Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Bizim bir şərtimiz var - onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar!”

23 sentyabr 2020 | 11:00
19 Sentyabr 2020-ci il tarixdə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına geniş müsahibə vermişdir. Müsahibədə ölkə başçımız Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin qəti və dönməz mövqeyini bir daha ortaya qoydu.
İlk öncə problemin tarixi aspektlərinə toxunan cənab Prezident Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amilinin uzun illər ermənilərin separatçı hərəkətlərini reallaşdırmağa imkan vermədiyini bildirmiş və yalnız Ulu Öndər Siyasi Bürodan uzaqlaşdırıldıqdan sonra ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdıqlarını vurğulamışdır.
Şər imperiyası sayılan Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildiyini deyən İlham Əliyev, Azərbaycan xalqının cəlladı Qorbaçov və onun ermənilərdən ibarət yaxın ətrafının ölkəmizə qarşı nifrətlə yaşadığını da qeyd etmişdir. Dağlıq Qarabağda xüsusi komitənin yaradılması və o komitəyə Qorbaçovun köməkçisi Volskinin təyin edilməsi Qarabağın Azərbaycandan qoparılma planı idi.
Ermənipərəst Volskinin vaxtında ölkəmizdə ilk etnik təmizləmə siyasəti aparılmış, azərbaycanlılar Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarılmış, ilk olaraq Xankəndindən qovulmuşlar. Ermənilər sovetlərdən qalma cəbbəxana hesabına dişinə-dırnağınadək silahlandırıldığı halda azərbaycanlıların ov tüfəngəri belə əllərindən alınmışdı. Volski bu mənfur fəaliyyəti müqabilində erməni lobbisi tərəfindən, əlbəttə ki, yaxşı “mükafatlandırılmışdı” və dinc azərbaycanlıların qanı hesabına sərmayələr toplamış bu cəlladın sonradan Rusiya Sahibkarlar İttifaqının rəhbərliyinə gətirilməsi heç də təsadüfi bir hadisə deyildi. Eyni zamanda mərkəzi hakimiyyətin cinayətkar siyasətini dəstəkləyən Azərbaycanın o zamankı rəhbərliyinin xalqa xəyanətini də xüsusi qeyd etmək lazımdır. Bundan başqa Sovet İttifaqının 366-cı alayının azərbaycanlılara qarşı etnik təmizləmə cinayətlərində, Xocalı soyqırımında, torpaqlarımızın işğal altına düşməsində həlledici rol oynaması da vurğulanmalıdır.
Çıxışında daha sonra Ermənistanın hazırkı rəhbərliyinin fəaliyyətinə də toxunan ölkə başçısı burada da vacib açıqlamalar verdi. Ölkə başçısı bildirdi ki, Ermənistanın bugünkü rəhbərliyi ölkəni uçuruma aparır. Ermənistanın indiki rəhbərliyi məsuliyyətsizdir, addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir.
Ölkə başçısı çıxışında Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəldiyi dövrdəki və indiki fəaliyyəti haqqında da nəzərə çarpacaq fikirlər səsləndirdi.
Hər kəsin yaxşı yadındadır - iki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Çünki Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi. Cənab Prezident əvvəlki çıxışlarında da bu terrorçu-faşist cütlüyünün Qarabağda qanlı cinayətlərini dəfələrlə ifşa etmişdi.
İqtidara gələn Paşinyan hakimiyyəti Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərmiş, yalvarmış, vaxt istəmişdi. Daha sonra Paşinyan Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş etmişdi. Paşinyan Ermənistanda daxili vəziyyətin ağır olmasını, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq, danışıqlar prosesini pozmaq istəmələrini, özünün isə danışıqlara meyilli olmasını, məsələni həll etmək istəməsini demiş, atəşkəs rejiminin möhkəmlənməsini xahiş etmişdi. İşğaçı Ermənistandakı hakimiyyət dəyişikliyi Minsk qrupunun həmsədrlərində də müsbət ümidlər yaratmış, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr səsləndirilmişdi. Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirilsə də, Azərbaycan yeni hakimiyyətə qarşı keçmiş xuntanın revanşına yol verməmək üçün bundan PR məqsədilə istifadə etməmişdi. Bəs əvəzində Ermənistan nə etdi? İyulda Tovuz istiqamətində alçaq təxribat törətdi və ağır zərbə adı. İndi Ermənistan o məğlubiyyəti qələbə kimi qələmə verməyə çalışır. Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər Ermənistanın heç bir qələbə qazanmadığını təsdiqləyir. Bu qələbədirsə, onda Ermənistan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edir?!
Azərbaycan Prezidenti deyir: “Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır.” Və davam edir: “Müstəqillik Ermənistanda formal xarakter daşıyır. Bu necə müstəqil ölkədir ki, öz qərarını qəbul edə bilmir?!”
Paşinyanın Soros rejiminin məhsulu olduğunu söyləyən İlham Əliyev qeyd edir ki, bu gün Ermənistanda söz sahibi Sorosdur. Paşinyanın hakimiyyət komandasının bütün üzvləri ya Soros Fondundan, ya “Transperensy”dən, ya da ki, o biri insan hüquqları təşkilatlarındandır. Ona görə də bəzi beynəlxalq QHT-lər bu gün Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumurlar. Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölüb, heç bir təşkilat məsələ qaldırmayıb. Təcavüzkar Ermənistanda iki keçmiş prezident sırf siyasi fəaliyyətlərinə görə məsuliyyətə cəlb edilib, buna göz yumulur. Əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb, buna heç bir reaksiya vermirlər. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susurlar? “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” niyə susur? Halbuki bu təşkilatların Azərbaycana qarşı ikili standartlardan çıxış etməsi faktları yetərincədir.
Çıxışının davamında cənab İlham Əliyev mənfur xislətli, riyakar Paşinyanın təxribatlarını bir-bir sadalayır:
Birinci təxribat. Ermənistanla faktiki olaraq danışıqlar getmir. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir.
İkinci təxribat. Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz. Təqdirəlayiq haldır ki, Minsk qrupunun həmsədrləri də Ermənistan tərəfinə bu kimi açıqlamaların ziyanlı olmasını bildirmişlər.
Üçüncü təxribat. Ermənistanın işğal edilmiş torpaqlarda məskunlaşdırma aparması bütün beynəlxalq konvensiyalara ziddir, qanunsuzdur, cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Azərbaycanı təxribata çəkirlər. ATƏT-in faktaraşdırıcı missiyaları sonuncu dəfə 2005-2010-cu illərdə Azərbaycanın ciddi təhriki ilə işğal edilmiş ərazilərdə olmuş, Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı onların hesabatlarında öz əksini tapmışdır.  Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud pozulmasıdır. Beynəlxalq qurumlar yeni cinayətkar məskunlaşdırma faktlarına biganə qalmamalıdırlar, bu biganəlik ikili standartların yeni, özü də çox eybəcər formada təzahürüdür.
Dördüncü təxribat. Qədim tarixi şəhərimiz Şuşada qondarma rejimin dırnaqarası rəhbərinin guya andiçmə mərasiminin keçirilməsi növbəti təxribat, açıq təhqirdir.
Beşinci təxribat. Düşmən tərəfinin hansısa komediya tipli təlimlər keçirilməsi açıq təxribatdır.
Altıncı təxribat. İyul hadisələri açıq silahlı təxribatdır. Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi açıq bildirib ki, atəşkəsi Ermənistan tərəfi pozub. İyul təxribatından sonra avqust ayında mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərilib və o diversiya qrupunun başçısı tutulub. Məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır.
Azərbaycan Prezidenti bir daha qeyd edir ki, belə təxribatlar olduğu üçün danışıqlar haqda danışmaq məsuliyyətsizlikdir: “Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir.”
Aydındır ki, Azərbaycan danışıqlardan imtina etmir, ancaq Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmir. Cənab İlham Əliyev bir daha vurğulayır: “Biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik…... Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir. Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur.”
Azərbaycan Prezidenti bəyan edir ki, bizim bir şərtimiz var - onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, bu tələb BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır.
Son reallıqlar isə ondan ibarətdir ki, Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır. Dünya ictimaiyyəti unutmamalıdır ki, Ermənistan təcavüzkar dövlətdir, Ermənistan terrorizmə sponsorluq edən ölkədir, Ermənistan bizim üçün daim təhlükə mənbəyidir.
Bu arada Ermənistan daha təhlükəli bir oyuna da baş vurub, işğal altında olan ərazilərə PKK terrorçuları gətirilir - bu barədə “Cairo24” nəşri məlumat yayıb. “Qazeta.ru”nun məlumatına görə isə PKK terrorçuları Qarabağa İran ərazisindən keçirilməklə, İraqdakı iranyönümlü “Bədr” və “Hizbullah” qruplaşmalarının və Fransa kəşfiyyatının köməyilə ötürülür.
Vəziyyət belə davam edərsə, Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək, - deyir Cənab İlham Əliyev və əlavə edir: - Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur… Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq.
Qeyd edək ki, bizə qarşı rəğbəti ilə seçilməyən “Moskovski komsomolets” qəzeti Prezident İlham Əliyevin Ermənistanın müharibəyə hazırlaşması, Azərbaycan tərəfində bu barədə ciddi kəşfiyyat məlumatlarının olması barədə fikirlərini tirajlayıb. Qəzet, ölkə başçısının fikirlərini işıqlandırarkən yazmışdır, Azərbaycanın Ermənistanda heç bir məqsədi yoxdur lakin təxribat davam edirsə, siyasətə yenidən baxılacaq.
Çox təəssüf ki, Tovuz döyüşləri vaxtı işğalçı Ermənistana silah göndərənlər oldu. Mətbuata müsahibə zamanı sualları cavablandıran Azərbaycan Prezidenti mövcud problem, sual, narahatlıqlar haqqında xalqa və müttəfiqlərinə açıq mesajlar verdi: “Serbiya və Rusiya prezidentləri ilə də mənim telefon söhbətim oldu və mən narahatlığımı ifadə etdim. Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi. Ona görə mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm.”
Çıxışında Gürcüstana təşəkkür edən ölkə başçımız Gürcüstanla bağlı vacib fikirlər səsləndirdi. Ölkə başçısı bildirdi ki, işğalçı Ermənistanda və qonşu Gürcüstanda yaşayan, bir çox hallarda gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar. Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də dünya erməniliyidir. Onların əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır. Amma buna nail olmayacaqlar.
Gürcüstanda yaşayan bəzi yerli ermənilər Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Onlar separatizmə meyil göstərirlər. Azərbaycan hər zaman Gürcüstanın yanında olub. Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olubdur. Ermənistan isə BMT və digər beynəlxalq təşkilatlarda həmişə Gürcüstana zərər vurmağa çalışıb, əksinə səs verib. Ərazi bütövlüyü məsələlərində həmişə Gürcüstanın əleyhinə olub.
Ölkə başçısının toxunduğu digər vacib məsələ son vaxtlar Ermənistanın müsəlman ölkələrində diplomatik fəallığı ilə bağlı oldu. Məlumdur ki, Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəal olmuşdur, bununla yanaşı Prezidentin həyata keçirdiyi xarici siyasət istiqamətlərində, çıxışlarında əsas prioritetlərdən biri daim müsəlman ölkələri ilə əlaqələrdir. Azərbaycan islamofobiyaya qarşı mübarizədə daim fəaldır, ölkəmizdə islam həmrəyliyi ilə bağlı bir çox tədbirlər keçirilmişdir, İSESKO-da, İƏT-də fəal iş aparılır. Azərbaycan Prezidentinin beynəlxalq tribunalardan etdiyi müvafiq çıxışlar İslam ölkələrində daim rəğbətlə qarşılanır. Təsadüfi deyil ki, Azərbaycanı BMT-də ən çox dəstəkləyən də elə müsəlman ölkələridir. İƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqe sərgiləyir. Müsəlman ölkələri bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib. Dini tarixi abidələr dağıdılıb, müsəlman müqəddəsləri təhqir edilib. Azərbaycan Prezidenti deyir ki, hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirsin.
Unutmaq olmaz ki, Ermənistanda islamofobiya dövlət siyasətidir, onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər. İqtisadiyyatı çökən, bazarı məhdud, əhalisi azalan, hər hansı bir investisiya üçün cəlbedici olmayan Ermənistan uğursuz, miskin, çökən bir dövlətdir. Müsəlman ölkələrinin burada hansı marağı ola bilər?!
Bunun əksinə, Tovuz hadisələri bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, növbəti Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürü idi. Cənab İlham Əliyev söyləyir: - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha təşəkkürümü bildirmək istəyirəm. Biz də həmişə Türkiyənin yanındayıq və bütün məsələlərdə Türkiyənin yanında olacağıq. Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir.
Yaşadığımız şəraitin tələblərinə uyğun olaraq son illər ərzində Türkiyə-Azərbaycan birgə hərbi təlimlərin sayı ciddi şəkildə artmışdır. Bu təlimlər həm Azərbaycan, həm də Türkiyəyə lazımdır, regional sabitliyə lazımdır. Çünki Ermənistan regional sabitlik üçün təhdiddir.
Naxçıvanda keçirilmiş təlimləri və təlimlərin birində Türkiyənin Müdafiə nazirinin iştirakını yada salan Cənab İlham Əliyev ironiya ilə deyir: - Bəli, bu, Tovuz hadisələrinə təsadüf edib. Bu, təsadüfidir, ya təsadüfi deyil – qoy Ermənistan özü baş çıxarsın, bu onun problemidir. Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Bunu onlar bilirlər, psixoloji stress keçirirlər, müxtəlif qapıları döyüb yardım istəyirlər. Qardaş Türkiyə ilə Azərbaycanın sıx əlaqələri bundan sonra da “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcək.
Azərbaycan Prezidenti bir daha bəyan etdi ki, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. 1990-cı illərin əvvəllərində, o vaxt Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti, satqınlığı nəticəsində biz Dağlıq Qarabağı müvəqqəti olaraq itirdik. Biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik.
Xain, mənfur düşmən tərəfindən dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik, deyən Prezident İlham Əliyev xüsusi vurğuladı ki, biz küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl tarixi adlarını qaytaracağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Prezident İlham Əliyevin bu müsahibəsi yaxın və uzaq xaricdə, xüsusən Türkiyə və Rusiya mətbuatında geniş rezonans doğurmuş, işğalçı Ermənistana ciddi mesaj kimi qəbul edilmişdir. Son müsahibə Azərbaycan Prezidentinin ölkənin və bölgənin geosiyasi mövqeyi, diplomatiya, demoqrafik reallıqlar, iqtisadiyyat, ekologiya, sosial rifah haqqında çağdaş və tarixi aspektdən dərin bilgilər, olduqca aydın və geniş dünyagörüşü, vizion sahibi olmasını xüsusi qabartdı. Cənab Prezidentin analitik fikirlər, dərin mənalı müddəalar, sağlam məntiqlə irəli sürülmüş tezislərlə zəngin olan müsahibəsinin nəinki siyasətçilər, politoloqlar, gənclər üçün, eləcə də yeni nəsillər üçün strateji proqram mahiyyətli bir sənəd olması xüsusi vurğulanmalıdır.

İlqar Məmmədli,
tarixçi-jurnalist

Keçidlər