Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Ermənistanın üzərində mövcud olan çətir artıq deşilibdir”

11 iyul 2020 | 11:00
İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak etdilər. Azərbaycan Prezidenti hospitalın açılışından sonra milli televiziya kanallarımıza verdiyi müsahibəsində bir sıra aktual məsələlərə toxunaraq olduqca əhəmiyyətli fikirlər bildirdi. Ölkə başçısının xüsusilə Ermənistanla bağlı səsləndirdiyi fikirlər diqqət çəkməkdədir. Çıxışında Azərbaycanın prinsipial mövqeyini bir daha nümayiş etdirən cənab İlham Əliyev beynəlxalq təşkilatlardakı ikili standartlar, Ermənistanın dünya arenasında üzləşdiyi rüsvayçı vəziyyətlər və Ermənistanın daxili vəziyyəti ilə bağlı bir sıra mühüm şərhlər verdi. 
Çıxışında Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev ölkə daxilində və ən müxtəlif beynəlxalq tədbirlərin kürsülərində dəfələrlə vurğuladığı kimi, bu dəfə də münaqişənin nizamlanması ilə əlaqədar qəti mövqeyini ortaya qoydu. “Bizim mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz. Çünki bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır. Mənim bu məsələ ilə bağlı kifayət qədər açıqlamalarım olub, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində və bunu artıq bilməyən yoxdur. Ona görə bizim mövqeyimizdə hər hansı bir dəyişiklik mümkün deyil, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək”. Bəli, ölkə başçısı olduqca qəti bir şəkildə münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bötüvlüyü çərçivəsində mümkün olduğunu bildirdi. Başqa bir variant sadəcə olaraq mümkün deyil. Azərbaycan gec və ya tez, sülhlə və ya müharibə ilə öz ərazi bütövlüyünü bərpa edəcək, və işğal olunmuş ərazilərin sakinləri öz doğma yurd-yuvasına qayıdacaq. Bu münaqişənin qaçılmaz sonudur.
Bundan əlavə beynəlxalq təşkilatlardakı ikili standartlara toxunan ölkə başçısı, Ermənistandakı mövcud vəziyyətə və seçki ərəfələrindəki saxtakarlığa göz yuman təşkilatlardan aydınlıq tələb etdi. “Haradadır ATƏT-in media üzrə nümayəndəsi? Hansı ki, gecə-gündüz Azərbaycan haqqında iftiralar uydurur və indi dəridən-qabıqdan çıxır ki, öz vəzifəsində qala bilsin. Niyə səsini çıxarmır? Niyə həbsxanada jurnalist öləndə səsini çıxarmayıb? Niyə pozuntular olanda səsini çıxarmayıb? Haradadır Avropa Şurası? Niyə Ermənistan tənqid olunmur? Niyə Ermənistan üzrə, siyasi məhbus üzrə məruzəçi təyin edilmir? Mən bütün bu sualları verirəm və bu suallar cavabsız qalır, bu suallara cavab verilmir. Çünki sərf etmir. Nə cavab verəcəklər? Cavab verəcəklər ki, biz saxtakarıq? Deməyəcəklər. Sadəcə olaraq, susmağa üstünlük verirlər”.
Xüsusilə, Minsk qrupunun fəaliyyətindəki çatışmamazlıqları və belə demək mümkündür ki, laqeydliyi dəyərləndirən dövlət başçımız onların mövqeyini kəskin tənqid etdi və onlardan konkret və məqsədə ünvanlanmış bəyanatlar gözlədiyini bildirdi. Ancaq hələ də ikili standartlar “xəstəliyindən” sağala bilməyən və siyasi riyakarlıqdan əl çəkmək istəməyən beynəlxalq təşkilatlar işğalçı ölkənin baş naziri Nikol Paşinyanın tez-tez Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsi və "Qarabağ Ermənistandır” kimi absurd və tarixi həqiqətlərdən uzaq bir ifadəni işlədərək, danışıqların mahiyyətini sıfıra endirən sərsəm bəyanatlar verməsinə laqeyd münasibət göstərməyi davam etdirir və işğalçını öz adı ilə çağırmağa cəsarət etmir. Qondarma “Dağlıq Qarabağ respublikası”nın saxta “prezidenti” Şuşada andiçmə mərasimi keçirməklə, ən böyük təxribatı törədir amma beynəlxalq təşkilatlar buna da münasibət bildirməyək siyasi riyakarlıqlarının və ikili standartlar tətbiq etdiklərini bir daha nümayiş etdirirlər.
Prezidentin çıxışında bəlkə də ən diqqət çəkən məqam müharibə variantının açıq  bir şəkildə bəyan edilməsi və bunun beynəlxalq hüquq normalarına uyğunluğunun vurğulanmasıdır. “Nədir bunların bəyanatında əsas tezis - hərb variantı mümkün deyil. Kim deyir? Gedin açın BMT-nin Nizamnaməsini, baxın görün özünümüdafiə hüququ var ölkələrdə, yoxsa yox? Yoxsa siz özünüzü nə hesab edirsiniz?! Siz BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən də üstünsünüz?! “. Ölkə başçısının bu sözləri həm Minsk qrupu üçün, həm də Ermənistan tərəfi üçün mesaj olaraq qəbul edilməlidir. Bu reallıqdır ki, hər bir dövlətin özünü müdafiə hüququ var. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, BMT-nin hər hansı üzvü ona qarşı silahlı hücum baş verərsə, kollektiv və fərdi özünümüdafiə hüququna malikdir. Nizamnaməyə uyğun olaraq atılan addım həmin ölkə üçün heç bir məsuliyyət yaratmır. Əksinə, Nizamnamə beynəlxalq sülh və təhlükəsizliyi qorumaq üçün bu cür addımları zəruri hesab edir. Bəli, bu açıq-aydın göstərir ki, hər bir ölkənin işğal altında olan torpaqlarını xilas etmək üçün müharibə hüququ var. Bu rəsmi və təqzib olunmaz faktdır. Ermənistan tərəfi bundan dərs çıxarmalı və yersiz populist bəyanatlarla Azərbaycanın səbrini daşırmamalıdır. İki ölkənin silahlı qüvvələri arasındakı fərq onsuzda məlumdur. Ermənistanın belə bir müharibədən qalib çıxmağı faktiki olaraq mümkün deyil. Son bir neçə ildə baş verən Aprel döyüşləri və Uğurlu Naxçıvan əməliyyatı da buna əyani sübutdur.
Bundan əlavə, Ermənistandaki daxili vəziyyətinin təhlili də onların belə bir müharibəyə hazır olmadıqlarını sübut edir. Belə ki, Ermənistanın daxilində pandemiyanın yayılması maksimum həddə çatmış və demokratiyanın, insan haqlarının pozulması halları geniş vüsət almışdır. Ölkə başçısı çıxışında  Ermənistandakı vəziyyəti şərh etmişdir: “Ermənistanda insan haqları kobudcasına pozulur, jurnalistlər həbs olunur. Bir jurnalist həbsxanada aclıq elan etmiş və aclıqdan vəfat etmişdir. Ermənistanda konstitusiya kobudcasına pozulur və konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Halbuki bu dəyişikliklər ancaq referendumla edilə bilərdi. Siyasi opponentlər təqib edilir, siyasi partiya rəhbərlərinin deputat toxunulmazlığı götürülür, onlar hədələnir, onların qohumlarına qarşı cinayət işləri açılır, hakimiyyət zəbt edilib, hakimiyyət bölgüsü tamamilə mövcud deyil. Baş nazir həm hakimdir, həm prokurordur, həm icra orqanının rəhbəridir, həm də sanki parlamentin sədridir. Qanunvericilik, məhkəmə-hüquq və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib və Ermənistanda diktatura artıq formalaşıbdır”. Azərbaycan prezidentinin bu fikirləri də Ermənistandakı vəziyyətin ciddiliyini bir daha ortaya qoyur. Onu da qeyd edək ki, Ermənistanın pandemiya ilə mübarizəsi də uğurlu deyil. Belə ki, əhalisi heç 3 milyona çatmayan Ermənistanda ümumi yoluxma sayı 30.000-i, ölüm sayı 500-ü keçmişdir. Vəziyyəti Azərbaycanla müqayisə etsək, Azərbaycan əhalisinin  Ermənistanın 3 qatı olmasına baxmayaraq ölkəmizdə yoluxma sayı Ermənistandan 8439 nəfər, ölüm halları isə 282 nəfər azdır. Bu sadə hesablama belə Ermənistandakı vəziyyəti anlamağa kifayətdir.
Beləliklə, ölkə başçısının Ermənistanla bağlı çıxışı işğalçı ölkənin iç üzünü faktlarla, təkzibolunmaz dəlillərlə ortaya qoyur. Eyniz zamanda səsləndirilən fikirlər  beynəlxalq ictimaiyyətə, qurum və təşkilatlara ünvanlanan prinsipial ismarışlardır. Bu ismarışlardan isə  hər kəs özü üçün nəticə çıxarmalıdır.

  YAP Pirallahı rayon təşkilatının könüllüsü
Xəyalə Cavanşirli

Keçidlər