Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının dönməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində bütün şəhər və kəndlərimiz qaytarılacaqdır

20 oktyabr 2020 | 11:00
Hazırda düşməni yerinə oturdan ordumuz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində həyata keçirdiyi əməliyyatları uğurla davam etdirir. Ali Baş Komandanın qətiyyətli iradəsindən, xalqımızın möhtəşəm dəstəyindən ilhamlanan Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vurur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komanda¬nı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə, eləcə də müstəqilliyimizin, suverenliyimizin qaran¬tı olan ordumuzun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, mad¬di-texniki təchizatının yaxşılaşdırılması yönündə önəmli addımlar atıb. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır.
Birinci Qarabağ müharibəsindən etibarən Azərbaycanın və Azərbaycan Ordusunun inkişafı göz qabağındadır. Belə demək mümkündür ki, fərq müqayisə edilməyəcək qədərdir.  Ermənistan isə I Qarabağ müharibəsində olduğu kimi indi də öz faşist mahiyyətini dəyişə bilməyib. İşğalçı Ermənistan və onun cinayətkar ruhlu rəhbərliyi özlərinin terrorçu, qeyri-insani və vəhşi xarakterli vərdişlərini heç cürə tərk edə bilmir. Bunun nəticəsidir ki, bugün açıq döyüş meydanında Ermənistan özünün gücsüzlüyünü və acizliyini bir daha dərk etdikdən sonra yenidən terrora əl atmaqdadır. 4, 11 və 17 oktyabr tarixlərində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin, bununla yanaşı müxtəlif vaxtlarda Tərtərin, Ağdamın, Bərdənin Mingəçevirin, Goranboyun raket zərbələrinə məruz qalması nəticəsində xeyli sayda mülki insan yaralanmış və həlak olmuşdur. Bütün bunlar müharibə cinayətidir və Ermənistan faşist mahiyyətinin əyani təzahürüdür.
Dövlətimizin başçısı İlham Əliyev oktyabrın 17-də Gəncəyə Ermənistanın ballistik raketlə hücumundan saatlar sonra xalqa müraciət edib. Müraciətdə ölkə başçımız ilk öncə öz ölkəsini bataqlığa aparan cinayətkar Ermənistan hakimiyyəti haqqında fikirlərini səsləndirmişdir: “Ermənistanın rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır. Ermənistanın faşist rəhbərliyinin hərbi cinayəti sivil dünyanın qəzəbinə səbəb olmalıdır. Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulması nəticəsində mülki əhali həlak olub, yaralanıb. Dünya bir daha Ermənistan rəhbərliyinin namərd və faşist əməllərinin şahidi oldu. Bütün sivil dünya qüvvələri rəsmi Yerevanın Azərbaycanda mülki əhaliyə qarşı insanlığa sıxışmayan əməllərin şahididir. Oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutub. Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itkisinə səbəb olub: 14 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 55 dən çox insan ciddi yaralanıb. Baş verənlər Azərbaycana, ümumbəşəri dəyərlərə və insanlığa qarşı cinayətdir”.
Cənab Prezident  Ermənistan dövlətinin Cenevrə Konvensiyasına zidd əməllər törətməsi barədə də fikirlərini bildirmişdir: Rəsmi Yerevan Cenevrə Konvensiyasına zidd əməllər törədir. Şuşaya və Qarabağın digər şəhərlərinə Livandan, habelə başqa ölkələrdən ermənilərin gətirilməsi və məskunlaşdırması hərbi cinayətdir, habelə Cenevrə Konvensiyasına ziddir.
Ölkə başçısının çıxışında toxunduğu məsələlərdən biri də, Ermənistanın mövcud iqtisadi şəraitində böyük sayda silah-sursat almasının mümkünlüyü ilə bağlı oldu. Çünki aydındır ki, Ermənistan hazırda bankrot vəziyyətdədir amma buna baxmayaraq mənfur qonşumuza fasiləsiz olaraq silah-sursat daşınır. Ölkə başçısı vurğulamışdır ki, bank rezervlərində valyuta ehtiyatları cəmi 1,5 milyard dollar təşkil edən Ermənistanda, habelə xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil etdiyi halda müharibəni aparmaq üçün silah və texnikanı hansı yollar ilə əldə etməkləri böyük suallar doğurur. Azərbaycan xalqının bu açıq qalmış suallara cavab tələb etməyə haqqı var.
Daha sonra Ermənistanın əhalisinin dövləti və dövlətçiliyi bataqlığa aparan kriminal hakimiyyətə qarşı çıxmalı olduğunu vurğulayan cənab İlham Əliyev hazırda Ermənistanda hərbi komissarlıqlarda təşkil olunan mitinqlərin erməni xalqının da həqiqəti dərk etdiyini və bu cinayətdə iştirak etmək istəmədiyini göstərdiyini bildirdi. Erməni xalqı öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcəkdir.
Möhtərəm Prezident nitqinin davamında Azərbaycan Ordusunun 17 oktyabr tarixinə işğaldan azad etdiyi ərazilərimizi tək-tək sadaladı. 17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri işğalçılardan azad edilib. Və qeyd etdi ki, Füzuli böyük qələbənin müjdəsidir. Füzuli əməliyyatı rəmzi məna daşıyır. Füzuli qədim yaşayış məskənimizdir, onun qaytarılması minlərlə insanın o yerlərə qayıtması deməkdir. Strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması yeni strateji üstünlükləri bəxş edir.
Aparılan döyüşlər ordumuzun qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindəndir. Füzuli uğrunda ağır döyüşlər haqqında kitablar və əsərlər yazılacaq. Böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq nümayiş etdirmiş ordumuz haqqı bərpa edir. Azərbaycan ordusu hətta mümkünsüz hesab olunan vəzifələrin öhdəsindən gəlir. Müzəffər Azərbaycan ordusu şərəfli missiyanın öhdəsindən gələ bilir. Qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edilməsi böyük qələbəni xalqa daha da yaxın etdi. Azərbaycan ordusu döyüş meydanında tam üstünlüyə malikdir. Strateji məntəqə və yüksəklikləri əldən edən Azərbaycan ordusu Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilib. Ötən günlər ərzində məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti təqribən 2 milyard dollar səviyyəsindədir.
Müzəffər Azərbaycan ordusu öz məqsədinə çatır və çatacaqdır. Azərbaycan Respublikasının Prezidenti, Ali  Baş Komandan  İlham Əliyev cənablarının rəhbərliyi ilə  tezliklə işğal altında olan bütün torpaqlar  Şanlı Ordumuz tərəfindən işğaldan azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz. Cənab  Prezident müraciətində bildirmişdir ki, “Xalq və rəşadətli ordu öz qələbə salnaməsini yazır. Azərbaycan ordusu öz xilaskar missiyasını yerinə yetirir. Qarabağa sülh həyatı qaytarılacaqdır. Azərbaycan xalqının dönməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində bütün şəhər və kəndlərimiz qaytarılacaqdır. Azərbaycan hökuməti dağıdılmış şəhərləri yenidən quracaq və abadlaşdıracaqdır. Məscidlərdə azan səsi eşidiləcəkdir. İşğaldan azad olunmuş bütün ərazilərdə məscidlər bərpa olunacaq və oralardan azan səsi eşidiləcək. Bu şərəfli missiyadır və ordumuz bu missiyanın öhdəsindən mütləq gələcəkdir. - Haqlı olan Azərbaycan ordusu öz döyüş gücünü göstərir. Haqlı olan Azərbaycan ordusu öz torpaqlarında vuruşur. Xalqın savaşı müqəddəs savaşdır! Ordumuz öz gücünü döyüş meydanında göstərir. Haqq mübarizəsini aparan xalq xoşbəxtdir. Torpaqlarımızın işğaldan azad olunan hər bir gün xalqa xoşbəxt hisslər bəxş edir. Azərbaycan böyük qələbəyə qədər öz zəfər marşını davam edəcəkdir”.
Beləliklə, Ali Baş Komandanın tapşırıqlarını şərəflə yerinə yetirən silahlı qüvvələrimiz də tarixi zəfər yolunda inamla irəliləyir. Düşməni işğal altında olan torpaqlarımızdan təmizləmək əmrini icra edən ordumuz xalqımızı yeni-yeni qələbələrlə sevindirir. Azərbaycan hökuməti hər zaman olduğu kimi, bu gün də vətəndaşlarına arxalanır: hadisələrin gedişatı ilə bağlı xalqa daim rəsmi məlumat verilir, ordumuzun nailiyyətləri dərhal xalqın diqqətinə çatdırılır. Bu, bir daha sübut edir ki, xalq öz ordusuna etibar edir və onun ordu ilə birliyi sarsılmazdır. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də təxribatlar zamanı öz evlərini tərk etməməsi Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamdan xəbər verir. Bu gün Azərbaycan bütün dünyaya güclü dövlət və güclü ordusunun olduğunu nümayiş etdirir.
Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti, xalqımızın iradəsi, Silahlı Qüvvələrimizin gücü, qüdrəti sayəsində bütün işğal altında olan torpaqlarımızın azad olacağına, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağına əminik. O gün uzada deyil. Qələbə müjdəli əsgərlərimizin döyüş ruhu yüksəkdir. Təbii ki, bu uğurlar möhkəm təmələ, dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinə, tarixi həqiqətlərə və real faktlara  əsaslanır. Azərbaycan bir qarış torpağını belə düşmənə verməyəcək.

Məmləkət Qaraçobanova
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər