Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın acınacaqlı vəziyyəti: Pandemiya və siyasi böhran

25 iyun 2020 | 11:00
Bu günlərdə bədnam qonşumuz Ermənistan həm koronovirus pandemiyası ilə mübarizə aparmağa, həm də gərginliklərin artdığı daxili ictimai-siyasi vəziyyəti qaydasına qoymağa çalışır. Baş nazir Nikol Paşinyan pandemiya dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşmış və bununla bağlı demək olar ki, heç bir uğurlu gediş edə bilməmişdir. Nəticədə, ölkədə xəstəliyin yoluxma sayı ciddi sürətdə artmış, ölkə iqtisadiyyatı iflic vəziyyətə düşmüşdür. Hadisələrə paralel olaraq ölkədə narazılıq və qarşıdurma həddi demək olar ki, pik səviyyəyə çatmış, Paşinyan isə sosial dayaqlarını itirməyə başlamışdır.
Aydındır ki, pandemiya ilə mübarizə üçün həm insanların sağlamlığı, həm ölkənin iqtisadiyyatı, həm də əhalinin sosial vəziyyəti nəzərə alınaraq çox həssas və incə bir siyasət yürütmək lazımdır. Lakin koronovirusa qarşı dayanıqlı siyasət yürütmək heç də hər ölkəyə qismət olmur. Ermənistan hakimiyyəti də pandemiya ilə layiqli mübarizə aparmağı bacarmayan ölkələr sırasındadır. Belə ki, əhalisinin sayı 3 milyona belə çatmayan Ermənistanda yoluxma sayının 22000-i keçməsi və gündəlik yoluxma sayının artıq 700-ü üstələməsi ölkədə həyəcan təbilinin çalındığının işarəsidir. Ölkə rəhbərliyi isə virusla mübarizədə effektiv gediş edə bilmir ancaq beynəlxalq təkilatlardan pul dilənməklə nəyəsə nail olmağa çalışır. Ölkədə vəziyyət o həddədir ki, hətta baş nazir əhalini təhdid etməyə başlayıb. “Bəlkə biz vətəndaşlarımıza öz sağlamlıqlarının qeydinə qalmağı məcbur etməliyik. Vətəndaşımızla zor dilində danışmalıyıq?”.  Bu sözlər əlbəttə ki, cəmiyyət arasında bir mənalı qarşılanmadı. Bəziləri bunu əhaliyə xəbərdarlıq olaraq qəbul etdi. Belə ki, son günlərdə ölkədə yaranmış gərgin siyasi vəziyyətdən və mümkün hökumət çevrilişindən ehtiyat edən Paşinyanın koronavirus adı altında ictimaiyyətə zor tətbiq edəcəyini irəli sürənlər oldu.
Heç kimə sirr deyil ki, populist çıxışları ilə tanınan N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə etmiş və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməyə çalışmışdır. Ölkədə hal-hazırda da siyasi repressiyalar həyata keçirilir. Paşinyanın yeganə məqsədi isə öz hakimiyyət müddətini uzatmaqdır. Artıq reallığı dərk etməyə başlayan erməni mütəxəssisləri Ermənistanın daxili və xarici siyasətinin tam yanlış meyarlar üzərində qurulduğunu anlayır və Paşinyanın siyasi gələcəyinin şübhə altında olduğunu qəbul edirlər.
Beləliklə, son günlərdə Ermənistanda müxalifət ilə mövcud hakimiyyət arasında ziddiyyətlər kəskinləşməkdədir. Buna əsas səbəb isə müxalifət partiyası olan Çiçəklənən Ermənistan Partiyasının pandemiya dövründə hökuməti bacarıqsızlıqla ittiham etməsi və açıq şəkildə hökuməti istefaya dəvət etməsi oldu. Buna qarşılıq Paşinyan Milli Təhlükəsizlik Xidmətinin əli ilə Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyana və tərəfdarlarına qarşı bir gündə üç cinayət işi açdı. 15 iyunda Baş Prokuror parlamentə müraciət edərək Çarukyanın deputat toxunulmazlığının qaldırılması məsələsi ilə bağlı müraciət göndərdi və məsələ parlamentdə müzakirə edilərək Çarukyanın deputat toxunulmazlığı qaldırıldı. Çarukyana dəstək olan Çiçəklənən Ermənistan Partiyasının tərəfdarları paytaxtın küçələrinə axışaraq aksiyalar keçirdi. Aksiyaları dağıtmaq üçün polisin güc tətbiq etməsi ilə KİV təmsilçiləri və deputatlar da xəsarət aldılar. Mətbuatda bu mitinq iştirakçılarından yüzlərlə adamın saxlanıldığı və onların içində deputatların da olduğu bildirildi. Paşinyan hökuməti Çarukyana qarşı hüquq çərçivəsində hərəkət etdiklərini bildirsə də, bir çox siyasi partiyalar bunun siyasi məqsəd daşıdığını və Çarukyanı zərərsizləşdirmək üçün inzibati mexanizmlərdən istifadə edildiyini bildirdi. Qeyd edək ki, Çarukyanın vəkili Erem Sərkisyan tərəfindən mətbuata verilən məlumata əsasən, Çarukyanın həbsi ilə bağlı ittihamı rədd edilib. Bununla da Paşinyan hakimiyyətinə br zərbə daha vuruldu.  E.Sərkisyan deyib ki, “ Sevinirəm ki, məhkəmə özündə güc tapdı və siyasi proseslərdən yuxarıda dayandı”.
Siyasi rəqiblərinə qarşı dözümsüzlük toxumlarını səpən N.Paşinyan “küçə inqilabı” ilə hakimiyyətə gələrkən əsas dəstəkçisi kimi çıxış edən və daxili siyasətdə güclənməsində payı olan Çarukyanın üzərinə xüsusi təyinatlıları göndərməsi Ermənistanda Paşinyanı diktator hesab edənlərin sayını artırdı. Ermənistanda siyasi gərginliyin bir digər təzahürü də bir gündə 3 güc strukturunun rəhbərlərinin istefaya getməsi oldu. Yəqin ki, bundan sonra da terrorçuluğu dövlət siyasətinə çevirmiş Ermənistanda siyasi münaqişələrin daxildə daha da  qızışması  heç kim üçün təəccüblü olmayacaqdır.
Ümumilikdə nəzər salsaq mütəmadi olaraq Ermənistanda siyasi təqiblər və həbslər, söz azadlığının boğulması, jurnalistlərə qarşı güc tətbiq edilməsi kimi hadisələr baş verir. Lakin Ermənistanın sərgilədiyi bu mövqeyə görə beynəlxalq təşkilatlar tərəfindən sərt qınanmasının hələ də şahidi olmamışıq. Qərb dövlətlərinin insan hüquqları üzrə təsisatları və beynəlxalq təşkilatları qonşu dövlətdə baş verənlərə göz yummağa və susmağa davam edir. Belə təşkilatların bu cür susqunluq nümayiş etdirmələri bütövlükdə sülh və demokratiya üçün təhlükədir. Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi ölkəmizdə ən xırda məsələyə böyük reaksiyalar verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Bu onların ikili standarlar tətbiq etdiyinin, və iş prinsiplərində azərbaycanofobiyadan ilhamlandıqlarını əyani sübut edir. Onların demokratiya fəlsəfəsi düalizm və şəxsi maraqlar üzərini qurulub. Ona görə də ölkə başçısı İlham Əliyevin dediyi kimi, “Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil” fikri Azərbaycanın ümumi mövqeyini tam əks etdirir.

Pirallahı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sədri
Manaf Manafov

Keçidlər