Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Azərbaycan ordusu öz xilaskar missiyasını yerinə yetirir!

21 oktyabr 2020 | 11:00

Oktyabr ayının 17-də xalqa müraciət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha öz ölkəsini bataqlığa sürükləyən cinayətkar Ermənistan hakimiyyətinin murdar simasını açıb göstərdi. Ermənistanın terroru dövlət siyasətinə çevirmiş rəhbərliyi insanlıq əleyhinə törətdiyi cinayətlərə görə mütləq məsuliyyətə cəlb olunmalıdır. Qəsbkar Ermənistanın faşist rəhbərliyinin hərbi cinayətləri sivil dünyanın qəzəbinə səbəb olmalıdır. Döyüş bölgəsindən xeyli uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərlərinin ballistik raket atəşinə tutulması nəticəsində mülki əhali həlak olub, onlarla insan yaralanıb.
   Bu günlərdə tərəqqipərvər dünya ictimaiyyəti bir daha Ermənistan rəhbərliyinin namərd və faşist əməllərinin şahidi oldu. Bütün sivil dünya rəsmi Yerevanın Azərbaycanda mülki əhaliyə qarşı insanlığa sığmayan əməllərin şahididir. Oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutub. Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itkisinə səbəb olub: 14 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 55 dən çox insan ağır yaralanıb. Baş verənlər Azərbaycana, ümumbəşəri dəyərlərə və insanlığa qarşı cinayətdir.
İşğalçı ölkə 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasına zidd əməllər törədir. Şuşaya və Qarabağın digər şəhərlərinə Livandan, habelə başqa ölkələrdən ermənilərin gətirilməsi və məskunlaşdırması hərbi cinayətdir, habelə Cenevrə Konvensiyasına ziddir. İşğaldan azad olunan ərazilər erməni vandalizminin şahididir. 30 il ərzində erməni vəhşilərinin əlində qalmış yaşayış məkanlarımız amansızcasına qarət edilib, dağıdılıb. Bütün binalar və dini abidələrimiz vəhşicəsinə sökülüb.
Ölkə başçısının çıxışında vurğuladığı məqamladan biri də təcavüzkar siyasət yeridən və nəticədə bankrot ölkə olan Ermənistanda böyük sayda silah-sursatın mövcudluğu barədə oldu. Cənab Prezident bildirdi ki, bu, dünya ictimaiyyətini düşündürməlidir. Bank rezervlərində valyuta ehtiyatları cəmi 1,5 milyard dollar təşkil edən Ermənistanda, habelə xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil etdiyi halda bu canilərin müharibəni aparmaq üçün silah və texnikanı hansı yollarla əldə etməkləri böyük suallar doğurur.
Azərbaycan Prezidentinin toxunduğu digər çox vacib məsələ erməni xalqına olan müraciəti oldu. Prezident İlham Əliyev bildirdi ki, uzun illərdir hərbi xuntanın girovuna çevrilmiş Ermənistan əhalisi dövləti və dövlətçiliyi bataqlığa aparan kriminal hakimiyyətə qarşı çıxmalıdır. İnsan kimi yaşamaq hüququ olan, əvəzində ac-yalavac bomjlara çevrilən Ermənistan əhalisi kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməlidir. Ermənistanda hərbi komissarlıqlarda təşkil olunan mitinqlər onu deməyə əsas verir ki, onlar həqiqəti dərk ediblər və artıq bu cinayətdə iştirak etmək istəmirlər. Erməni xalqı öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcəkdir.
Sentyabrın 27-dən başlanan Azərbaycan ordusunun qələbə salnaməsini isə igid Vətən oğulları əfi ilanın başını əzməklə, alçaq düşməni iti qovan kimi qovmaqla yazırlar. Azad edilən Füzuli böyük qələbənin müjdəsidir. Füzuli əməliyyatı rəmzi məna daşıyır. Füzuli qədim yaşayış məskənimizdir, onun qaytarılması minlərlə insanın o yerlərə qayıtması deməkdir. Strateji nöqteyi-nəzərdən Füzuli şəhərinin alınmasının böyük əhəmiyyəti vardır, təmas xəttində yerləşən bir neçə müdafiə xətti yarılmış və bu ordumuza yeni strateji üstünlükləri bəxş etmişdir.
  Qarşı tərəfdə isə qorxudan öz silahlarını yerə qoyub qaçan cılız erməni əsgərini görürük. Prezidenti İlham Əliyev Azərbaycan ordusu tərəfindən məhv edilmiş Ermənistan texnikasının bir hissəsinin siyahısını təqdim etmişdir: tank – 234 ədəd məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb, piyadaların döyüş maşını – 49-u məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb, özüyeriyən artilleriya qurğusu 16 ədəd məhv edilib, müxtəlifçaplı toplar 190, “Uraqan” sistemi 2, TOS odsaçan 1, əməliyyat taktiki raket kompleksi “Elbrus” 2, “Toçka-U” 1, OSA zenit raket kompleksi 35, TOR zenit-raket kompleksi 3, KUB və “Kruq” zenit raket kompleksi 5, radioelektron mübarizə sistemləri 9, S-300 zenit raket kompleksi 2, yük avtomobilləri 196-sı məhv edilib, 98-i qənimət kimi götürülüb.
Doğma Qarabağımızın azadlığı uğrunda aparılan döyüşlər ordumuzun qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindəndir, - deyir Prezidenti İlham Əliyev. Füzuli uğrunda ağır döyüşlər haqqında kitablar və əsərlər yazılacaq. Böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq nümayiş etdirmiş ordumuz əslində Azərbaycan xalqının mənfur qonşular tərəfindən oğurlanmış haqqını bərpa edir. Azərbaycan ordusu hətta mümkünsüz hesab olunan vəzifələrin öhdəsindən gəlir. Müzəffər Azərbaycan ordusu şərəfli missiyanın öhdəsindən layiqincə gələ bilir. Qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edilməsi böyük qələbəni xalqa daha da yaxın etdi.
Bu gün Azərbaycan ordusu döyüş meydanında tam üstünlüyə malikdir. Strateji məntəqə və yüksəklikləri əldə edən Azərbaycan ordusu Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilib. Ötən günlər ərzində məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti təqribən 2 milyard dollar səviyyəsindədir.
Qarabağın istiqlalı, əziz Vətən torpağının yağı düşmən tapdağından azad edilməsindən ibarət xilaskarlıq missiyası davam edir. Xalq və rəşadətli ordu əbədiyaşar Prezidentinin, müdrik Ali Baş Komandanının rəhbərliyi ilə öz qələbə salnaməsini yazır. Azərbaycan ordusu öz xilaskar missiyasını yerinə yetirir: 17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri işğalçılardan azad edilib.
Xeyrin şər üzərində qələbəsi uzaqda deyil. Nəticədə Qarabağa sülh qaytarılacaqdır, onun hər guşəsində həyat qaynayacaqdır. Azərbaycan xalqının dönməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində bütün şəhər və kəndlərimiz qaytarılacaqdır. Azərbaycan hökuməti dağıdılmış şəhərləri yenidən quracaq və abadlaşdıracaqdır. Məscidlərdə azan səsi eşidiləcəkdir. İşğaldan azad olunmuş bütün ərazilərdə məscidlər bərpa olunacaq və oralardan azan səsi ucalacaqdır. Bu şərəfli missiyadır və ordumuz bu missiyanın öhdəsindən mütləq gələcəkdir.
Tarixi, siyasi, mənəvi cəhətdən haqlı olan Azərbaycan ordusu öz döyüş gücünü göstərir. Haqlı olan Azərbaycan ordusu öz torpaqlarında vuruşur. Xalqın savaşı müqəddəs savaşdır! Ordumuz öz gücünü döyüş meydanında göstərir. Haqq mübarizəsini aparan xalq xoşbəxtdir. Torpaqlarımızın işğaldan azad olunacağı hər bir gün xalqa xoşbəxtlik hissləri bəxş edir. Azərbaycan böyük qələbəyə qədər öz zəfər marşını davam edəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğulayır: Azərbaycan xalqının haqq iradəsi dönməzdir. Bütün Azərbaycan xalqı dövlətimizin ən parlaq səhifəsini yazır. Azərbaycanda yaşanan həmrəylik, qarşılıqlı dəstək, birlik və ordumuzun qəhrəmanlığı bu şanlı tarixin səbəbidir. Xalqımız öz doğma dədə-baba torpaqlarını işğalçılardan azad edir. Məqsədimiz qələbədir. Müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir.Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz.
Bütün dünya, ilk növbədə mənfur düşmən bilsin və başa düşsün ki, dövlətin milli maraqları mütləq təmin olunacaqdır. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin peşəkarlığı sayəsində xalqımızın milli maraqları qorunacaqdır. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq bizim iradəmizə təsir edə bilməz.
Artıq hamıya aydındır ki. Azərbaycan Ermənistanın namərd əməllərinə döyüş meydanında cavab verir. Azərbaycan məsuliyyətli ölkə olaraq düşmənin qisasını mülkü əhalidən çıxmır. Öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açan qəsbkar Ermənistan dünyada sülhün düşmənidir. Bu cür əməllərinə görə Ermənistan rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, bu bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Rəsmi İrəvanın faşist əməllərinə göz yuman qüvvələr əslində məsuliyyəti onlarla bölüşmüş olurlar.
“Dünya, bəşəriyyət yeni dəyişikliklər axtarışındadır. İkili standartlardan uzaq, bütün insanların bərabərliyinə dayanan dünyanın qurulması lazımdır”, - bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib və davam edib: - “Ancaq bilsinlər ki, nə Azərbaycan 30 il əvvəlki Azərbaycandır, nə Türkiyə, nə də dünya 30 il öncəki dünyadır. Biz birlikdə səsimizin nə qədər gur olduğunu dünyaya bəyan edəcəyik. Biz hər zaman haqdan, həqiqətdən, sülhdən yanayıq. Biz Azərbaycanı dəstəkləyəcəyik. Biz zəfərə qədər Azərbaycan necə istəyirsə, o cür də Azərbaycanın yanında olacağıq. Üçrəngli bayraq Qarabağda dalğalanacaq. Qarabağ Azərbaycandır!”


İLQAR MƏMMƏDLİ,
Dövlətqaçqınkomun Pirallahı rayon sektorunun müdiri

Keçidlər