Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda məcburi köçkünlər üçün püşkatma keçirilib

09 iyul 2019 | 11:00
    Bakının Pirallahı rayonunda salınmış yeni yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsinə başlanılır. Açılış mərasimi bu il iyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilmiş kompleksdə rayon ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış 306 məcburi köçkün ailəsinə yeni mənzil veriləcək.
    iyulun 8-də Pirallahı rayonunda yeni mənzillərə köçürüləcək məcburi köçkünlər arasında püşkatma keçirilib. Püşkatma onların yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrinin nümayəndələri püşkatma vasitəsilə təzə mənzillərinin dəqiq ünvanını müəyyənləşdiriblər.
Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın üzvləri, yerli icra hakimiyyəti orqanlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
    Pirallahı rayonunda yeni yaşayış kompleksi dövlətimizin başçısının 2011-ci ildə imzaladığı Sərəncama əsasən inşa olunub. Sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, podratçısı isə “Kristal Abşeron” MTK olan kompleksdə ötən il başlanan tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Burada ikisi 72, biri isə 162 mənzilli üç doqquzmərtəbəli yaşayış binası və məktəb tikilib. Ərazidə infrastruktur obyektləri inşa olunub, geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 104-cü müasir yaşayış kompleksidir.
    Ölkəmizdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həll olunması istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində hər il minlərlə məcburi köçkün ailəsi yeni yaşayış sahəsi ilə təmin olunur. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən tədbirlər də mühüm əhəmiyyət daşıyır. Qəzalı vəziyyətdəki müvəqqəti yaşayış yerlərində, həyat üçün təhlükəli şəraitdə yaşayan məcburi köçkünlər yeni mənzillərə birinci növbədə köçürülürlər.
 
Keçidlər