Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda “Müasir dünya və Azərbaycan gəncliyi” adlı vebinar keçirildi

04 sentyabr 2020 | 11:00
3 sentyabr 2020-ci il tarixində Mənəvi Dəyərlərin Təbliği Fondu və YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə diskussiya formatında “Müasir dünya və Azərbaycan gəncliyi” adlı vebinar keçirildi.
Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin sədri Rüfət Əhmədov bildirdi ki, Azərbaycan gənci daima döyüş meydanlarında, zəfərlərdə böyümüş, inkişaf etmişdir. Gənclərimiz böyük elmi ixtiraları, kəşfləri ilə dünya sivilizasiyasının yaranmasında öz möhürünü vurmuşdur. Müasir Azərbaycan gəncliyi də bu tarixi kökdən, bu gendən gələn milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan miras qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Azərbaycan gənci öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Buna gənclərin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir. Diqqətə çatdırıldı ki, bu uğurların, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Ölkə başçısı Cənab İlham Əliyev də gənclər siyasətini hər zaman prioritet istiqamət sayıb. Prezident İlham Əliyevin 2007-ci ilin "Gənclər ili" elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkə həyatındakı fəallığını daha da artırıb. Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb. Natiq qeyd etdi ki, Azərbaycanda 2020-ci il  Könüllülər ili elan olunub. Koronavirus pandemiyası səbəbindən ölkəmizdə bir sıra beynəlxalq tədbirlər, idman yarışları təxirə salınıb. Bu gün dünyanı bürüyən pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda könüllülərin fəallığı diqqətdən kənarda qalmır. Çünki birliyin, həmrəyliyin, vətəndaş məmnunluğunun yüksək səviyyədə olduğu bir yerdə hansısa çətinlikdən, problemdən, yaxud onların həllinin mümkünsüzlüyündən danışmaq qeyri-mümkündür.
       Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov öz çıxışında bildirdi ki,  20-ci əsrin əvvəllərindən bu günə qədər olan  nəsilləri bir neçə yerə ayırırlar. Gənclik ənənəvi nəsildən müasir nəsilə qədər məsafə qət edən nəsillər təsnifatının  son pilləsidir. Son nəsil sayılan gənclərin dünyaya baxışı digərlərindən bir xeyli fərqlənir. Azərbaycan gəncliyi də dünya gəncliyinin bir parçasıdır və müstəqilliyimizi bərpa etdikdən sonra gənclərimizin dünya gəncliyinə inteqrasiya prosesi bir xeyli sürətlənmişdir. Dövlət başçısının müvafiq fərman və sərəncamları ilə gənclərimizin həm ölkə daxilində, həm də ölkə xaricində dünya gəncləri ilə ayaqlaşması üçün bütün addımlar atılıb və atılmaqdadır. İnanıram ki, gənclərimiz keçmişdən gələn mirası qoruyaraq inkişaf etdirəcək və bu mirası müasir dəyərlərlə sintez edərək dünya gəncləri arasında öz sözünü deyəcəkdir.
     Diskussiya formatında keçən tədbirdə çıxış edən Pirallahı RİH əməkdaşı Xəyalə Cavanşirli və Anar Babayev, Yap Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, YAP Pirallahı rayon təşkilatının gənc fəalları Tosif Mahmudov, Sailə Salahzadə bildirdilər ki, bu gün gəncliyə göstərilən diqqət və qayğının nəticəsidir ki, hərtərəfli biliyə, məsuliyyət hissinə, geniş dünyagörüşünə, xalqımızın milli, mədəni dəyərlərinə yiyələnən, Vətənini sevən, qoruyan, onun şərəfini uca tutan sağlam nəsil yetişməkdədir. Ölkəmizdə gənclər milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, yeni ideyaların təşəbbüskarı və dövlət idarəçiliyində aparıcı qüvvə kimi formalaşır, müxtəlif sahələrdə böyük nailiyyətlər əldə edirlər.
 
Keçidlər