Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət başçısının sənayeləşmə siyasəti uğurla davam etdirilir

16 sentyabr 2020 | 11:00
Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışındakı çıxışı bir çox maraqlı və əhəmiyyətli məqamları ilə diqqət çəkdi. Bütün dünyanın pandemiya ilə mübarizə apardığı və dünya iqtisadiyyatında tənəzzül meyillərinin gücləndiyi bir dövrdə Azərbaycanda bu günki və gələcək inkişafımızı və sabitliyimizi təmin edəcək obyektlərin, sənaye parklarının salınması və genişləndirilməsi prosesi davam edir. Dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, son illərdə tikinti materialları, mədənçıxarma, elektrik enerjisi və digər məhsulların istehsalı, eləcə də emal üzrə yeni sənaye müəssisələri açılıb, mövcud müəssisələrin istehsal gücü artırılıb və bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanılıb. Qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında effektiv mexanizmlər - sənaye parkları və məhəllələrinin təşkili işləri isə davam etdirilir. Belə ki, artıq Sumqayıt, Pirallahı, Balaxanı, Ələt, Mingəçevir, Qaradağ və digər sənaye parkları, habelə Neftçala Sənaye Məhəlləsi istifadəyə verilib, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələrinin təşkili işləri isə davam etdirilir, gələcəkdə digər bölgələrdə də belə sənaye məhəllələrinin salınması planlaşdırılır.
Bugün üzərində duracağımız mövzu Sumqayıt Kimya Sənaye Parkı ilə bağlıdır. Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika mövcuddur. Ümumilikdə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı - təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edib. Hazırda Parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub.
  Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı get-gedə daha da güclənməyə davam edir və bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub. Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Şübhəsiz ki, bu da böyük nailiyyətdir.
Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışındakı çıxışı zamanı Prezident vurğuladı ki, daxili tələbat nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin edilməlidir. Bunda Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Çünki son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu verilməlidir, eyni zamanda, dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ayrılmalıdır ki, idxaldan asılılığı maksimum dərəcədə azalsın. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə - Azərbaycan buna mütləq çalışmalıdır.
Qeyri- neft sektorunun inkişafından danışarkən cənab Prezident vurğuladı ki, tədiyyə balansını müsbət səviyyədə saxlamaq üçün bizə çox keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır, çünki bu gün tədiyyə balansının müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz amilidir. Amma çalışmalıyıq ki, bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldoya malik olaq. Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri mütləq yaradılmalıdır. Burada siqaret fabriki fəaliyyətə başlayıb və artıq statistikada görürük ki, idxaldan asılılıq nə qədər azalıbdır. Bu fabrik işə düşənə qədər daha çox idxaldan asılı idik. İndi 300 milyon manata qənaət edilib. Eyni zamanda, bu fabrikin inkişaf potensialı da var. Çalışmaq lazımdır ki, istehsalat artsın və bu məhsulu ixrac edilsin.
Daha sonra ölkə başçısı qeyd etdi ki, bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Xüsusilə yada salmalıyıq ki, bu ərazidə nələr olub, biz bu qərarı verəndə bu ərazi hansı vəziyyətdə idi. Çürümüş, dağılmış, fəaliyyətini başa vuran müəssisələr, həm ekoloji fəlakət zonası, həm də ki, istifadəsiz qalan torpaqlar idi. İndi isə burada yüzlərlə hektar sahədə sənaye parkı qurulubdur.
Prezident daha bir vacib məsələyə də toxundu. O, vurğuladı ki, xaricdə yaşayan azərbaycanlı iş adamları da gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar. Bütün bu amillər düzgün istiqamətə səfərbər edilsə, onda Azərbaycana investisiya axını dayanmayacaq. Əsas məqsədimiz budur. Xüsusilə dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq.
   Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası yeniliklərə münasibətilə fərqlənir. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq. Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar.
Sonda bir  daha vurğulayaq ki, sənaye parkları və məhəllələrinin tikintisi, sənaye zonalarına yeni rezidentlərin cəlb olunması, digər rayonlarda yeni sənaye parkları və məhəllələrinin yaradılması istiqamətində araşdırmaların və əməli işlərin sürətləndirilməsi gələcəyimiz üçün çox vacib məsələdir. Bu istiqamətdə görülən hər iş ölkəmizin neft sektorundan asılılığının azalmasına dəstək olaraq Azərbaycanın gələcəyinə sərmaye qoyur.

Xeyrulla Ağayev
“Neft Daşları” qəzetinin baş redaktoru

Keçidlər