Şriftin ölçüsü :

Saytın rəngi :

1 dekabr - ümumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar tədbir keçirildi

30 noyabr 2018 | 11:00
     Dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günüdür. Həmin tarix dünya ictimaiyyətinin diqqətini qlobal pandemiya miqyasını almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunmuşdur. Bu məqsədlə 30 noyabr 2018-ci il tarixdə 186 nömrəli tam orta məktəbdə "QİÇS – cəmiyyətin artan bəlasıdır" şüarı altında maarifləndirici tədbir keçirildi. Toplantıda Pirallahı RİH-nin əməkdaşları, məktəbin pedoloji heyəti və məktəblilər iştirak etdilər.
     Pirallahı RİH-nin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Azad Namazov öz çıxışında bildirdi ki, QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. Ölkəmizdə gənc nəslə həmişə böyük qayğı ilə yanaşıldığını bildirən Azad Namazov  Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən dövlət siyasətindən danışdı. Narkomaniyaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalı, bu sahədə milli mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməli olduğunu vurğuladı. Natiq qeyd etdi ki, insanların, xüsusilə də gənclərin fiziki sağlamlığına zərbə vurmaqla yanaşı, narkomaniya həm də cəmiyyətdə əxlaqi və mənəvi aşınmalara səbəb olur. Hamıya “ağ ölüm” kimi məlum olan narkomaniya insanları təkcə sağlam həyat tərzindən məhrum etmir, həm də cəmiyyətin sosial-iqtisadi inkişafına da mənfi təsir göstərir, eləcə də cinayətkarlığa zəmin yaradır. Beləliklə, sağlam cəmiyyət və güclü dövlətin təməlini təşkil edən ailələr təhlükəli meyllər nəticəsində dağılır, bu da öz növbəsində dövlət və cəmiyyət üçün arzuolunmaz hal sayılır.
     Tədbirdə 186 nömrəli tam orta məktəbin direktor müavini Həcər Ramazanova çıxış edərək QİÇS xəstəliyinin dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da yayılan, hər kəsi düşündürən aktual məsələlərdən olduğunu bildirdi. Bu infeksiyanın qarşısını almaq məqsədilə dünyada maarifləndirici tədbirlərin keçirildiyini qeyd edən H.Ramazanova diqqətə çatdırdı ki, rayonumuzda da  bu istiqamətdə ənənəvi tədbirlərin keçirilməsi yeniyetmə və gənclərin sağlamlığına göstərilən diqqət və qayğının nəticəsidir.
      Sonda mövzu ilə bağlı videoçarx nümayiş olundu və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
 
Keçidlər