Şriftin ölçüsü :

Saytın rəngi :

Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin prioritet hədəfidir

02 avqust 2020 | 11:00

Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin əsas prioritet hədəfidir. Bu hədəfə nail olmaqda ən əhəmiyyətli rolu sözsüz ki,  Azərbaycan Silahlı Qüvvələri oynayır.
Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan Ordusudur. Hər birimizə məlumdur ki, Silahlı Qüvvələrimiz müharibə vaxtı yaradılıb. Bu gün isə Azərbaycan Ordusu artıq dünya reytinqində 50-ci pillədə qərarlaşır. Ən əsası Silahlı Qüvvələrimizin döyüş ruhu yüksəkdir, ordumuz istənilən vaxt verilən əmri yerinə yetirməyə tam hazırdır. Bunu 2016-cı ilin Aprel döyüşləri də əsaslı şəkildə sübut etdi. Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun vəhdətinin göstəricisi kimi düşdü.
Aprel qələbəsi açıq şəkildə göstərdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Lələtəpə kimi yüksəklik alındı. Nəticədə 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Məhz aprel döyüşləri sayəsində azad olunan Lələtəpə və Talış yüksəklikləri bu rayonlarda yaşayan insanlarımızı təhlükədən qurtardı. Bundan əlavə, 2018-ci ildə Şərur rayonunun işğal altında olan Günnüt kəndi və ətraf ərazilər uğurlu əməliyyat nəticəsində düşmən tapdağından azad edildi, 11 min hektar torpağa ordumuzun nəzarəti təmin olundu.
Qeyd etmək lazımdır ki, ordunun gücü sadəcə silah-sursat və ya müasir texnikalarla ölçülmür. Ordunun gücü eyni zamanda vətənpərvər əsgərləri və zabitləri ilə ölçülür. Düşmən üzərindəki əsl üstünlük məhz torpaq uğrunda canından keçməyə hazır olan  canlı qüvvədir. Bu gün isə Azərbaycan Ordusunun əsgərləri, gizirləri, zabitləri və generalları vətən uğrunda, birliyimiz və bərabərliyimiz uğrunda, Azərbaycan dövlətinin əbədi yaşaması uğrunda, gələcək nəsillər uğrunda gözlərini belə qırpmadan şəhidlik mərtəbəsinə yüksəlməyə hazırdırlar. Bunun ən son nümunəsini 12 iyulda Azərbaycan –Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın atəşkəs müqaviləsini pozaraq hücuma keçməsi zamanı gördük.
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin növbəti dəfə  təxribata əl ataraq  dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki ərazilərimizə xaincəsinə basqınından və ordumuzun düşmənə layiqli cavabından sonra Azərbaycanda əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi, vəhdəti yaşandı. Siyasi baxışlarından, yaşından, statusundan, məşğuliyyət növündən, cinsindən asılı olmayaraq Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana və Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etdilər. Beləliklə, xalq, ordusunun və Ali Baş Komandanının yanında olduğunu, onu dəstəklədiyini ən yüksək səviyyədə göstərdi. Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi kömək göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil oldu və hələ də bu proses dayanmadan davam edir. Artıq Ali Baş Komandan İlham Əliyevin çağırışına səs verən 55.130-dan çox vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçib.
Bəli, bu gün Mübariz İbrahimov kimi, Fərid Əhmədov kimi qəhrəman oğullarımızın yolunun davamçısı və torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq gənclərimizin ən böyük arzusudur. Müharibədə itki də var, şəhidlik də var. Ancaq Vətənə görə döyüşmək, torpaqlarımız üçün döyüşmək, ölümdən qorxmadan döyüşmək lazımdır. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, Mübariz İbrahimov, Fərid Əhmədov kimi oğullarımız şəhidliyi özləri seçmişdi. Vətən üçün seçmişdi, xidmətdə olan əsgərlərə, çağırışçılara vəsiyyət kimi seçmişdi. Onların şəhidliyi hər bir Azərbaycan gəncinə və əsgərinə nümunədir.
Ali Baş Komandan qeyd edib ki, vətən uğrunda şəhid olan hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq. Bəli, ölkəmizdə şəhidlərimizə və onların ailələrinə daim xüsusi qayğı və diqqət göstərilir. Bunu hər il reallaşdırılan sosial layihələrdən də görmək mümkündür. Son olaraq, ölkə başçısı cənab İlham Əliyev Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımız-general Polad Həşimov və polkovnik İlqar Mirzəyevin ailəsinə ev verib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən Fondun nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər. Fondun nümayəndələri Ağstafa, Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında olaraq şəhid ailələrinə baş çəkəcəklər. Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının Mehriban Əliyevanın tapşırığına əsasən daim Fondun nəzarətində olacağı da bildirilib.
Qeyd edək ki, son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb.  8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və onlara 7 minə yaxın avtomobil verilibdir. Bu il də 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Eyni zamanda, əlillər üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, bu il bu sahədə ən böyük göstəriciyə nail olunacaq.
Tovuz rayonunda atəşkəsin Ermənistan tərəfindən pozulması zamanı Silahlı Qüvvələrimiz  bir daha öz üstünlüyünü təsdiq etdi. Bu əməliyyatın Silahlı Qüvvələrimizin şanlı tarixində öz yeri olacaq. Bu gün Azərbaycan əsgəri, dövlətin qayğısını hər zaman üzərində hiss edərək, xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Hər bir vətəndaşımız da rahat, sabitlik şəraitində yaşayır və Azərbaycan əsgərinə güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur. Xalqımızın ordumuzu güvənc yeri bilməsi, qəlbi Vətən eşqi ilə döyünən vətəndaşlarımızın əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir. Göründüyü kimi, əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında xalq-ordu birliyi dayanır. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz.
Bu çətin günlərdə bir daha açıq şəkildə məlum oldu ki, xaricdə yaşayan soydaşlarımız da Prezident ilham Əliyevin yanındadır və onu dəstəkləyir. Belə ki, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Dünya Türk Birliyi təşkilatı, Latviyada yaşayan soydaşlarımız, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, Ukraynadakı Türkiyənin icma nümayəndələri, Belorusda yaşayan azərbaycanlılar da öz vətənlərinə dəstəklərini göstərib, erməni işğalını lənətləyiblər. Bununla yanaşı, ölkə daxilində də ilk dəfə müxtəlif siyasi partiyalar birləşərək Orduya və Ali Baş Komandan dəstəklərini ifadə ediblər. Bu Azərbaycanın siyasi tarisində faktiki olaraq ilk belə haldır. Ölkənin 43 siyasi partiyası birgə, 4 siyasi partiyası isə ayrılıqda bəyanat verərək, erməni təxribatına qarşı mübarizədə Ali Baş Komandanın ətrafında birləşdiyini vurğulayıb. Bu da çətin günlərdə Azərbaycan xalqının vahid amal uğruna birləşdiyinin sübutudur və hər birimizdə böyük qürur  və qələbəyə sarsılmaz inam yaradır. 
Beləliklə əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadir bir gücdədir. Ali Baş Komandanın bir əmri kifayətdir ki, ordumuz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs mübarizəyə başlasın. Prezident İlham Əliyev həmin müqəddəs günün uzaqda olmadığının anonsunu artıq dəfələrlə verib. Və o gün hər birimiz Ordumuzla birlikdə vətənin mübarizəsi uğrunda birləşəcək və torpaqlarımızı düşmən tapdağından qurtaracağıq. Biz üç rəngli bayrağımızı Qarabağda və bütün işğal olunmuş torpaqlarımızda dalğalandıracağıq. Bu hər bir azərbaycanlının uğrunda canını belə verməyə hazır olduğu ən böyük arzusudur.

Familli Xumarə
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər