Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək: Sülhlə ya da müharibə ilə

05 sentyabr 2020 | 11:00
Şərqlə Qərbi birləşdirən geostrateji tranzit xətlərinin, qlobal enerji layihələrinin başlıca təminatçısına çevrilən, müxtəlif mədəniyyətləri bir araya gətirən Azərbaycan üçün milli təhlükəsizliyin hərtərəfli təminatı məsələsi xüsusilə aktualdır. Ölkənin sürətlə inkişaf edən iqtisadiyyatında aparılan islahatlara və əldə edilən mühüm nailiyyətlərə baxmayaraq, Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü ciddi siyasi və sosial çətinliklər yaradır. Bu problem Azərbaycan Respublikasının milli maraqlarına qarşı ən ciddi təhdiddir və regiondan kənara da öz təsirini göstərməkdədir.
Azərbaycan milli təhlükəsizliyini təmin etmək və işğalda olan torpaqlarını azad etmək üçün bütün iqtisadi və hərbi gücünü səfərbər etməyə hazırdır. İki ölkə arasında, vaxtaşırı baş verən toqquşmalar onu göstərir ki, bu məsələ tamamilə həll olunmadan yəni Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan regionda sabitlik yaranmayaq. Bu fikir son vaxtlarda bir daha öz təsdiqini tapdı. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində 12 iyul tarixində başlayan və bir neçə gün davam edən döyüşlər münaqişənin tarixində əsaslı dönüşə səbəb oldu desək yəqin ki yanılmarıq. Bir neçə gün davam edən döyüşlər yeni geosiyasi mühitin və Azərbaycan xarici siyasətində yeni mühitin formalaşmasında başlanğıc oldu. Belə ki artıq xarici siyasətdə diplomatik lüğət bir kənara qoyularaq qəti və sərt şəkildə Ermənistana və eləcə də bu ölkəyə hər hansı formada dəstək verən dövlətlərə qarşı mövqe nümayiş etdirilir. Sırası ilə Serbiya, Gürcüstün, Rusiya və ən nəhayət Yunanıstan bundan öz nəsibini aldı.
Məlumdur ki, beynəlxalq hüquqa uyğun olaraq hər bir dövlətin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə yönəlmiş açıq və gizli fəaliyyətdən özünü qorumaq hüququ vardır. Yəni bizim münaqişənin sülh yolu ilə həlli qədər hərb yolu ilə həlli kimi ehtimalımız da mövcuddur. Çox da uzaq olmayan keçmişdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu ehtimalı dilə gətirmişdi. Belə ki, 6 iyul tarixində - Tovuz döyüşlərindən təqribən 1 həftə əvvəl - Bakıda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak edən dövlət başçımız münaqişə ilə bağlı danışıqlar prosesinin faktiki olaraq getmədiyini bildirərək, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində vasitəçi olan ATƏT-in Minsk qrupunun fəaliyyyəti ilə bağlı tənqidi fikirlər səsləndirmiş və demişdir: “Nədir bunların bəyanatında əsas tezis - hərb variantı mümkün deyil. Kim deyir? Gedin açın BMT-nin Nizamnaməsini, baxın görün özünümüdafiə hüququ var ölkələrdə, yoxsa yox? Yoxsa siz özünüzü nə hesab edirsiniz?! Siz BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən də üstünsünüz?!”. Beləliklə, hətta Tovuz hadisələri baş vermədən öncə də ölkə başçımız qəti mövqedən çıxış edərək hərb variantının mümkünlüyünü vurğulamışdı. Bu hər bir dövlət üçün, xüsusilə də Ermənistan üçün açıq mesajdır. Azərbaycan öz əzəli torpaqlarından heç vaxt əl çəkməyəcək və öz ərazi bütövlüyünü bərpa edənədək dayanmayacaq. Biz gec-tez öz tarixi torpaqlarımıza, ata-baba yurdumuza qayıdacağıq. Bu dəyişməz reallıqdır.
Bir daha vurğulamaq istəyirəm ki, Ermənistanın işğalçılıq siyasəti, Ermənistanın dövlət terrorizmi siyasəti bu gün Qafqaz regionunda çox ciddi bir təhlükə mənbəyidir.
Yuxarıda da qeyd etdiyimiz kimi Ermənistanın təcavüzkar siyasətinin son nümunəsi cari ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin mövqelərimizi ələ keçirmək məqsədilə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində, yəni aktiv döyüş zonası olmayan bir bölgədə təxribat törətməsi oldu. Həmişə olduğu kimi bu dəfə də Azərbaycan Ordusunun həyata keçirdiyi  cavab tədbirləri nəticəsində düşmənə ciddi zərbələr vuruldu və düşmən geri çəkilməyə məcbur edildi. Ermənistan hakimiyyəti döyüşlərlə və itkilərlə bağlı yalan məlumatlar yaymağa çalışsa da Ermənistan Ordusunun çoxsaylı canlı qüvvə və texnika baxımından itki verdiyi Azərbaycan Müdafiə Nazirliyinin yaydığı görüntülərlə sübut olundu. 
Tovuz döyüşlərində bizim üçün maraqlı olan bir mövzu da mövqelərimizə, əsgərimizə və camaatımıza tuşlanan silahların hansı ölkələrdən, hansı yollarla tədarük edildiyi oldu. Və açıq demək lazımdır ki, əldə olunan məlumatlar Azərbaycan hakimiyyətində və xalqında dərin təəssüf və məyusluq yaratdı. Çünki silahlar heç də bizə yad olmayan ölkələrdən tədarük edilmişdi. Serbiya və Rusiya.
Tovuz döyüşləri başlamazdan cəmi bir neçə gün əvvəl Ermənistana Serbiyadan çoxsayda silah-sursat gətirilmişdi. Bu addım bizi məyus etməyə bilməzdi. Çünki Azərbaycan və Serbiya arasında siyasi-iqtisadi əlaqələr mövcuddur və Serbiya çətin vaxtlarda həmişə Azərbaycanın dost münasibətini görmüşdü. Belə ki, bir neçə ay əvvəl bütün dünyanın koronavirusla mübarizədə aciz qaldığı bir vaxtda rəsmi Bakı Belqrada humanitar yardım göndərmişdi. Bundan əlavə, Azərbaycan daima Serbiyanın ərazi bütövlüyünə hörmətlə yanaşmış və Kosovanın müstəqilliyini tanımamışdı. Amma Serbiya ölkəmizə qarşı eyni münasibəti göstərə bilmədi və hansısa maraqlar naminə düşmənimizi silahla təmin etdi. Təbii ki, buna qarşı Azərbaycan hökumətinin münasibəti kifayət qədər sərt və konkret oldu.
Bu faktla əlaqədar olaraq Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı və ölkəsinin Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirilərək, Serbiyaya rəsmi olaraq etiraz edildi. Çox keçmədən Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana  yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini bildirdi. Bu çərçivədə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycanı ziyarət etdi və çoxsaylı görüşlər keçirərək məsələnin aydınlaşdırılması üçün danışıqlar apardı. Sonda məlum oldu ki, silahlar dövlətin iştirakı olmadan özəl şirkətlər vasitəsilə həyata keçirilib. Və razılığa gəlindi ki, iki ölkə arasında bir daha iki tərəfli münasibətlərə xələl gətirə biləcək hərəkətlərə yol verilməsin.
Tovuz döyüşləri ərəfəsində Ermənistanın silahlanması ilə bağlı digər fakt isə Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınması oldu. Qeyd edək ki, sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən bununla bağlı danışan ölkə başçımız vurğulayıb ki, aktiv toqquşmalar dayandıqdan dərhal sonra iyulun 17-dən başlayaraq dünənə qədər, - dünən sonuncu uçuş idi, - Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük reysləri həyata keçirilib.
Rusiya tərəfi təyyarə reyslər vasitəsilə silah deyil,  tikinti materiallarının daşındığını bildirsə də bu ölkəmizdə inandırıcı olaraq qəbul edilmədi. Ən azından ona görə ki, bizə məlumdur ki təyyarə reysləri heç də optimal variant olaraq qəbul etməyəcəyimiz Rostov-Minvod-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Əgər həqiqətən də təyyarələrdə tikinti materialları daşınırsa niyə Gürcüstan reyslərin öz hava məkanından daşınmasına icazə verməyib. Ya da ikinci sual təxmin edirik ki, təyyarə reyslərinin həyata keçirilməsinə olduqca ciddi vəsait xərclənib. Axı tək tikinti materiallarının daşınmasına bu qədər vəsait xərcləmək kimə, niyə lazımdır? Beləliklə cavabsız qalacağımız suallar kifayət qədər çoxdur. Amma mövqeyimizdə bir o qədər konkretdir. Azərbaycan dövləti və Prezidenti düşməni silahlandıran və dolayı yolla Azərbaycanın ərazi bütövlüyünü təhdid altına qoyan istənilən ölkəyə qarşı açıq mövqe nümayiş etdirməkdən və milli maraqlarımızın təminatı üçün nə lazımdırsa etməkdən çəkinməyək.
Bir məqamı da xatırlatmaq yerinə düşərdi ki, sözü gedən mövzu ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edərək mövcud vəziyyətlə bağlı məlumat vermiş və Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirərək, telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulamışdı. Bundan sonra iki ölkə arasında üst-üstə rəsmi səfərlər həyata keçirilmiş və məsələ ilə bağlı fikirlər bildirilmişdi.
Son olaraq Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov da sentyabrın 4-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv dövlətləri Müdafiə Nazirləri Şurasının növbəti  iclasında çıxışı zamanı bu məsələyə toxunmuş və ölkəmizin mövqeyini bir daha dilə gətirmişdi. “Ərazilərimizin 20 faizinin MDB-nin üzvü olan bir dövlət tərəfindən işğalı faktı beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən bu Birliyin normalarına və ruhuna ziddir”.

Şəbnəm Eldarova
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər