Şriftin ölçüsü :

Saytın rəngi :

Neft Daşlarında “Möcüzələr adası”nın 70 illiyi münasibətilə tədbir keçirildi

07 noyabr 2019 | 11:00
     Noyabrın 6-da Neft Daşlarında “Möcüzələr adası”nın 70 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov və SOCAR-ın rəhbərliyinin nümayəndələri iştirak etmişdilər.
     Qonaqlar burada açıq dənizdə qazılmış ilk neft quyusunun yanında Neft Daşlarının qurulmasında xidmətləri olan insanları yad etmiş, Ulu öndər Heydər Əliyevin abidəsinin, 1957-ci il noyabrında Neft Daşlarındakı faciə zamanı həlak olan neftçilərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhid neftçilərin xatirə komplekslərinin önünə tər çiçəklər düzmüş, “Heydər Əliyev Muzeyi”nə, yenidən qurulmuş stadiona, idman zalına və mədəniyyət evinə baxış keçirmişlər.
     SOCAR-ın prezidenti istehsalat sahələrində çalışan həmkarları ilə görüşərək, çağdaş neftçıxarma proseslərinin yeni çağırış və hədəfləri ilə bağlı onların fikirlərini öyrənmiş, müzakirələr aparmışdır. Rövnəq Abdullayev Neft Daşlarının 70 illik yubileyi münasibəti ilə idarənin əməkçilərini təbrik etmiş, ölkə başçısının apardığı islahat kursu çərçivəsində Şirkətin üzərinə düşən vəzifələrdən söz açmış, Neft Daşlarının strateji əhəmiyyətindən danışmışdır. Natiq demişdir: “Neft Daşları Azərbaycan neftçilərinin yaşlı nəslinin qiymətli yadigarıdır. Azərbaycanın neft tarixinin bir çox görkəmli şəxslərin həyat yolu Neft Daşlarından keçib. Azərbaycan neftçilərinin bir neçə nəsli burada yüksək səviyyəli mütəxəssis kimi püxtələşib, dəyərli təcrübə qazanmışdır. Mən özüm də istehsalat fəaliyyətimə Neft Daşlarında başlamışam, burada çox dəyərli təcrübələr əldə etmiş, özümə etibarlı dostlar qazandım”. Neft Daşlarında çalışan neftçilərə müraciət edən SOCAR prezidenti sözlərini belə bitirmişdir: “Dəyərli həmkarlarım, artıq 70 il istismarda olan Neft Daşları bu gün özünün ikinci baharını yaşayır. SOCAR-ın ötən illərdə həyata keçirdiyi tədbirlər nəticəsində Neft Daşlarının hasilat səviyyəsi 20 faizdən çox artıb. Hidrotexniki qurğular yenilənib, istehsalat obyektləri əsaslı təmir olunub və yaxud yenidən qurulub. Respublika əhəmiyyətli yataqların məhsulu Neft Daşlarının infrastrukturu vasitəsilə nəql olunur və gələcəkdə bu infrastruktura digər yataqların da qoşulması nəzərdə tutulur. Bu nəticələr, məhz sizin səriştə və bacarığınız, gərgin və fədakar zəhmətinizin sayəsində əldə olunmuşdur. Bu uğur-sizin uğurunuzdur!”
      Səfər çərçivəsində fəxri qonaqlar Neft Daşları zəhmətkeşləri ilə birlikdə nahar etmişlər. Səfərin sonunda SOCAR-ın rəhbərliyi Çilov adasına da baş çəkib, 2015-ci ildə təbii fəlakət nəticəsində həlak olmuş həmkarlarının abidəsi önünə tər çiçəklər qoymuş, onların əziz xatirəsini ehtiramla yad etmişlər.
    Noyabrın 6-da Neft Daşlarının 70 illiyi münasibəti ilə nefçi kollektivi üçün konsert təşkil olunmuşdur.
      Xatırladaq ki, Neft Daşları Xəzər dənizində, Bakı şəhərindən 110 km şimal-şərqdə yerləşir. Dənizin bu yerində qara qayalıqlar olduğu üçün əvvəllər bura “Qara Daşlar” adlandırılırdı. Neft Daşları yatağını əfsanəvi geoloq Ağaqurban Əliyev kəşf etmiş və ilk dəfə açıq dənizdə neftçıxarma layihəsinin həyata keçirilməsinə nail olmuşdur. 1949-cu il iyunun 24-də Neft Daşlarında birinci kəşfiyyat quyusunun qazılmasına başlanmış, noyabrın 7-də qazma işi uğurla başa çatdırılmış və yatağın işlənməsinə start verilmişdir.
      İlkin dövrdə burada istismardan çıxarılmış yeddi gəmi batırılaraq qazma va yaşayış üçün şərait yaradılmış, daha sonra “Yeddi gəmi adası” kimi məşhurlaşmış bu məntəqə açıq dənizdə süni adaya çevrilmişdir. 1951-ci ildə Neft Daşlarından ilk məhsul neft tankeri ilə sahilə göndərilmişdir. İstismar dövründə Neft Daşları NQÇİ ölkəmizin ümumi neft hasilatının 13 faizini təmin etmişdir. Neft Daşlarının kəşfi Azərbaycanın neft sənayesində bir dönüş nöqtəsi yaratmış və ölkəmizin ikinci neft bumuna yol açmışdır. Hazırda Azərbaycan neftinin böyük hissəsi məhz dənizdə çıxarılır. Neft Daşları həm də SOCAR-ın dənizdəki yataqlarını bir-biri ilə calaşdıran və məhsulun sahilə birbaşa ötürülməsinə xidmət edən əsas kommunikasiya düyünüdür. SOCAR üzrə ümumi çıxarılan xam neft və təbii qazın 70 faizə yaxın hissəsi sahilə məhz Neft Daşlarından ötürülür.
 
 
Keçidlər