konfransımızı keçirirdik. Üşüyürdük, əlimizi əlimizə sürtürdük. Amma iradəmiz yüksək idi, iradəmiz güclü idi. Gələcəyə çox nikbinliklə baxırdıq... Məni sevindirən odur ki, ağır şəraitdə Naxçıvanda keçirdiyimiz konfrans ölkənin və partiyanın böyük inkişaf yolunu təmin etdi".
   Xalqımızın və dövlətimizin taleyinin həll olunduğu bir dövrdə meydana çıxan Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi mərhələnin əsasını qoydu. Güclü sosial bazası, praqmatik və gerçəkliyə əsaslanan bitkin proqramı, ulu öndər Heydər Əliyev kimi lideri olan Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə çıxması XX əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi. Yeni Azərbaycan Partiyasının təsis edilməsindən 7 ay sonra dahi liderin ali hakimiyyətə ikinci qayıdışı ölkənin düşdüyü ağır problemlərdən xilasının başlanğıcı oldu. Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olunması istiqamətində ardıcıl mübarizə aparmışdır. Bu partiya qısa zamanda sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi, demokratik, dünyəvi Azərbaycan dövləti və vətəndaş cəmiyyəti quruculuğu prosesini həyata keçirən real siyasi qüvvə kimi özünü təsdiq etdi, müxalifət partiyasından hakim partiyaya, siyasi partiyadan ümumxalq partiyasına çevrildi.
   Ulu öndərin və onun qurucusu olduğu partiyanın ən böyük uğurlarından biri də siyasi varislik probleminin uğurla həll edilməsi, Azərbaycanın işıqlı gələcəyinə təminat yaradılmasıdır. Böyük dövlət xadimi Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində yazırdı: "Mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcəkdir... Həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın layiqli övladlarını öz ətrafında birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər".
   Bu gün ölkəmizdə Yeni Azərbaycan Partiyası qədər geniş sosial bazaya malik olan kütləvi və dayanıqlı, siyasi proseslərə həlledici təsir imkanı olan ikinci bir partiya mövcud deyil. Ölkə Prezidenti, partiyamızın sədri cənab İlham Əliyev bu barədə belə deyir: "Yeni Azərbaycan Partiyasının gücü ilk növbədə onun əvəzsiz lideri Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyasının gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. Yeni Azərbaycan Partiyasının gücü ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir". Yeni Azərbaycan Partiyasının gücü həm də onun ideyalarının və cəmiyyət həyatının ən müxtəlif məsələlərinə dair konseptual baxışlarının məhdud zaman çərçivəsində deyil, uzun bir dövrə və tarixi proseslərə hesablanmasındadır. Məhz bu amili əsas götürərək ümummilli lider deyib: "Yeni Azərbaycan Partiyası Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin partiyasıdır".
   Yola saldığımız ötən illər göstərdi ki, Yeni Azərbaycan Partiyasının qüdrəti öz əksini ulu öndərin tarixi prosesləri qabaqlayan müdrikliyində və ölkə Prezidenti cənab İlham Əliyevin liderlik keyfiyyətlərində tapmışdır. Ölkə rəhbəri tərəfindən gerçəkləşdirilən böyük iqtisadi layihələr, beynəlxalq aləmdə qazanılan nailiyyətlər, dünya azərbaycanlılarının birliyinin daha da möhkəmləndirilməsi, həyata keçirilən uğurlu milli dirçəliş və dövlətçilik siyasəti, eyni zamanda, Yeni Azərbaycan Partiyasının real gücünün ifadəsidir. Prezident İlham Əliyev YAP-ın fəaliyyət istiqamətlərini daha da genişləndirərək, Ulu Öndərin qarşıya qoyduğu amal uğrunda ətrafına 700 mindən çox insanı toplaya bilib. Bu isə dünənin, bu günün, gələcəyin partiyasının təməlində yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir. Məhz Heydər Əliyev yolunun, ulu öndərin milli dövlətçilik konsepsiyasının uğurla davam etdirilməsi müstəqil Azərbaycanı əsl tərəqqiyə qovuşdurmuş, regionda lider dövlətə çevirmişdir.
Keçidlər