Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın hazırkı daxili ictimai-siyasi vəziyyəti Azərbaycanın qeyd-şərtsiz qələbə qazandığını göstərən məqamlardan biridir

14 noyabr 2020 | 11:00
Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh və qürur hissləri yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində Azərbaycan xalqı 28 ildir həsrətində olduğu Qarabağın işğaldan azad edilməsi müjdəsini qeyd edir. 8 Noyabr tarixində Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.  Azərbaycan Respublikasının Prezidenti,  Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin birgə imzaladığı bəyanat, Ermənistanın hərbi kapitulyasiya aktıdır. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə bəyanatla ölkəmizin əldə etdiyi üstünlüklərlə müqayisə edilə bilməz. Bəyanat tam şəkildə Azərbaycanın maraqlarına uyğun hazırlanıb və imzalanıb.
İmzaladığı bəyanatla Ermənistan 30 ildir danışıqlar prosesində nail olmaq istədiyi hər şeydən əl çəkməyə məcbur oldu. Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunların dağlıq və keçilməsi çətin olan ərazilərdən çıxarılması üçün kapitulyasiya öhdəlikləri götürdü. Beləliklə, ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarıldı. Xatırladaq ki, Şuşa şəhərinin, Kəlbəcər, Ağdam, Laçın rayonlarının, Hadrut qəsəbəsinin geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir. Sözügedən üç rayonun boşaldılması və Ermənistanla sərhəd bölgələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağı yalnız 5 km-lik kiçik Laçın dəhlizi əlaqələndirəcək. Vurğulamaq istərdim ki, Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Laçının tam azad edilməsindən sonra Dövlət Sərhəd Xidməti Azərbaycanın ümumi uzunluğu 3360 km. olan bütün su və quru sərhədində vətənimizin keşiyini çəkəcək.
Xatırladaq ki, proses çərçivəsində Naxçıvan da blokadadan azad olundu. Hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru yolla əlaqənin olmaması böyük çətinliklər yaradırdı. İndi isə imzalanan bəyanatla ilk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi Rusiya FTX-nın Sərhəd Xidməti tərəfindən təmin olunur. Bu da onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin elədiyi halda, Ermənistan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarına malik deyil.
Bəyanatda cəmiyyətin xüsusi diqqətinə səbəb olan məsələlərdən biri də sülhməramlılar məsələsidir. Bəziləri bunun tam mahiyyətini dərk etmədiyi üçün prosesi narahatlıqla qarşılayır. Amma reallıqda bunun qəliz məsələ olmadığı və Azərbaycanın maraqlarına uyğun olduğu aşkardır. Belə ki, Rusiya sülhməramlılarının fəaliyyət coğrafiyası və fəaliyyət qaydaları Azərbaycanla razılaşdırılaraq müəyyən edilib və ilk 5 ilin tamamına 6 ay qalmış tərəflərin hansısa biri sülhməramlıların fəaliyyətinə xitam verilməsini tələb edərsə, onlar ərazini tərk edəcəklər. Bununla yanaşı, sülhməramlı kontingent olduqca məhdud saydadır. Sülhməramlıların əsas vəzifəsinin nədən ibarət olduğu məsələsinə gəldikdə isə Ermənistan özünün məğlub və darmadağın olmuş silahlı qüvvələrinin qalıqlarını torpaqlarımızdan çıxarmaq öhdəliyini üzərinə götürdüyünə görə sülhməramlı qüvvələrin vəzifəsi oradakı mülki ermənilər və Azərbaycan silahlı qüvvələri arasındakı hər hansı insidentin qarşısını almaqdan ibarətdir.
Bəyanatla bağlı ən vacib məqamlardan biri də münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasıdır. Türkiyə də mərkəzdə təmsil olunacaq. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı dəqiqliklə alınacaq. Beləliklə, bununla da Azərbaycan Türkiyəni də fəal şəkildə münaqişənin tənzimlənməsi işinə cəlb edə bildi və Türkiyə indi real olaraq bölgənin təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrildi.Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın məsələ ilə bağlı səsləndirmiş olduğu bu fikir bütün sual altında qalan məqamları işıqlandırmaq üçün kifayət edəcəkdir: “Rusiya Qarabağda hansı anlayış içərisində yer alırsa, Türkiyənin müşahidə və monitorinq heyətləri də orada eyni anlayışla yeri alacaq”. Xatırladaq ki, ötən gün Türkiyənin müdafiə naziri Hulusi Akarla Rusiyanın müdafiə naziri arasında atəşkəsə birgə nəzarət mərkəzinin yaradılması haqqında 5 maddədən ibarət Memorandum imzalanmış və bütün proses tənzimlənmişdir. Beləliklə, Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında  istədiyinə nail oldu. Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi.
Azərbaycanın qeyri-şərtsiz qələbə qazandığını göstərən məqamlardan biri də Ermənistanın hazırkı daxili ictimai-siyasi vəziyyətidir. Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirir. Hazırda Ermənistan 1992-1993-cü illərdəki Azərbaycanı xatırladır.
Beləliklə, Ermənistan hazırda vətəndaş müharibəsi ərəfəsindədir. Paytaxt İrəvanda baş nazir Nikol Paşinyanın əleyhinə kütləvi aksiyalar davam edir. 17 müxalifət partiyasının təşkil etdiyi aksiyalara 10 mindən çox əhali qatılıb. 3 gündür davam edən etirazlar dünya mətbuatında da geniş əks olunub. Vəziyyət hətta o yerə çatıb ki, ölkənin baş naziri öz kabinetinə daxil ola bilmir. Baş nazirin evi canlı yayımda qarət edilib, şəxsi əşyaları və sənədləri götürülüb, talan başlayıb. Bununla yanaşı, parlament sədri Ararat Mirzoyan qəddarcasına döyülüb, onun ailə üzvlərinə, o cümlədən azyaşlı uşaqlarına təzyiqlər olunub. Beləliklə, Ermənistan ictimai-siyasi həyatı “barıt çəlləyinə” bənzəyir.  Müxalif qüvvələrlə hökumət qüvvələri rəsmən vətəndaş müharibəsinin astanasındadırlar. Qeyd edək ki, İrəvanda keçirilən mitinqlərdə həm hakimiyyət həm də müxalifət qüvvələri tərəfindən təxribatçılar iştirak edir, mümkün olduğu qədər vəziyyəti mürəkkəbləşdirməyə, hətta qan tökülməsinə çalışırlar.
Belə təxmin edilir ki, ölkədə yaranan çaxnaşmaların səbəblərindən biri də erməni müxalifətinin Qarabağdakı məğlubiyyətdən istifadə edərək hakimiyyətə gəlməyin yollarını axtarmasıdır. Çünki, Paşinyan Müdafiə Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərinin və qondarma rejimin Prezidenti Araik Harutyunyanın məsləhəti ilə razılaşmanı imzaladığını desə də, müxalifət nümayəndələri onların adlarını ümumiyyətlə hallandırmır və birbaşa Paşinyanı məsul tuturlar. Bununla da, məsələnin Qarabağ məsələsi olmadığı, müxalifətin dərdinin hakimiyyətə gəlmək olduğu başa düşülür. Müxalifət açıq şəkildə Paşinyanı linç etməyin planlarını qurur, ictimai-siyasi rəyi buna hazırlayır. Maraqlısı budur ki, son vaxtlara qədər Paşinyan hökumətinə dəstək verən Avropa dövlətləri və beynəlxalq təşkilatlar müxalifətin linç kampaniyasına səssiz qalır, demokratiya və insan haqlarının qorunmasından bəhs etmir.
Ermənistanda ictimai-siyasi vəziyyətdəki qeyri sabitlik özünü iqtisadi həyatda da göstərir. Belə ki, hazırda Ermənistan iqtisadiyyatı tam çöküb, ölkənin xarici borcu artıb, əhalinin sosial təminatı sahəsində fəlakətli durum yaranıb. Erməni diasporası tərəfindən göndərilən vəsaitlərin və yardımın mənimsənilməsi, əhaliyə və orduya çatmaması geniş müzakirə olunur.
Qısaca demək mükündür ki, 44 günlük müharibədən və erməni tərəfinin qarşılaşdığı hərbi fiaskodan sonra Ermənistanın dövlət olaraq özünü bərpa etməsi üçün minimum 8-10 il lazım olacaq. Məlumat üçün bildirək ki, bu dövrdə Ermənistanda demoqrafik böhran daha da dərinləşib. Minlərlə erməni gəncinin işğal edilmiş ərazilərdə ölməsi, şikəst olması, xaricə miqrasiya axınının daha da artması qarşıdakı illərdə Ermənistanda əhalinin təbii artımını kəskin aşağı salacaq, ölkə insan resurslarını bərpa etmək üçün qeyri-müəyyən müddətə qədər gözləməli olacaq.
Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayıb.  Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.

Xəyalə Cavanşirli
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər