Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycana beynəlxalq təzyiqlər çərçivəsində Fransa prezidentinin həmsədrə yaraşmayan mövqeyi

14 noyabr 2020 | 11:00
Döyüş meydanında qazanılan qəti qələbə diplomatik müstəvidə də Azərbaycanın qələbəsini şərtləndirdi. İndi isə bölgədə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinin zamanıdır.
Bölgədə uzunmüddətli sülhə nail olunması, bütün tərəflərin təhlükəsizliyinin və  davamlı inkişafın təmin olunması baxımından olduqca vacibdir.  Bu mənada rəsmi Bakının da istəyinə uyğun olaraq ortaya çıxan Rusiya-Türkiyə birgə  əməkdaşlığı əhəmiyyətli rol oynayacaqdır. Rəsmi Bakı xüsusilə son illər ərzində Türkiyənin münaqişənin siyasi həllində və bölgənin təhlükəsizliyinin təmin olunmasında iştirakına nail olmağa çalışırdı. Ölkə başçısı müsahibələrinin birində qeyd etmişdir:“Əvvəllər, hələ bu münaqişə kəskinləşənə qədər mən hər zaman deyirdim ki, biz Türkiyə ilə Rusiyanın yaxınlaşmasını həmişə alqışlamışıq. Hesab edirəm ki, bu, regional təhlükəsizliyin mühüm amilidir. Erməni separatizminin və ekstremizminin bizdən ötrü, - təkcə bizdən ötrü deyil, regiondan ötrü, - əsas təhlükə olduğunu nəzərə alsaq, hesab edirəm ki, Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun xeyrinə olardı, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirə bilərdi”.  Və bu baş verdi. İstər 44 günlük müharibə dövründə, istərsə də bağlanan üç tərəfli bəyanatdan sonra atəşkəsin və sülhün davamlılığının təmin olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması missiyasında Moskva-Ankara  əməkdaşlığı əhəmiyyətli rol oynayacaq. Tərəflər arasında Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə 3 gün öncə imzalanmış memarandum Türkiyənin münaqişənin həlli, atəşkəsin təminindəki rolunu təsdiqləyir. Beləliklə, bir müddətdir səsləndirilən 2+2 formatının faktiki olaraq tətbiqinə başlanılır.
İndiki halda münaqişənin ədalətli həllində və məlum üçtərəfli bəyanatın qəbul olunmasında heç bir rol almayan ölkələrin özünü ermənilərdən çox erməni kimi aparması isə sözün həqiqi mənasında anlaşılmazdır. Bu mənada vasitəçi kimi neytral qalmalı olan Fransanın mövqeyi isə xüsusilə təəcüblüdür. Fransa ABŞ-la birgə 1 yanvar 1997-ci ildən bu qrupa həmsədrlik edir. Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir. Lakin təəssüf ki, Fransa hökumətinin indiyədək səsləndirdiyi fikirlər nəinki münaqişənin həllinə kömək edib, əksinə odun üstünə yağ töküb. Çünki Fransa özünü neytral yox, Ermənistan tərəfinin nümayəndəsi, tərəfdaşı kimi aparıb. Fransanın qərəzli təklifləri münaqişənin sülh yolu ilə həllinə maneə olub.
Sentyabrın 27-də Ermənistanın ardıcıl təxribatlarını dayandırmaq üçün Azərbaycanın həyata keçirdiyi əks-hücum həmlələrindən narahat olan Fransa ciddi cəhdlərlə bu prosesi dayandırmağa çalışırdı. Prezident Makronun Rusiya, ABŞ rəhbərliyi ilə təmasları, ardıcıl Azərbaycan Prezidentinə zənglər etməsinin məqsədi də Ermənistanı tam iflasdan qurtarmaq idi. Makron ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən birinin rəhbəri olsa da, münaqişənin əsas səbəbkarının yanında yer aldı və açıq şəkildə şəxsi mənfəətləri üçün işğalçının, təcavüzkarın, uşaq qatilinin yanında yer aldı.
Təsadüfi deyil ki, sonda Fransa XİN öz simasını tam ifşa edərək açıq ermənipərəst bəyanat da yaydı. Bununla bağlı Azərbaycan Prezidentinin köməkçisi, PA xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa Ermənistanın Azərbaycana qarşı davam edən işğalının aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün heç bir addım atmadığı halda, indi birtərəfli qaydada canfəşanlıq nümayiş etdirir. Prezidentin köməkçisi deyib: “Görəsən bu 30 il ərzində Fransanı nə zamansa azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmaması narahat edibmi? Amma bunun əksinə olaraq, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və beynəlxalq hüququn aliliyinin təmin olunması Fransanı narahat etməkdə davam edir”.
Belə təxmin etmək mümkündür ki, Fransanın və prezidentinin tutduğu mövqe daha çox seçkilərlə əlaqəlidir. Məlumdur ki, Makronun reytinqi Fransa prezidentləri arasında ən aşağı göstəriciyə malikdir. Seçkilərə isə bir ildən az müddət qalıb və Makronun Azərbaycan, Türkiyə ilə bağlı çıxışları Fransadakı ermənilər qarşısında reytinq toplamaq niyyəti güdür.
Təəssüf ki, Paris tək deyil. Digər fransız dilli ölkə Kanadanın Xarici İşlər naziri Fransua-Filipp Şampan tərəfindən yayılan bəyanatda da qərəz hiss olunur. Bəyanatda Ermənistan xalqının pis vəziyyətdə olduğu vurğulanır, Qarabağdan didərgin düşmüş məcburi köçkünlərdən isə ümumiyyətlə bəhs olunmur. Kanada kimi regiondan kənar bir ölkə, xalqların və münaqişənin tarixinə bələd olmayan bu dövlət regionda sülh və təhlükəsizliyin təmin olunmasında bölgə ölkələrindən daha çox maraqlı ola bilməz. Bəzi ölkələrin bu cür simptomlaşdırılmış açıqlamaları eyni dirijordan istiqamət alan orkestrin simfoniyasını xatırladır. Amma fərq etməz Azərbaycanda qələbə zəngi səslənir. Bu zəng isə bölgəyə və bölgədəki bütün xalqalarına sülh və rifah gətirəcək. 
Qısacası, müharibə dövründə də sonrasında da Azərbaycana təzyiq etməyə çalışan ölkələr oldu. Bu ölkələr istəklərinə nail ola bilmədilər. Azərbaycan nəhayət 30 il sonra öz gücü ilə tarixi torpaqlarına qayıtdı və ədaləti bərpa etdi.
Onu da xatırladaq ki, Azərbaycan tərəfində Fransadan və digər ölkələrdən Ermənistana silah daşınması ilə əlaqədar çoxsaylı faktlar var idi, ancaq müxtəlif kanallarla bütün siyasi təzyiqlərə və Ermənistana olan hərbi yardımlara baxmayaraq, ölkəmizin diktə etdiyi şərtlərlə münaqişənin həlli mümkün oldu. Azərbaycanda güclü “prezident-xalq-ordu” vəhdəti bu təzyiqləri dəf etməyə imkan verdi. Azərbaycan Prezidenti xalqının qürurunun tapdanmasına imkan vermədi. Azərbaycan əsgəri canı-qanı bahasına torpaqlarını azad etdi. Bütün bu mənzərə Azərbaycan Prezidentinin mürəkkəb maneələri, prinsipiallıq və qəti iradə nümayiş etdirərək güc mərkəzlərinin təzyiqlərilə mətinliklə dəf etdiyini aydın göstərir.

Şəbnəm Eldarova
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər