Şriftin ölçüsü :

Saytın rəngi :

Şanlı Azərbaycan Ordusu xalqımızın qürur və güvənc mənbəyidir

06 avqust 2020 | 11:00
Azərbaycan Silahlı Qüvvələri son 20-25 il ərzində davamlı olaraq güclənərək və müasirləşərək regionun ən qüdrətli ordusuna çevrilib. Bu gün Silahlı Qüvvələrimiz Qafqazın ən güclü ordusu olmaqla, dünya reytinqində 50-ci pillədədir.
Əminliklə deyə bilərik ki, ordumuzun davamlı inkişafı ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısının nəticəsidir. Belə ki, prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkənin müdafiəsinin təşkili üçün Azərbaycan Ordusunun döyüşə hazırlığı sahəsində müvafiq tədbirlər görülmüş, qoşunlar müasir döyüşlərin aparılması tələblərinə cavab verən silah-sursat, hərbi texnika və digər vasitələrlə hərtərəfli təmin olunmuşdur.
Burada diqqəti cəlb edən məqamlardan biri də Ali Baş Komandanın mütəmadi olaraq cəbhə bölgələrinə səfər etməsi, döyüş bölgəsində yerləşən hərbi hissələrin şəraiti və əsgərlərin döyüş hazırlığı ilə yerində tanış olması, əmr, tapşırıq və tövsiyələr verməsidir. Dövlət başçısının hərbi hissələrdəki vəziyyətlə, əsgər və zabitlərin qayğıları ilə bilavasitə maraqlanması, xidmətdə fərqlənən əsgər və zabitlərə xüsusi hədiyyələr təqdim etməsi, bir sözlə, onlarla səmimi ünsiyyətdə olması şəxsi heyətdə özünəinam hissini gücləndirərək, şəxsi motivasiyalarını da artırır. Dünya təcrübəsinə və hərb tarixinə nəzər saldıqda da görürük ki, silahlı qüvvələrin gücünü, sadəcə silah-sursat və ya texniki üstünlük  müəyyən etmir. Burada vacib bir məqam da vətənpərvərlik ruhudur. Xüsusilə də, müharibə şəraitində yaşayan ölkə və xalqlar üçün vətənpərvərlik xüsusi əhəmiyyətli mövzudur. Sevindirici haldır ki, Azərbaycan Silahlı Qüvvələrində sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünəinam, güclü vətənpərvərlik hissləri hökm sürür. Bu səbəbdən cəmiyyətimiz Azərbaycan Ordusuna vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir.
2016-cı ilin aprel ayında həyata keçirilən hərbi əməliyyatlar da Azərbaycan Ordusunun nəyə qadir olduğunu əyani şəkildə göstərdi və sübut etdi ki, Azərbaycan ordusu çox qısa müddətdə qarşısına  qoyulan istənilən vəzifəni yüksək səviyyədə həyata keçirmək iqtidarındadır. Məlumdur ki, həmin vaxt ölkəmiz əvvəlcədən hazırlanmış hücum əməliyyatı keçirmirdi, sadəcə erməni tərəfinin təxribatına cavab verirdi. Buna görə də Azərbaycan ordusunun kiçik bir hissəsi döyüşə cəlb olunmuşdu. Amma buna baxmayaraq əldə olunan nailiyyətlər heç də kiçik deyildi. Lələtəpə əməliyyatı Ermənilərin uzun müddət kimlərinsə sayəsində yaratmış olduğu  “keçilməz sədd”, “aşılmaz maneə” fikirlərinin sadəcə mif olduğunu və Azərbaycan əsgəri üçün heç də çətin hədəf olmadığını sübut etdi. 2016-cı ilin aprelində cəbhə xəttində qazanılan zəfər Azərbaycan Ordusunun gücü barədə deyilənlərin təsdiqi oldu. Əməliyyat nəticəsində əks-hücum əməliyyatı aparan hissələrimiz mühüm mövqelərə sahib oldu. Lələtəpə kimi yüksəklik alındı. Nəticədə 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Uğurlu əməliyyat həm də Azərbaycan xalqının orduya olan məhəbbətini, inamını qat-qat artırdı. Aprel döyüşləri ilə bağlı daha bir vacib məqam isə cəbhəyanı ərazilərdə yaşayan vətəndaşlarımızın ordumuza olan sonsuz güvəni idi. Belə ki, qızğın döyüşlərin getdiyi bir vaxtda cəbhə bölgəsində yaşayan vətəndaşlarımız öz evlərini tərk etmədilər və hamıya göstərdilər ki, Azərbaycan Ordusuna güvənmək lazımdır. Ordu torpaqlarımızı da, xalqımızı da qorumaq iqtidarındadır.
Aprel döyüşlərindən və 2018-ci ilin Naxçıvan əməliyyatlarından sonra layiqli cavabını alan Ermənistan bu günlərdə yenidən altivləşərək Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs müqaviləsini pozaraq hücuma keçməyə cəhd etdi. Ancaq dəqiqliklə deyəbilərik ki, 12 iyul tarixində dövlət sərhəddində baş verənlər adi sərhəd toq¬quşması deyildi. Bu Ermə¬nistan tərəfinin öz işğalçı siyasətini davam etdirmək cəhdi idi.  Silahlı Qüvvələrimiz isə qısa müddət ərzində düşmənə sarsıdıcı zərbələr endirərək, onlara layiq olduqları cavabı verdi. Düşmənə qarşı tətbiq olunan dəqiq və dağıdıcı gücə malik silahlar, həmçinin əsgər və zabitlərimizin qəhrəmanlığı onu itki verərək geri çəkilməyə məcbur etdi.
Tovuz istiqamətində döyüşlərin getdiyi vaxt ermənilər görəndə ki, orduya gücləri çatmır, murdar xislətlərinə sadiq qalaraq dinc əhalini hədəf seçib yaşayış evlərini güllə və mərmi atəşinə tutdular. Bu zaman çoxsaylı evlər, tikililər dağılsa da, xoşbəxtlikdən əhali arasında böyük tələfat olmadı. Cəbhə bölgəsindəki atışmalardan qorxmayan cəsur soydaşlarımızın öz yurd-yuvalarını tərk etməməsi, hər axşam evlərdə işıqların yanması sözügedən bölgədə xidmətdə olan hərbiçilərə də güc verdi, onların arxasında həmrəy və vətənpərvər bir xalqın olduğunu bir daha onlara hiss etdirdi. Əhali arasında panika, qorxu, qaçış yaranmadı. Əksinə paytaxtda orduya, dövlətə dəstək məqsədilə keçirilən yürüş hər birimizdə qürur yaratdı. Həmçinin dünyanın müxtəlif yerlərində yaşayan həmvətənlilərimiz tərəfindən Ali Baş Komandana və Orduya dəstək məqsədilə  müxtəlif tədbirlər, aksiyalar keçirildi və bütün bunlar düşməndə böyük ruh düşkünlüyü yaratdı. Beləliklə, bu hadisələrlə hər kəsin ürəyindəki inam, qisas hissi, birlik duyğusu daha da canlandı. Bütün bunlar isə işğal altındakı torpaqlarımızı tezliklə mənfur düşməndən azad edəcəyimizə qəti inam yaradır. Ölkədə hal-hazırda insanlarda möhtəşəm ruh yüksəkliyi var və ordumuz da arxasında birləşən xalqın gücünü hiss edir.
Tovuz hadisələri zamanı Azərbaycan sadəcə səngərdə deyil, beynəlxalq müstəvidə də böyük uğur qazandı. Azərbaycana dəstək nümayiş etdirən ilk ölkə qardaş Türkiyə oldu. Türkiyə Respublikası ən yüksək səviyyədə Azərbaycanı dəstəklədiyini bildirdi. Bundan əlavə beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana böyük dəstək nümayiş olundu. Təkcə Qoşulmama Hərəkatı vasitəsilə 120 ölkə Azərbaycanı dəstəklədi. Əlavə olaraq, İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da Azərbaycanı dəstəkləyən bəyanatlar verdi. Bu sözsüz ki, bizim haqlı mövqeyimizin, Azərbaycanın artan nüfuzunun və ölkə başçısının şəxsi nüfuzunun nəticəsidir.
Son əməliyyatlar bir daha təsdiqlədi ki, bizim hər bir əsgərimiz rütbəsindən asılı olmayaraq düşmənlə ön cəbhədə vuruşmağa hazırdır. Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız vətən uğrunda, birliyimiz və bərabərliyimiz uğrunda, Azərbaycan dövlətinin əbədi yaşaması uğrunda, gələcək nəsillər uğrunda gözlərini belə qırpmadan şəhidlik mərtəbəsinə yüksəlməyə razı və könüllüdürlər. Beləliklə, bu günlərdə dünya Azərbaycan adlı məmləkət üçün canından keçən şəhidlərimizin, hərbiçilərimizin qəhramanlığının şahidi oldu. Onlar bütün dünyaya sözün əsil mənasında qəhrəmanlıq nümunəsi göstərdilər. Hətta Tovuz istiqamətində gedən döyüşlər zamanı Dağlıq Qarabağ münaqişəsi başlayandan etibarən ilk dəfə döyüş şəraitində generalımızı da şəhid verdik. Xüsusi olaraq qeyd etmək istərdim ki, şəhid general Polad Həşimov şəhidlik mərtəbəsinə yüksəldiyi andan etibarən hər birimizi yasa boğsa da onun qəhrəmanlığı hər bir azərbaycanlıda böyük qürur və fərəh hissi yaratdı. Ölkə başçısı da generalımızın xatirəsini əziz tutaraq onun adının əbədiləşdirilməsi üçün göstəriş verdi. Beləliklə, şəhid general Polad Həşimovun adı Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə verilib.
Bundan əlavə ölkə başçısının göstərişi ilə general Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ailələri evlə təmin olundu. Birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən isə Fondun nümayəndələri general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət etdi. Fondun nümayəndələri Ağstafa, Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında da şəhid ailələrinə baş çəkəcəklər. Tovuz rayonu istiqamətlərdə şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının Mehriban Əliyevanın tapşırığına əsasən daim Fondun nəzarətində olacağı bildirilib. Bunlar hamısı ölkə rəhbərliyinin şəhidlərimizə verdiyi xüsusi dəyərin təzahürüdür.
Sonda, prezident İlham Əliyevin söyləmiş olduğu "Azərbaycanın hərbi büdcəsi ümumilikdə işğalçı Ermənistanın dövlət büdcəsinə bərabər olmalıdır"  tezisini xatırladaraq mövcud vəziyyətin bu hədəfə çatdığımızı göstərdiyini qeyd etmək istərdim. Azərbaycan və Ermənistan orduları arasında sözün əsl mənasında uçurum var. İndi Azərbaycan Silahlı Qüvvələrinin timsalında ən müasir tələblərə cavab verən, modern maddi-texniki təchizata, mükəmməl döyüş əməliyyatları aparmaq qabiliyyətinə malik bir ordunun nümunəsini görürük.
Biz əminik ki, ordumuz Ali Baş Komandanın əmri ilə işğal altında olan bütün Azərbaycan torpaqlarımızı azad edəcək və xalqımız illərdir həsrətini çəkdiyi doğma vətən torpaqlarına qayıdacaq.

 

Şəbnəm Eldarova
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər