Şriftin ölçüsü :

Saytın rəngi :

Su ehtiyatlarından səmərəli istifadə təmin olunmalıdır

29 iyul 2020 | 11:00

Ölkəmizdə əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi və suvarma suyu ilə təminat sosial siyasətin əsas hədəflərindəndir. Ölkə başçısının rəhbərliyi ilə bununla bağlı son illərdə ciddi layihələr reallaşdırılmış və qarşıya hədəflər qoyulmuşdur. Cənab Prezidentin hər bir yaşayış məntəqəsinin keyfiyyətli içməli su ilə təmin olunması barədə tapşırıqlarına uyğun olaraq son illər Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda genişmiqyaslı layihələr həyata keçirilmiş və bu sahədə əhəmiyyətli işlər görülmüşdür. Ümumilikdə götürsək, son illər regionlarda yaradılmış yeni su mənbələri əhalinin içməli su təminatını xeyli yaxşılaşdırmışdır. Bölgə əhalisinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə Şirvan-Muğan, Saatlı-Sabirabad qrup su kəmərləri, Külüllü su qurğuları kompleksi, Quba, Mingəçevir, Xanbulançay sutəmizləyici qurğuları yaradılmışdır. Bu mənbələrdən rayon mərkəzlərinə və bir sıra kəndlərə suyun verilməsi təmin edilmişdir.
Beləliklə, ölkəmizdə su təminatı məsələsi daim diqqət mərkəzində saxlanılmış və dövlət səviyyəsində dəyərləndirilmişdir. Bunun nəticəsidir ki, su ilə təminat ildən-ilə artmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə bununla bağlı son vəziyyəti dəyərləndirərək bəzi statistikalar vermişdir: “2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir”. Ölkə başçısı bütün bunların insanların sağlamlığı, iqtisadiyyatın və  kənd təsərrüfatının inkişafı üçün edildiyini bildirdi və sonra vurğuladı ki, görülən işlərlə yanaşı hələ də məqsədə tam nail olunmayıb. Bundan sonra da içməli su layihələri, meliorasiya layihələri gündəlikdə ən vacib məsələlər kimi duracaq.
Qeyd edək ki, içməli su ilə yanaşı suvarma suları ilə bağlı görülmüş işlər də diqqətəlayiqdir. Hamımıza məlumdur ki, əgər vaxtında bu layihələr icra olunmasaydı indi Azərbaycanda vəziyyət həqiqətən də acınacaqlı ola bilərdi. Ölkə başçısının uzaqgörən və düşünülmüş siyasəti ilə təbii sərvətimiz olan qara qızıldan əldə olunan kapital ölkə daxilində sosial layihələrə, su və suvarma sistemləri kimi strateji əhəmiyyətli layihələrə yönəldildi və vaxtında atılmış addımlarla vəziyyət nəzarətdə saxlanıldı.
Son illərdə Azərbaycanda nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib, onların arasında Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeyd edilməlidir. Bununla yanaşı Taxtakörpü su anbarı da olduqca əhəmiyyətlidir. Daha bir layihə, Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuları inşa edilməsidir. Əgər bu böyük su hövzəsi olmasaydı, bu gün Bakı içməli su ilə təmin edilə bilməzdi. Eyni zamanda Şabran, Siyəzən, Xızı rayonlarında suvarılan əkin sahələri böyük dərəcədə artırılıb, təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir və indi o torpaqlarda geniş kənd təsərrüfatı işləri görülür. Şəmkirçay su anbarıda əhəmiyyətlidir, anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır. Cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi ümumilikdə 470 milyon kubmetrdir. Bütün əldə olunmuş müsbət nəticələrə baxmayaraq, bu sahədə də problemlərin olmadığını demək mümkün deyil. Problemlərin əsas səbəbləri ilə bağlı bir neçə ehtimalı sadalamaq mümkündür. Belə ki, su ehtiyatlarımızın itkiyə məruz qalması, bəzi yerlərdə hidrotexniki qurğuların və avadanlıqların istismar müddətini tamamlaması və suya qoyulan investisiyaların sosial-iqtisadi səmərəliliyinin düzgün hesablanmaması və s.
Prezident İlham Əliyev müşavirədə daha sonra yekun xarakterli çıxış edərək problemlərə və onların həlli məsələlərinə toxundu və vurğuladı ki, keçən il yaşanan quraqlıq onu göstərdi ki, böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər. Ölkə başçısı vurğuladı ki, su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır. Ölkəmizdə isə su itkilərinə yol verilir, suyun mənbəyi düzgün təhlil edilmir. Xərclərə nəzarət çox aşağı səviyyədədir. Bu işləri səmərəli şəkildə davam etdirmək üçün vahid idarəetmə mexanizmi işlənməlidir. Bu gün su təsərrüfatında fəaliyyət göstərən dörd qurum var - “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Ona görə bu qurumlara bundan sonra geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident Administrasiyası, Nazirlər Kabineti ümumi rəhbərlik etməlidirlər ki, bütün bu işlər planlı şəkildə həll olunsun və yaxın gələcəkdə su təhlükəsizliyində olan problemlər həll olunsun.
Sonda bir daha bildirmək istərdim ki, iqlim dəyişikliyi indi bütün dünyanın qəbul etməli olduğu reallıqdır. Bunu biz hamımız bilirik və  hiss edirik, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində insanlar quraqlıq və su çatışmazlığından əziyyət çəkir. İqlim dəyişikliyinin təsirləri ilə bağlı proqnozlar isə onu göstərir ki, su ehtiyatlarının azalması bundan sonra da davam edəcəkdir. Ölkələr bunun öhdəsindən gəlmək üçün adaptasiya planları hazırlamalı və tətbiq etməlidir. Dövlətlə yanaşı vətəndaş olaraq bizlər də su ilə bağlı yanaşmamızı dəyişməliyik. Gündəlik fəaliyyətimizdə suyun rasional istifadəsi ilə quraqlıqdan çıxış yolu üçün məsuliyyət göstərməliyik. Bununla yanaşı su ehtiyatları və suya qənaətin əhəmiyyəti barədə məlumatlandırma üçün bütün sosial media platformalarından istifadə etməliyik. Bu maarifləndirmə kampaniyaları xalqı hərəkətə çağırmalı, hər birimizi məsuliyyətlərimizi ciddiyə almağa və hər damcının qiymətli olduğunu bilib, sudan daha da diqqətlə istifadə etməyə təşviq etməlidir.

Xəyalə Cavanşirli
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər