Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə başçısının altı aylıq hesabatı və aydınlığa çıxan məqamlar...

17 iyul 2020 | 11:00
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlətimizin başçısı iclasda geniş nitq söyləyərək mühüm məsələlərə toxunub.
Çıxışı zamanı ölkə başçısı bildirmişdir, iyulun 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirmiş və bu gözlənilməz zərbə nəticəsində bizim hərbçilərimiz həlak olmuş, yaralanmışlar. Daha sonra Ermənistan riyakarcasına  bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir. Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur. Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbçilərimizin intiqamı alınmış, onların qanı yerdə qalmamış və düşmənə elə bir zərbə endirilmişdir ki, uzun illər bundan sonra da yaddan çıxarmayacaqlar. Hadisədən dərhal  sonra 13 iyul tarixində Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının toplantısı çağırılmış, vəziyyət müzakirə edilmişdir. Prezident bildirmişdir ki, operativ vəziyyət imkan verən kimi jurnalistlər, səfirliklərin nümayəndələri həmin bölgəyə dəvət ediləcək, onlar vəziyyətlə tanış olacaq və yerində görəcəklər ki, bu təxribatı törədən kimdir.
Düşmən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərərkən şəhid olan hərbiçilərimizdən biri də general-mayor Polad Həşimov olmuşdur. Düşmən təxribatı nəticəsində şəhid olan general-mayor Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan idi. Prezidenti İlham Əliyevin iclasda Polad Həşimov barədə oz fikirlərini bildirmişdir: “Bir daha demək istəyirəm ki, görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı. Mən Təhlükəsizlik Şurasının toplantısında artıq demişdim ki, Azərbaycan əsgər və zabitlərinin qanı yerdə qalmamalıdır. Onlara sarsıdıcı zərbələr endirildi və bu zərbələr əminəm ki, onlara yaxşı dərs oldu. Ancaq buna baxmayaraq, dünən və sırağagün onlar tərəfindən yenidən çirkin addımlar atılmışdır, növbəti dəfə hərbi təxribat törədilmişdir və bu təxribat nəticəsində yenə də bir neçə hərbçimiz, o cümlədən general Polad Həşimov, polkovnik İlqar Mirzəyev həlak olmuşlar. Bu gün səhər saatlarında general Polad Həşimovun anası Səmayə xanımla telefonla danışdım, ona başsağlığı verdim, Allahdan səbir dilədim. Onu əmin etdim ki, oğlunun, bizim qəhrəmanımızın qanı yerdə qalmayıb, onun qisası alındı və bundan sonra da alınacaqdır. Belə analara eşq olsun ki, xalqımız, dövlətimiz üçün bu cür övladlar, igidlər yetişdirib. Bildirməliyəm ki, general Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan idi. Aprel döyüşlərində öz rəşadətini göstərmişdir. Mənim tərəfimdən iki dəfə yüksək dövlət ordeni ilə təltif edilmişdir. Mənim tərəfimdən ona general rütbəsi verilmişdir. Polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə bu gün söhbət zamanı atasının qəhrəmanlığı haqqında danışdım. Dedim ki, o, atasına oxşamalıdır, bizim bütün gənclərimiz qəhrəmanlarımıza oxşamalıdırlar. Onların həyatı, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib. Onların ailə üzvlərinə, yaxınlarına bir daha başsağlığı verirəm. Eyni zamanda, son günlər ərzində həlak olmuş bütün insanların yaxınlarına, qohumlarına başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin, Allah yaralı hərbçilərimizə şəfa versin ”.
Daha sonra erməni tərəfinin itkiləri barədə məlumat verən ölkə başçısı demişdir: “Onlarla erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilmişdir”.
Prezident İlham Əliyev Ermənistanın mülki əhalini hədəf alması ilə bağlı da fikrini bildirmişdir: “Aprel döyüşlərində olduğu kimi, mənfur qonşu bu dəfə də ən çirkin əməllərə əl atdı. O da nədən ibarətdir? Bizim kəndlərimizi atəşə tutdu və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Bu, bir daha onu göstərir ki, Ermənistan faşist dövlətdir”.
Çıxışı zamanı, Ermənistanın heç vaxt açıq döyüşdə qalib gələ bilməyəcəyini bildirən ölkə başçısı, o vaxtkı torpaq itkilərinin və işğalların səbəbinin hakimiyyətə göz dikmiş xəyanətkarlar ucbatından olduğunu vurğuladı: “Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Torpaqların itirilməsi bir daha demək istəyirəm ki, o vaxt hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir. O vaxt Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik salmaq, hakimiyyəti yıxmaq üçün onlar Qarabağ bölgəsində xəyanət etmişlər. O vaxt o bölgədə fəaliyyət göstərən Azərbaycan Xalq Cəbhəsinin batalyonları və onların komandirlərinin bir neçəsi xəyanət etmişlər. Baxmayaraq ki, onların tərkibində cəsur və Vətənə bağlı insanlar döyüşürdülər, öz canlarını qurban vermişlər. Ancaq o vaxt Azərbaycan Xalq Cəbhəsinin başında dayananlar nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək üçün torpaqları satdılar və beləliklə, o vaxtkı hakimiyyəti yıxa bildilər. O vaxt bizim torpaqlarımızın itirilməsi bilavasitə Azərbaycan Xalq Cəbhəsinin xəyanətkar fəaliyyəti ilə bağlıdır”.
Bütün dünyanın pandemiya ilə mübarizədə birlik göstərdiyi belə bir vaxtda ermənilərin sərhədimizdə təxribat törətməsinin səbəblərinə də toxunan ölkə başçısı səbəblərin Ermənistanın hazırkı böhran vəziyyətinin və Azərbaycanın diplomatik uğurlarını kölgələmək niyyətinin olduğunu bildirdi: “Hesab edirəm ki, birinci səbəb Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır...... İyulun 10-da artıq rəsmən açıq elan edilmiş BMT Baş Assambleyasının xüsusi sessiyası bunun əsas səbəbi olub. Çünki, bu, ölkəmizin növbəti böyük uğurudur, növbəti böyük qələbəsidir, 130 ölkə bizi dəstəklədi. Azərbaycan o ölkədir ki, gündəliyi zəbt etmiş COVID-19 məsələsi diqqətə gətirildi, iki böyük Zirvə görüşü keçirildi və ondan sonra BMT-nin Baş Assambleyasının xüsusi sessiyası. Budur səbəb.”
İclasda cənab Prezident Xarici işlər Nazirinin fəaliyyəti ilə bağlı iradlarını sərt şəkildə bildirərək qeyd etdi: “Diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi. Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır, kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Ölkə başçısı tərəfindən bu məsələ dəfələrlə müxtəlif tədbirlərdə, Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə dilə gətirilmişdir. Bütün beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədrləri bunu bilirlər. XİN beynəlxalq təşkilatlarda Azərbaycana ünvanlanan əsassız ittihamlara cavab verməlidir, susmalı deyil. Ölkə başçısı bu barədə dəfələrlə öz mövqeyini bildirib, göstərişlər verib. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını müşahidə etmirik. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur. Xarici İşlər Nazirliyi nə ilə məşğul idi son günlərdə? Ayın 12-də hadisələr baş verəndən sonra XİN rəhbəri istisna olmaqla, dövlət başçısı və rəsmilər işinin başında idi”.
Beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın təxribat xarakterli hücumlarının qınaq obyektine çevrilməsi və Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi ilə bağlı cənab Prezident deyib: “Bu günlərdə Azərbaycan tək qalmadı, qardaş Türkiyəyə Cümhuriyyəti və onun Prezidenti, Rəcəb Tayyib Ərdoğan Azərbaycanı dəstəklədi. Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük. Pakistan birmənalı mövqe bildirib, Azərbaycanın haqq işinə öz dəstəyini verib. Eyni zamanda, digər ölkələrin rəsmi nümayəndələri də Azərbaycanı dəstəklədilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası açıqlama verib”.
Çıxışında xalqımızın Ordumuza və şəxsən cənab prezidentə dəstəyinə də toxunan ölkə başçısı döyüşlərin xalqımızda ruh yüksəkliyi yaratdığını vurğuladı. “Bizim ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, əlbəttə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. ... mənə ünvanlanan məktublarda gördüyümüz işlərə tam dəstək ifadə olunur. Dünən bir qrup vətənpərvər insan bu işlərə öz münasibətini bildirmək, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına üz tutdu. Mən bu vətənpərvər addımı alqışlayıram”.
Bəli, ölkə başçısı karantin dövrü olmağına baxmayaraq xalqın toplanaraq şəhidləri yad etməsinə, müharibə çağırışlarına və Ali Baş Komandana dəstək göstərmək istəyinə qarşı çıxmadı. Hətta şəhərin müxtəlif istiqamətlərindən gələn əhalinin rahat hərəkətinin təmin edilməsi üçün hüquq-mühafizə orqanlarıına göstərişlər də verdi. Amma təəssüf ki, bəzi təxribatçı qruplar vətənpərvər gənclərin arasına qatılaraq yürüşün məqsədinə heç də uyğun olmayan yersiz hərəkətlər törədərək Milli Məclis binasına daxil oldu və  bir neçə polis avtomaşınlarına zərər yetirdi. Bu bütün xalqda dərin təəssüf və narazılıqla qarşılandı. Bütün Azərbaycanın birlik olduğu, hətta müstəqillik tariximizdə ilk dəfə olaraq 43 siyasi partiyanın birlik nümayiş etdirərək Ali Baş Komandana və ordumuza dəstək olduqları bu ərəfədə törədilən bu hərəkətlərin heç bir məntiqə və vətənpərvərliyə aid olmadığını hər kəs vurğuladı. Bununla bağlı ölkə başçısı da lazımi tədbirlərin görüləcəyini əminliklə vurğuladı. “İndi onların şəxsiyyəti araşdırılır. Bu təxribatçı qruplar orada xuliqanlıq törətdilər, ictimai asayişi pozmağa cəhd etdilər və polisə müqavimət göstərdilər.... Bir qrup təxribatçı bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdı. Təbii ki, daxili işlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu. Artıq onların şəxsiyyəti müəyyənləşdirilir. Onların hamısı məsuliyyətə cəlb ediləcək, bir nəfər də, - mən bu gün səhər dedim, - məsuliyyətdən boyun qaçıra bilməyəcək ”.
Bundan əlavə ölkə başçısı insanlara populist hərəkətlər etmək yerinə səfərbərlik üçün anket doldurmalarını tövsiyyə etdi: “ “Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin. Öz ünvanını versin, orduda xidmət etmə haqqında öz arzusunu ifadə etsin və biz lazım olan vaxtda onları cəlb edəcəyik”.
Beləliklə ölkə başçısı bütün məsələlərə aydınlıq gətirərək, xalqı məlumatlandırdı. Və hesabat xarakterli nitqində insanlara pandemiyanın hələ də bitmədiyini və virusa qarşı ehtiyatlı olmalarının vacibliyini xatırlatdı. İclasın gedişatında 2020-ci ildə iqtisadiyyatın bir çox sahələrində yaranan çətinliklər - Koronavirus pandemiyası, aran zonasında təbii quraqlıq, neft sektoru ilə bağlı məsələlər də ətraflı şəkildə müzakirə olundu.

YAP Pirallahı rayon təşkilatının könüllüsü
Vüqar Nəsirov

Keçidlər