Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşadətli Azərbaycan ordusu qarşısında diz çökən işğalçı erməni ordusu artıq məğlubiyyətlə barışmalıdır

23 oktyabr 2020 | 11:00
Azərbaycan xalqının Vətən müharibəsinin davam etdiyi, Azərbaycan ordusunun qələbə salnaməsinin yazıldığı bu günlərdə - oktyabr ayının 20-də Prezident İlham Əliyev növbəti dəfə xalqa müraciət etdi. Dövlətimizi, millətimizi böyük zəfərə doğru inamla aparan Ali Baş Komandanımız bir daha bəyan etdi ki, Azərbaycan ordusunun qələbə marşı davam edir.
Bildirildi ki, 20 oktyabr tarixində Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib. O cümlədən: Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri; Cəbrayıl rayonunun Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri; Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng (Çinarlı) kəndləri; Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad olunublar.
Eyni zamanda Vəng kəndinin adının bu gündən dəyişdirilərək Çinarlı qoyduğunu elan edən Prezident İlham Əliyev mənfur düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikasını da sadaladı. Beləliklə, düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb - toplam 280 tank. Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb. Özüyeriyən 17 artilleriya qurğusu, 198 top, 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 “Qrad” qurğusu məhv edilib. İki “Uraqan”, iki “YARS” məhv edilib. Bir TOS məhv edilib. Dörd “S-300” zenit-raket kompleksi məhv edilib. Üç TOR zenit-raket kompleksi məhv edilib. Qırxa yaxın OSA zenit-raket kompleksi məhv edilib. Beş KUB və KRUQ zenit-raket kompleksi məhv edilib. Altı pilotsuz uçuş aparatı, iki əməliyyat-taktiki raket kompleksi - “Elbrus”, bir ballistik raket, bir “Toçka-U” raketi, səkkiz radioelektron mübarizə vasitəsi məhv edilib. 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yük avtomobilləri idi. 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb.
Şanlı Azərbaycan ordusu təcavüzkar Ermənistana onların layiq olduğu yeri göstərir. Rəşadətli Azərbaycan ordusunun qarşısında diz çökən işğalçı erməni ordusu artıq məğlubiyyətlə barışmalıdır. Hər gün Azərbaycan bayrağı işğaldan azad olunmuş yeni-yeni yaşayış məntəqələrində ucaldılır. Ermənistanın faşist ordusu ilə təkbaşına vuruşan Azərbaycan əsgəri artıq onun belini qırıb. Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri düşmən ordusuna dərs verir. Erməni mifləri dağılır və yalanları ifşa olunur.
Döyüş meydanında Azərbaycanın üstünlüyü artıq heç kimə sirr deyil, bunu hay dığaların müdafiə nazirliyi də etiraf edir. Haqq yolunda vuruşan Azərbaycan ordusu tam üstünlüyə malikdir. Ermənistan ordusu hələ nə qədər gec deyil bu həqiqəti qəbul etməli və bəyanat verməlidir ki, işğal edilmiş torpaqları azad edir.
İşğalçı düşmənin faşist ordusu hələ də namərd əməllərindən əl çəkmir. Uzun illər ərzində etnik terrora məruz qalmış Azərbaycan xalqı isə bu gün öz haqqını bərpa edir. Azərbaycanlılara qarşı etnik təmizləmə aparmaq, azərbaycanlılara qarşı soyqırımı, qətliamlar törətmək, vətəndaşlarımızı doğma torpaqdan didərgin salmaq insani əxlaqa, qanuna, beynəlxalq hüquqa ziddir.
Alçaq xislətli düşmən ordusunun insanlığa qarşı cinayətləri, namərd əməlləri çox təəssüf ki, dünya ictimaiyyəti tərəfindən öz layiqli qiymətini hələ də tam almır. Dinc mülki əhaliyə qarşı atəşin açılması namərdlikdir və hərbi cinayətdir. Namərd zərbələr nəticəsində dinc əhali, o cümlədən uşaqlar, qadınlar və qocalar həlak olur. Bütün dünya düşmənlərimizin mənfur və vəhşi simasını artıq görür. İşğaldan azad edilmiş torpaqlarda bir dənə də salamat bina qalmayıb.
Döyüş bölgəsin uzaq, dinc bir şəhərin - Gəncənin bombalanması insanlığa qarşı törədilmiş cinayətdir. Gecə vaxtı, qəsdən mülki əhaliyə qarşı törədilmiş cinayət erməni faşizminin təcəssümüdür. Hələ bundan sonra həyasızcasına deyirlər ki, ballistik raket Ermənistandan atılmayıb və Gəncədən götürdükləri şəkillərin də altından yazırlar ki, bu Xankəndindəki dağıntılardır. Cinayətkar və dünyaya yalan danışan Ermənistanın siyasi hakimiyyəti öz dövlətçiliyinin sonunu yaxınlaşdırır.
Qəsbkar Ermənistanın özününküləşdirmə siyasətinə də son qoyulur. Torpaqlarımızı, tariximizi, mədəniyyətimizi, hətta mətbəximizi belə qəsb edən rəsmi İrəvanın tarixi saxtalaşdırma siyasətinin də artıq sonu çatıbdır. Belə ki, Suqovuşanın ardınca işğaldan azad olunmuş Xocavənd rayonun Vəng kəndinə də cənab Prezident yeni Azərbaycan adı verdi. Artıq həmin kənd Çinarlı adlandırılır.
Yırtıcı, dağıdıcı xislətli düşməndən fərqli olaraq Azərbaycan xalqı qurmağa, yaratmağa, yaşatmağa meyllidir və tezliklə Qarabağ torpaqlarına da həyat qayıdacaqdır. İşğaldan azad olunmuş torpaqlarda gur həyat qaynayacaqdır. Azərbaycan xalqı öz torpaqlarında yaşayacaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqdır. Dağıdılmış bütün şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz bərpa ediləcəkdir. Azərbaycan xalqı Böyük Qayıdışın astanasındadır. Azərbaycan dövləti əlindən gələni edir ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıtsın, rahat və əmin-amanlıq şəraitində yaşasın.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarında biz Ali Baş Komandanın qələbə iradəsini görürük. Xalq öz Ali Baş Komandanına inanır və ona etimad göstərir. Xalqın Ali Baş Komandana olan inamı dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir. Xalq tərəfindən göstərilən etimad böyük qələbəmizin rəhnidir və onu hər gün daha da yaxınlaşdırır. Verdiyi vədlərə sadiq qalan qalib Prezidentimizin dəmir iradəsi, xalqın dəstəyi və milli həmrəylik qarşıda duran məqsədlərə qısa müddət ərzində nail olmağa imkan yaradıb. Azərbaycan torpaqlarının qaytarılması və ərazi bütövlüyünün bərpa edilməsi kimi vəzifələr bu gün döyüş meydanında uğurla həll olunur.
Vasitəçilərdən və digər dil qəhrəmanlarından ümidini üzən xalqımız münaqişəni artıq özü həll edir. Prezident İlham Əliyev dediyi kimi - status-kvo artıq yoxdur. Status-kvonu Azərbaycan məhv edib. 30 ilə yaxın səbr nümayiş etdirən xalq öz məsələsini özü həll edir. Azərbaycan döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirib.
Mənfur düşmən artıq Azərbaycan yumruğunun gücünü hiss edir. Azərbaycan yumruğu sadəcə düşmənin başını yaran yumruq deyil. Azərbaycan yumruğu xalqının birliyi, məqsədyönlü fəaliyyəti və mövqeyimizi əks etdirən beynəlxalq qərar və qətnamələrdir.
Azərbaycanın bu mürəkkəb münaqişənin həlli üçün zəmin yaradan beynəlxalq fəaliyyəti də təqdirəlayiqdir. Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslardır.
Bu gün hüquq da, haqq-ədalət də, həqiqət də, xalqımıza geniş dünyagörüşünə, mükəmməl natiqlik qabiliyyətinə, dərin zəkaya, iti ağıla, dəmir iradəyə malik, milli maraqları hər şeydən üstün tutan Prezident bəxş edən Allah da bizimlədir. Ali Baş Komandanın rəhbərliyi ilə Zəfər Bayrağının Şuşada ucaldılacağı, sonra da Azadlıq Meydanına gətiriləcəyi gün çox da uzaqda deyil! Qarabağ Azərbaycandır!

        İLQAR MƏMMƏDLİ,
Dövlətqaçqınkomun Pirallahı rayon sektorunun müdiri

Keçidlər