Şriftin ölçüsü :

Saytın rəngi :

Qədim tarixə malik Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı

08 sentyabr 2020 | 11:00
      Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər bu gün hər iki ölkənin rəhbərliyi tərəfindən həyata keçirilən düzgün və məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə yüksək səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə desək, Türkiyə-Azərbaycan əlaqələri bütün türk dünyası və türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün çox mühümdür.
Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan tarixi bağlarla birlikdə strateji, çox mühüm layihələr də mövcuddur. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır. Siyasi, iqtisadi, enerji, nəqliyyat – bütün sahələrdə çox böyük nailiyyətlər əldə edən Azərbaycan və Türkiyə hazırda tərəfdaşları ilə TANAP layihəsini də uğurla reallaşdırır. Bu gün sirr deyil ki, Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi, hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsini şərtləndirir. Azərbaycanın neft strategiyasının həyata keçirilməsi Qafqaz regionunda sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə müsbət təsir göstərir.
      Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq sahəsində də bir çox sazişlər imzalanmışdır. Türkiyə, Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında bilavasitə iştirak etmiş, Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynamışdır.  Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq daim inkişaf etmişdir. Hazırda da iki ölkə arasında hər il hərbi təlimlər keçirilir. Qeyd edək ki, iki ölkə arasında hərbi əməkdaşlığın bugünkü vəziyyətini 3 vacib məsələ müəyyənləşdirir:
     1-cisi NATO ilə əməkdaşlıq sənədləri. Bu çərçivədə NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir;
2-cisi Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr;
3-cüsü Türkiyənin milli regional maraqları və həmçinin, qardaş ölkənin milli təhlükəsizlik sənədləri ilə bağlıdır.
Gələcəkdə də ölkələrimiz arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar mövcuddur. Qısacası, Türkiyə Azərbaycana taktiki və strateji hərbi dəstəyini davam etdirməkdə qərarlıdır.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş cari ilin iyulun 2-də qüvvəyə minmişdir.
      Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib.
Təlimlər zaman olaraq, Tovuz döyüşlərindən və Rusiya-Ermənistan birgə təlimlərindən dərhal sonra olduğu üçün demək olar ki, bütün dünyanın diqqətini cəlb etdi və bununla bağlı bir çox fikirlər irəli sürüldü. Prezident İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bununla bağlı danışaraq  bildirdi ki, bu, bir ənənədir. Hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Çıxışında ölkə başçımız bunun bəzi ölkələrdə narahatlıq doğurduğunu müşahidə etdiyini bildirdi və əlavə etdi ki, buna heç bir əsas yoxdur. Təlimlər Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür.
     Beləliklə, Türkiyə Azərbaycana və Azərbaycan Türkiyəyə hər məsələdə açıq dəstək verməkdən çəkinmir. Bu, dünya siyasətində sıxlıqla müşahidə olunan bir hal deyil. Və bu ancaq özünə inanan və potensialına güvənən ölkələrə və siyasi liderlərə məxsus olan keyfiyyətlərdir.
     Tovuz döyüşlərində də Türkiyə Azərbaycana açıq dəstək verməkdən çəkinmədi. Demək olar ki, Türkiyədə hər kateqoriyadan olan şəxslər- Nazirlər, Prezident Administrasiyasının nümayəndələri, deputatlar, ictimai fəallar və s.tərəfindən Azərbaycana dəstək verildi. Əlbəttə ki, bu bütövlükdə bütün Azərbaycan xalqında qürur və fərəh hissi yaratdı.  Bu bir daha göstərdi ki, Türkiyə və           Azərbaycan xalqları qardaşdır və yaxşı gündə də, pis gündə də bir-birinin arxasındadır.
Azərbaycan da dəfələrlə müxtəlif beynəlxalq arenalarda Türkiyəni açıq şəkildə dəstəklədiyini bəyan etmişdir. Yəqin ki, 2014-cü ilin 24 aprelində Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə Prezident İlham Əliyevin türk düşməni Serj Sarkisyanın Türkiyə əleyhinə hədyanlarına cavabını bu gün də hamı yaxşı xatırlayır. O zaman cənab Prezident “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur, ancaq mən buradayam”, cavabını vermişdi. Bəli, vəziyyət tam olaraq belədir. Əgər bir yerdə Azərbaycan varsa, deməli orada türklərin də haqları müdafiə olunacaq və eyni şəkildə, Türkiyə varsa orada Azərbaycanın da haqları müdafiə olunacaq.
      Son belə hal Prezident İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən yaşandı. Prezident, səfirin etimadnaməsini qəbul edərkən bir çox məqama toxundu ki, bunlardan biri də son dövrlərdə Türkiyə-Yunanıstan münasibətləri ilə bağlı oldu. Dövlət başçımız bildirdi ki, Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdə Azərbaycan Türkiyəni dəstəkləyir.
     “Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq.”.
Görüşdə ölkə başçımızın toxunduğu digər məsələ, Yunanıstanın Ermənistanla hərbi əməkdaşlığı məsələsi oldu ki, burda da ölkə başçımız açıq şəkildə bildirdi ki, Ermənistanla hərbi əməkdaşlıq Azərbaycanı narahat edən məsələdir. “Mənim sizinlə qaldırmaq istədiyim, sizin bunu digər mənbələrdən deyil, məndən eşitməyinizi istədiyim ikinci məsələ Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatlığımızdır. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər. Əməkdaşlığın bu üçtərəfli formatı bizi narahat edir. Əlbəttə ki, hər bir ölkə nəyi doğru düşünürsə, onu da edir. Buna görə biz bunu bloklamaq və ya istənilən şəkildə qarşısını almaq mövqeyində deyilik. Lakin hesab edirəm ki, bunun bizi narahat edən məsələ olduğunu məndən eşitməyiniz yaxşıdır və bunun niyə görə baş verdiyini mən izah etdim. Ermənistanın torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Bu da bütün beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb”.
     Ölkə başçısı tərəfindən səsləndirilmiş bu sözlər sadəcə siyasi mesaj deyil, bu sözlər həm də Azərbaycan açıq diplomatiyasına işarə edir. Bizim dövlət başçımız o nadir ölkə rəhbərlərdəndir ki, ikili standartlar siyasətini açıq tənqid etməkdən çəkinmir. Düşünürük ki, dövlət başçısı tərəfindən həmin görüşdə səsləndirilmiş bütün fikirlər ümumən Azərbaycanın mövqeyini, gücünü və beynəlxalq münasibətlər sistemində yerini nümayiş etdirir.
     Sonda bir daha vurğulamaq istərdim ki, bu gün Azərbaycan və Türkiyə arasındakı əlaqələr ən yüksək səviyyədədir. Bu münasibətlər şübhəsiz ki,  bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək.  Ulu Öndər Heydər Əliyevin də dönə-dönə vurğuladığı kimi, “Heç bir qüvvə, heç bir kəs, heç bir ölkə Türkiyə – Azərbaycan dostluğuna mane ola bilməz. Bizim dostluğumuz sarsılmazdır, əbədidir və əbədi olacaqdır”.
Yaşasın Azərbaycan – Türkiyə qardaşlığı.

Rauf Əliyev
Pirallahı rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına
çatmayanların  işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi

Keçidlər