Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiya ilə mübarizə fasiləsiz olaraq davam etdirilir Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Biz ən kritik vəziyyətə hazır olmalıyıq”

09 iyul 2020 | 11:00
Yer kürəsini bürümüş koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaşların sağlamlığının, təhlükəsizliyinin və rifahınıın təmin edilməsi durmuşdur. Bu məqsədlə görülən tədbirlər uğurla davam etdirilməkdədir. Görülən tədbirlər çərçivəsində son olaraq ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak etmişdir. Sözü gedən açılışdan sonra mətbuata müsahibə verən ölkə başçısı bir çox məqamlara toxunmuşdur ki, burada da ən vacib məqamlardan biri, ölkə başçısının biz koronovirusla bağlı ən kritik vəziyyətə belə hazır olmalıyıq fikri olmuşdur. Pandemiyanın dünya müstəvisində yayılmağa başladığı ilk günlərdən etibarən daim bu şüarı əsas götürən ölkə başçısı ölkədə qabaqlayıcı tədbirlərin görülməsini və ən ciddi vəziyyətə belə hazırlığı təşkil etdi. Belə ki, bu “gözlənilməyən” və çətin dövrdə dövlət mexanizmi çevik, operativ, fasiləsiz və ahəngdar işləyərək vəziyyətin daim nəzarət altında saxlanılmasına nail oldu. Bununla bağlı ölkə başçısı demişdir: “..... Bəri başdan bütün qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik və bu gün də vəziyyət nəzarət altındadır. Baxmayaraq ki, hazırda gündə təqribən 500 yeni xəstə qeydə alınır, yəni, yoluxmanın tempi yüksəkdir, ancaq vəziyyət nəzarət altındadır”.
Koronavirus pandemiyası dünyada çoxsaylı insan ölümlərinə səbəb olmaqla yanaşı, həm də dünya ölkələrini bir sıra iqtisadi, maliyyə, səhiyyə və sosial problemlərlə də baş-başa qoydu. Əhalisinin sayı Azərbaycan ilə müqayisə olunacaq, səhiyyə sistemləri nümunəvi hesab olunan bir sıra qabaqcıl ölkələrdə belə yoluxanların sayı yüz minlərlə, ölənlərin sayı isə on minlərlə ölçülür. Səhiyyə sistemi ilə seçilən və əhali sayı demək olar ki, Azərbaycanla eyni olan (10.100.615) İsveçrədə hal-hazırda yoluxma sayı 73.858, ölüm sayı isə 5482-dir. Azərbaycanla müqayisə etsək İsveçrədə yoluxma sayında təqribən 3 dəfədən, ölüm sayında isə 20 dəfədən çox fərq vardır. Bunda əhalinin sayında yaşlıların nisbəti, dövlət strategiyaları kimi fərqli kriteriyalar olsa da reallıq budur ki, hətta ən inkişaf etmiş Skandinaviya ölkələri ilə belə müqayisədə Azərbaycandakı vəziyyət daha ürək açandır.
Şübhəsiz ki, ölkəmizin iqtisadi güc amili də pandemiya ilə mübarizədə xüsusi rol oynayır. Pandemiya dövrünün çətinliklərinə baxmayaraq Azərbaycan iqtisadiyyatı 5 ayın yekunlarına görə cəmi 1,7 faiz tənəzzülə uğradı. Amma buna baxmayaraq, ölkədə heç bir sosial layihə təxirə salınmadı ya da ixtisar edilmədi. Əksinə, pandemiyadan zərər çəkmiş sahələrə - orta və kiçik sahibkarlara, aztəminatlı ailələrə bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir. Ölkə başçısı İlham Əliyev televiziyalara verdiyi müsahibəsidə də  bir daha vurğuladı ki, bu dövrdə ön planda olan insanların sağlamlığıdır .
Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması da var. Bu xəstəxanaların yaradılması çox mühüm və vaxtında atılmış addım idi. Qeyd edək ki, indiyə kimi modul tipli beş xəstəxana (Bakı-2, Sumqayıt-1, Gəncə-1, Abşeron-1) artıq fəaliyyətə başlamışdır. Daha beş modul tipli xəstəxana isə inşa olunacaq.
Heç kimə sirr deyil ki, dünya üzərində heç bir ölkə pandemiyaya hazır deyildi, o cümlədən Azərbaycan da. Ölkədə mövcud çarpayıların sayı adi rejimə hesablanmışdı, ancaq ölkə başçısının uzaqgörənliyi və adekvat reaksiyası ilə qısa bir müddətdə modul tipli xəstəxanaların yaradılmasına qərar verildi. Və cəmi bir neçə ay içərisində 5 belə xəstəxananın tikintisi yekunlaşdı və əhalinin istifadəsinə verildi. “Modul tipli xəstəxanaların tikintisi zəruri idi və biz bunu etdik” deyən ölkə başçısı da bununla bağlı qısa və lakonik fikrini bildirmişdir. Xəstəxanaların yaradılması zəruri idi və Azərbaycan hökuməti bunu ən qısa müddətdə, ən yüksək səviyyədə reallaşdırdı. Bu dövlətimizin gücüdür.
Xəstəxanalarla yanaşı digər çox vacib məsələ isə virusun aşkarlanması üçün laboratoriyaların alınması idi ki, bunu da dövlət başçımız qısa bir müddətdə reallaşdırdı. “Fevral ayında bizim cəmi altı laboratoriyamız var idi. Hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib, yoldadır, gələcək və laboratoriyaların sayı 44-ə çatacaqdır. Bu, bizə imkan verəcək ki, daha çox test aparaq”. Bu sözlərlə cənab İlham Əliyev bu sahədə ki, son vəziyyəti açıqlamışdır. Və görünür ki, vəziyyət nəzarət altındadır.
Sadalanan ölkədaxili sosial layihələrlə yanaşı Azərbaycan bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Həmçinin pandemiya ilə mübarizə üçün ÜST təşkilatına 10 milyon dollar dəyərində maliyyə yardımı göstərilmişdir. “Biz bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Onu deyə bilərəm ki, biz bu haqda heç məlumat da vermirdik. Çünki biz bunu piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik borcu kimi edirdik”. Bu sözlər isə Azərbaycan prezidentinin mənəvi dəyərlərə olan bağlılığını və insani keyfiyyətləri bütün siyasi gedişlərədən üstün tutduğunun açıq göstəricisidir. Ölkə başçısının bu mövqeyi isə ölkə daxilində yüksək qiymətləndirilməklə yanaşı həm də dünya arenalarında təqdir olunur.
Lakin dövlət tərəfindən atılan addımlar pandemiyanın sonlanması üçün kifayət deyil. İndiki vəziyyətdə vətəndaş məsuliyyəti hər şeydən vacibdir. Beləliklə, hər bir vətəndaş öz sosial məsuliyyətini dərk etməli, pandemiya dövründə xüsusi qaydalara riayət etməlidir. Vətəndaşlarımız nizam-intizama ciddi riayət etsələr, pandemiyanı nəzarətdə saxlamaq və ona qalib gəlmək mümkün olacaqdır. Əks təqdirdə bütöv xalq bundan əziyyət çəkməyə davam edəcək. “Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olub cərimələri artırdıq. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb...... Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilibdir ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil - istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır”, ölkə başçısı bu sözlərlə vəziyyətin ciddiliyini vurğulamış və hər kəsə qaydalara uyğun hərəkət etməyi tövsiyyə etmişdir.
Sonda biz də bir daha hər bir vətəndaşımızı məsuliyyətli olmağa və qanunlara riayət etməyə çağırırıq. Çünki, sadəcə bu yolla pandemiyaya qalib gəlmək mümkündür. Unutmayaq ki, “Biz birlikdə güclüyük”.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının aparat rəhbəri İlqam Əskərov
Keçidlər