Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın növbəti diplomatik uğuru və Ermənistanın gərgin daxili ictimai-siyasi vəziyyəti

24 iyun 2020 | 11:00
İyirmi birinci yüzilliyin iki onilliyini geridə qoymaq üzrəyik. Müstəqilliyimizi qazandığımız gündən bu günə kimi ölkəmiz sosial-iqtisadi, siyasi arenalarda bir çox uğurlar qazandığı halda, ölkənin tək bir problemi həll olunmamış qalmaqdadır – Qarabağ.
Doğrudur, bu sahədə də uğurlar qazanılmağa başlanılıb. Böyük dövlətlərin, beynəlxalq ictimaiyyətin, söz sahibi olan nüfuzlu güc mərkəzlərinin işğalçını cilovlamaması, ona hüquqi-siyasi təzyiq göstərməməsi səbəbindən artıq kristallaşmaqda olan Dağlıq Qarabağ münaqişəsi cəbhəsində vəziyyət gərgin qalsa da, diplomatik arenada “buzlaşma dövrü” əriməyə doğru getməkdədir. Bu, Azərbaycanın ard-arda artan diplomatik qələbələri və ölkəmizin böyük dövlətlərin, beynəlxalq təşkilatların diplomatik-siyasi dəstəyini qazanması ilə mümkün olmuşdur.
Diplomatik cəbhədə bu qələbələri bir neçə amillə əlaqələndirmək olar: ilk növbədə, ölkə başçısı İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti. Məhz bu əzmkar siyasətin nəticəsində beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyir və bu mövqeyini günü-gündən daha da gücləndirir. Azərbaycan bu uğura, Prezident İlham Əliyevin dediyi kimi, ilk növbədə düşünülmüş, eyni zamanda xalq tərəfindən göstərilən, xalq-iqtidar birliyini təcəssüm etdirən dəstək nəticəsində nail olur. İstənilən ölkənin siyasəti, hətta xarici siyasəti əhalinin, xalqın dəstəyindən asılıdır. Şərtlər və şərait nə olursa-olsun, dəyişməyən, istənilən mühitdə doğru qərar verməyə kömək edən ağıl, müdriklik, cəsarət və təmkinliliyin məqamına görə doğru seçilməsi, məqsədyönlülük, öz gücünə inanma, zamana və məkana nəzərən doğru, çevik, adekvat qərarvermə və s. xüsusiyyətləri Azərbaycanın xarici siyasət uğurlarını şərtləndirən digər amillərdir. Prezidentin şəxsi nüfuzu, peşəkar diplomat kimi bacarıqlı siyasi manevrləri, düzgün strategiya seçib hədəfə doğru inamla irəliləməsi də diplomatik sahədə ölkəmizin uğurlarının təminatçısı olmaqdadır.
2020-ci ilin  əvvəllərindən etibarən bir sıra yaddaqalan hadisələr baş verdi. Fevral ayından başlayaraq dünyanı lərzəyə salan COVİD-19 virusunun yayılmasının qarşısının alınması ilə mübarizədə Azərbaycan dövlətinin atdığı addımların dünyaya nümunə kimi göstərilməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşünün baş tutmasını xüsusi qeyd etmək istərdim. Bu ilin ən böyük siyasi uğurlarından biri kimi isə iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında  keçirilən Sammitində Prezident İlham Əliyevin çıxışını və Ermənistanın baş naziri N. Paşinyana yersiz replikasına görə tutarlı cavab verməsini vurğulamaq lazımdır. İştirak etdiyi beynəlxalq tədbirlərdə daim Qarabağ mövzusuna toxunmaqla Ermənistanı dünya ictimaiyyətinə işğalçı dövlət kimi təqdim edən İlham Əliyevin əsaslı faktları qarşısında aciz qalan Ermənistan rəhbərliyi hər zaman yersiz replikalarla düşdüyü çətin vəziyyətdən çıxış yolu tapmağa çalışır amma onun bu cəhdləri özünü gülünc vəziyyətə salmaqdan başqa da bir işə yaramır.
Sammitdə çıxışı zamanı Prezident İlham Əliyev,  Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsi olan Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığınln xarici siyasətimizin əsas prioritetlərindən olduğunu qeyd etməklə yanaşı Qarabağ münaqişəsinə də toxundu:  “Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”.
Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə özünü ifşa etdi. Bunu açıq-aydın sübut edən bir neçə məqamı diqqətinizə çatdırmaq istəyirəm. Birincisi, Ermənistan baş naziri tədbirdəki çıxışı zamanı ingilis dilində kağızdan oxuyarkən beynəlxalq aləmdə qəbul olunmuş “Naqornıy Karabagh” sözünü işlədir. Ermənicə çıxışında isə “Artsax” sözünü işlədir. Bu, onu göstərir ki, Ermənistanın baş naziri yalnız daxili auditoriyaya hesablanan çıxışlarında beynəlxalq aləmin tanımadığı “Artsax” ifadəsini işlədir. Paşinyanın sammitdəki çıxışı həm də Ermənistan baş nazirinin “ingilis dili səviyyəsini” əyani göstərdi. O, əvvəlcədən hazırlanan çıxışını kağızdan ingilis dilində oxusa da, sonra fikirlərini bu dildə ifadə edə bilmədi.
Paşinyan çıxışında daha bir yalana imza atdı. O, Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarını tamamilə saxtalaşdırılmış formada təqdim edərək bu qərarda guya Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyinin əks olunduğunu iddia etdi, Ramil Səfərovun Azərbaycana esktradisiyası və onun ölkəsində qəhrəman kimi qəbul olunmasından narazılığını bildirdi. Prezident İlham Əliyev buna cavab verərək Paşinyana həm siyasi hazırcavablıq, həm də tarix dərsi keçdi: ”Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim”.
Beləliklə Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü biabır etdi. Bu isə bütün hallarda istənilən bir hökumət başçısı üçün arzuolunan vəziyyət deyil.
Ermənistan baş nazirinin uğursuzluğu isə təkcə beynəlxalq aləm tərəfindən deyil, öz xalqı tərəfindən də qəbul olunur. Son aylarda ölkədə yoxsulluğun səviyyəsinin artması, pandemiya ilə mübarizədə ölkə rəhbərliyinin çıxılmaz vəziyyətdə qalaraq beynəlxalq təşkilatlardan ianə toplamaqla iqtisadi vəziyyəti düzəltməyə çalışması Ermənistanda siyasi vəziyyəti daha da gərginləşdirib. Erməni mətbuatı N.Paşinyanın aqoniya vəziyyətində olduğunu iddia edir, bunun əsas səbəbini isə parlament müxalifətinin, xüsusilə də Çiçəklənən Ermənistan Partiyasının açıq şəkildə hökuməti tam tərkibdə istefasını tələb etməsi göstərilir.
Demokratik prinsiplərə əməl olunmayan Ermənistanda Təhlükəsizlik Xidməti əməkdaşlarının 14 iyunda ana müxalifət partiyası olan Çiçəklənən Ermənistan Partiyasının sədri Çarukyanın evində axtarış aparması siyasi mühiti daha da gərginləşdirib. N. Paşinyanın bu həmləsinə qarşılıq Çarukyanın cavabı gecikmədi və  onun Partiyasının parlament fraksiyası və tərəfdaşları 15 iyunda Təhlükəsizlik Xidmətinin binası qarşısına gələrək mitinq keçirib. Mətbuat qeyd edir ki, bu mitinqdə aralarında deputatların da olduğu 90 nəfər saxlanılıb. 15 iyunda Çarukyan bəyanat verərək hər şeyə hazır olduğunu, hökumətin xüsusi göstərişi ilə ona qarşı təzyiqlərin başladığını, bununla pandemiya dövründə hökumətin bacarıqsızlığını gizlətməyə, xəstəliyə yoluxan on minlərlə insanın, yüzlərlə ölənlərin məsuliyyətini ört-basdır etməyə çalışdığını bildirib. Çarukyanın 2-3 aydan sonra ölkədə aclıq təhlükəsinin baş verə biləcəyini vurğulaması isə ciddi rezonans doğurub. 16 İyunda Çarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib. O, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilib. 17 iyunda isə Çarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınıb və yüzlərlə adam saxlanılıb. Qeyd edək ki, 21 iyun tarixində məhkəmə Çarukyanın həbsi ilə bağlı ittihamı rədd etdi. Bununla bağlı Çarukyanən vəkili Erem Sərkisyan məlumat yayıb və deyib: “Məhkəmə Çarukyanın həbsi ilə bağlı ittihamı rədd etdi. Sevinirəm ki, məhkəmə özündə güc tapdı və siyasi proseslərdən yuxarıda dayandı”.
Aydındır ki, Ermənistandakı bu durum uzun müddət davam edə bilməz. Gələcəkdə istər Paşinyan hakimiyyətini, istərsə də Ermənistan xalqını daha böyük fəlakətlər gözləyir. Bu, qaçılmazdır. Ermənistan cəmiyyətinin isə ancaq bir çıxış yolu var: şovinist, faşist ruhlu siyasətçilərdən birdəfəlik üz döndərmək, onları tarixin zibilxanasına atmaq və Azərbaycanla normal qonşuluq, dinc yanaşı yaşamaq kursuna üstünlük vermək. Yalnız bu Ermənistanın gələcəyinin təminatçısı ola bilər.

Vüqar Nəsirov
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər