Şriftin ölçüsü :

Saytın rəngi :

Bizi heç bir qüvvə yolumuzdan döndərə bilməz

27 oktyabr 2020 | 11:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində ölkəmiz uğurlu inkişafını təmin etdi, qazandığı müstəqilliyini möhkəmləndirdi, dünyada etibarlı tərəfdaş kimi ad qazandı. Dövlətimizin başçısının siyasi iradəsi və uzaqgörən xarici siyasəti nəticəsində ölkəmizin mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən daha çox qəbul edildi. Qeyd edək ki, Azərbaycan diplomatiyasının uğurları ölkəmizin BMT, ATƏT, İslam Konfransı Təşkilatı, Avropa Şurası, GUAM, Avropa İttifaqı, Avropa Parlamenti, NATO və digər tanınmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi ilə bilavasitə bağlıdır. Lakin bütün bunlara baxmayaraq, Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın tarixi torpaqlarının işğalının davam etməsi beynəlxalq təşkilatların susqunluğu və fəaliyyətsizliyi ilə müşayiət olundu. Belə ki, BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərdən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələri 27 ildir kağız üzərində qalmaqdadır. Ermənistan bu qətnamələri və ümumiyyətlə beynəlxalq hüququ ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxarmadı, hətta, işğalı möhkəmləndirmək və torpaqlarını ilhaq etmək xətti tutdu. Bütün bunlar dünyada sülhü və təhlükəsizliyi təmin etməli olan beynəlxalq hüquqa ciddi zərbə vurdu, onun dövlətlərarası münasibətlərdə rolunu və əhəmiyyətini xeyli dərəcədə azaltdı. Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri başda olmaqla, BMT və beynəlxalq ictimaiyyət tərəfindən işğalçı Ermənistana heç bir təzyiq göstərilmədi, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik edildi.
Bu gün isə Azərbaycan ordusu öz gücü ilə torpaqlarının işğaldan azad edir. Sülh yolu ilə getmək istəməyən erməni terrorçuları indi məhv olaraq tarixi Azərbaycan torpağlarından təmizlənir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən operativ müşavirədə ölkə başçısı bilirdi ki,  “Bir aya yaxındır ki, müharibə gedir. Bu müddət ərzində ölkəmiz döyüş meydanında böyük uğurlar əldə edib. Hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Gün ərzində müntəzəm olaraq mənə döyüş bölgələrində aparılan əməliyyatlar haqqında məlumat verilir və mənim tərəfimdən müvafiq göstərişlər verilir. Demək olar ki, hər saat müxtəlif bölgələrdə baş verən hadisələrlə bağlı məlumat daxil olur, həm Müdafiə Nazirliyi və digər qurumlar məni məlumatlandırırlar. Hər gün operativ müşavirələr keçirilir. Bir sözlə, vəziyyət tam nəzarət altındadır”.
Azərbaycan əsgərinin rəşadəti ilə işğal olunmuş torpaqlarımızın bir hissəsi bu müddət ərzində işğalçılardan azad edilibdir, 100-dən çox yaşayış məntəqəsi - şəhərlər, kəndlər işğalçılardan azad edilibdir. Azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıbdır. Azad olunan şəhər və kəndlərimizin videogörüntüləri Azərbaycan ictimaiyyətinə təqdim edilir və hər kəs görə bilir ki, vəhşi düşmən bizim şəhər və kəndlərimizi nə günə qoyub. Demək olar ki, bir dənə də salamat bina qalmayıb, bütün binalar, evlər, inzibati binalar, sosial obyektlər, tarixi-dini abidələrimiz mənfur düşmən tərəfindən dağıdılıb. İşğal edilmiş torpaqlar və dağıntılar erməni vandalizminin canlı şahidləridir.
Həqiqətən də bu Vətən müharibəsində, bu haqq mübarizəmizdə bizim əsas gücümüz birliyimizdir. Bu gücün qarşısında mənfur düşmən tab gətirmir, gətirməyəcək də! Çünki mənfur düşmənin hiylələrinə qarşı cənab Ali Baş Komandanın qətiyyəti,  Rəşadətli Azərbaycan Ordusunun gücü, xalqın vətənə olan sevgisi dayanır. Bütün bunlar isə Azərbaycanın gücünü ortaya qoyur, dünyada və regionda yeni dönüş nöqtəsi yaradır, sanki Azərbaycan yumruğunun gücü xalqımızı Böyük Qayıdışa hazırlayır.
Onu da qeyd edək ki, bugünkü hərbi uğurlarımız Ali Baş Komandan tərəfindən hərbi potensialımızın gücləndirilməsi istiqamətində məqsədyönlü siyasətin həyata keçirilməsinin nəticəsidir. Ordu quruculuğu dahi Heydər Əliyev tərəfindən hərbi məktəblərin yaradılmasından tutmuş nizami ordu yaradılmasınadək aparılmışdısa, cənab İlham Əliyevin rəhbərliyi altında isə ordumuzun dünyanın güclü ordularından birinə çevrilməsi prosesi səbrlə, təmkinlə həyata keçirildi. Ali Baş Komandanın rəhbərliyi ilə keçirilən operativ müşavirədə cənab İlham Əliyev vurğuladı ki,  “Bu döyüşlər bizim üçün böyük təcrübədir. Biz gördük ki, hərbi arsenalımızda olan bəzi silahlar bəzi hallarda müasir döyüşlərdə o qədər də lazım olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir. Ancaq mən bunu demişəm və bir daha demək istəyirəm ki, torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər. Ona görə növbəti günlərdə, - bu gün biz bu barədə danışacağıq, - bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, onların səmərəsi daha da təsirli olsun, vaxt itirməyək. Bəzi hallarda yubanmalar var. Bəzi hallarda yubanmalara heç bir əsas gətirə bilmirlər. Biz bütün bunları təhlil edirik, təhlil edəcəyik. Yenə də deyirəm, Azərbaycan Ordusu böyük rəşadət göstərir, peşəkarlıq göstərir.”
Keçirilən müaşavirədə atəşkəs mövzusuna da toxunan Ali Baş Komandan qeyd etdi ki, “İki dəfə Ermənistanın xahişi ilə, böyük dövlətlərin təklifi ilə atəşkəs elan olunmuşdur. İki dəfə də Ermənistan bu atəşkəsi pozub. ....... Belə olan halda, Azərbaycan əlbəttə ki, onlara layiqli cavabını verib və verəcək. Bundan sonra da düşməni torpaqlarımızdan qovacaq, sona qədər qovacaq. Bizim bir şərtimiz var, əgər Ermənistanın təəssübkeşliyini çəkən, onlara havadarlıq edən və faktiki olaraq 30 ilə yaxın bizim torpaqlarımızın işğal altında qalması üçün ermənilərə, Ermənistana şərait yaradan ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir. Ermənistanın baş naziri bəyanat verməlidir ki, Ermənistan işğal edilmiş torpaqlardan çıxacaq. Belə bir bəyanatı biz eşitməmişik. Əksinə, xalqların öz müqəddəratı haqqında danışır və faktiki olaraq danışıqlar prosesini məhv edibdir”.
Uzun illər ərzində sülh danışıqlarının prinsiplərinə sadiq qalaraq münaqişənin müzakirələr yolu ilə həllini tapacağını ümidlə gözləyən, amma Ermənistanın davamlı təxribatları ilə üzləşərək sonda problemin hərbi yolla aradan qaldırılmasına qərar verən Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev Dağlıq Qarabağın əzəli, əbədi Azərbaycan torpağı olmasını bütün beynəlxalq platformalarda dəfələrlə dünyaya çatdırıb. Ölkə Prezidentimiz ortaya qoyduğu dəqiq faktlar və qətiyyətli mövqeyi ilə hər dəfə daha böyük lider olduğunu nümayiş etdirib, ermənilərin məkrli oyunlarına sərt və birmənalı mövqeyi ilə cavab verib. Azərbaycan Prezidenti çıxışlarında dönə-dönə Ermənistanın təcavüzkar siyasətinin Cənubi Qafqaz regionunun təhlükəsizliyi üçün böyük təhdid yaratdığını bildirib.

Vüqar Nəsirov
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər