Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər Qarabağın qala qapısıdır

30 noyabr 2020 | 11:00
Ağdam, Kəlbəcər və Laçın rayonlarının siyasi yolla düşmən tapdağından azad olunması Azərbaycanın böyük siyasi uğurudur. Bunu şərtləndirən əsas amil isə heç şübhəsiz ki, Azərbaycan Ordusunun düşmən üzərində möhtəşəm qələbə çalaraq onu kapitulyasiyaya məcbur etməsidir. Bu qələbə həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin öz siyasi manevrləri, diplomatik danışıqlarda, media müsahibələrində, xalqa müraciətlərində apardığı qətiyyətli, sərrast hədəflənmiş, güclü təsirə malik siyasi mübarizəsinin bəhrəsi idi. 44 gün ərzində, nəinki 30 ilə yaxın zaman çərçivəsində nail ola bilmədiyimiz, mübaliğəsiz demək olar ki, əsrlərə, minilliklərə sığmayan böyük qələbə qazanıldı. Mənfur Ermənistan diz çökdürüldü, gecə ilə hərbi kapitulyasiya sənədini imzalamağa məcbur edildi.
20 noyabr tarixində Ağdam, 25 noyabr tarixində isə Kəlbəcər öz tarixi sahiblərinə qayıtdı. Laçın rayonunun işğalçılardan tam boşaldılması isə dekabrın 1-də baş tutacaq. Beləliklə, Ağdam və Kəlbəcər Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan, bir şəhid verilmədən azad edildi. Azərbaycanın qalib, Ermənistanın məğlub olmuş tərəf kimi diqqətdə olması həm işğalçı dövlətə, həm də 30 ilə yaxın müddətdə ona havadarlıq edib törətdiyi təxribatlara, terror aktlarına, vandalizmə göz yummaqla onunla şərik olduğunu nümayiş etdirən dövlətlərə bu mesajı ünvanladı ki, yalan üzərində qurulan, saxtalaşdırılan  deyil, ədalətə, haqqa, faktlara, reallığa, ən əsası beynəlxalq hüququn prinsiplərinə əsaslanan tarixə sahib olan dövlət, xalq  qalib olur. Bu günləri Azərbaycan xalqı uzun illərdir ki, səbirsizliklə gözləyirdi.
Məlumat üçün bildirək ki, 1993-cü ildə Kəlbəcərin işğal altına düşməsi Ermənistanın sonrakı işğalçılıq siyasətinə böyük üstünlüklər vermiş, Kəlbəcər üzərindən Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradılmış, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Buna görə də Kəlbəcər rayonunun işğal altına düşməsi Azərbaycan tərəfi üçün böyük faciə idi. Kəlbəcər Qarabağın qala qapısı idi. Ağdamın, Füzulinin, Qubadlının, Cəbrayılın taleyi bir növ bu dağlar diyarından asılı idi. Əgər o zaman Kəlbəcər  və Laçın rayonları qədərincə müdafiə edilsəydi, Dağlıq Qarabağ problemi bəlkə də öz-özünə həll olunardı. Amma təəssüf ki, belə olmadı.  
Qeyd edək ki, 1988-ci ildən başlayan elan olunmamış müharibədə Kəlbəcər camaatı qeyrətlə vuruşaraq təpədən dırnağacan silahlanmış və havadarlarına arxalanan erməniləri torpaqlarına yaxın qoymadılar. Təəssüf ki, belə şücaətlərə baxmayaraq, yerli adamlar Respublika rəhbərliyi tərəfindən heç bir kömək, qayğı göstərilmədi. Buna görə də ərazi bir ucdan boşalırdı. Düşmənlərimiz isə fürsəti əldən vermir, əsaslı müqavimətə rast gəlmədikləri üçün günbəgün irəliləyirdilər. 1993-cü ilin mart ayı bu bölgəyə qara gəldi. Düşmənlər strateji əhəmiyyətli bir neçə yüksəkliyi tutdular. Təkəqaya, Zağalar, Çıraq kəndlərinə soxulub evlərə od vurub, dinc əhalini diri-diri yandırdılar. Ən əhəmiyyətli Keçiliqaya yüksəkliyinə sahib çıxdılar. Aprelin 2-də Kəlbəcər artıq erməni quldurlarının əlində idi. Beləliklə, Kəlbəcərin işğal edilməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Azərbaycan Xalq Cəbhəsi 1992-ci ildə qanunsuz yollarla hakimiyyətə gəlməsəydi,  bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Azərbaycan torpaqlarının itirilməsi hakimiyyət uğurunda qeyri-sağlam mübarizənin nəticəsi idi.
1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmış, daxili çəkişmələr üzündən  xaos, siyasi böhran yaranmışdı. 1992-93-cü illərdə rəhbərlikdə təmsil olunmuş adamlar, yüksək postlar tutmuş adamların heç bir siyasi və idarəçilik təcrübələri olmamışdır. Onların vəzifə hərisliyi, tamahı, iştahası, görməmişliyi Azərbaycan torpaqlarının itirilməsinə gətirib çıxardı. Bir milyon insanın ağır vəziyyətə düşməsinin səbəbkarı ovaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyətidir. Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi.
Bugün isə cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 27 ildən sonra torpaqlarımızı işğaldan azad etmişdir. İndi erməni silahlı qüvvələri və mülki əhalisi torpaqlarımızı tərk edir. Amma onlar gedərkən də öz xislətlərini büruzə verərək vandalizm törətməyə davam edirlər. Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Ermənilər şəhəri tərk edərkən ətrafa zərər vermək üçün hər şeyi etdilər. Belə ki, evlər yandırıldı, meşələrə od vuruldu, sular çirkləndirildi və ekoloji fəlakət törətməyə cəhd edildi. Onlar heç bir insanlıq, humanizm tanımadan  dünya ictimaiyyətinin gözü qarşısında dağıntılar və yanğınlar törətdilər. Xatırladaq ki, işğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Həmçinin, düşmən illərdir tarixi-mədəni irsimizə qarşı vandallıq edib, məscidlərimizi dağıdıb, yerlə-yeksan edib. Maraqlıdır ki, bütün bunları, o cümlədən Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərindəki mənzərəni görməzdən gələn bəzi Qərb dairələri işğaldan azad edilmiş ərazilərimizdəki qədim Qafqaz Albaniyasına aid olan tarixi abidələrin, kilsələrin taleyindən narahatlıq ifadə etməkdədirlər. Lakin onlar unudurlar ki, Azərbaycan multikulturalizm, tolerantlıq, dinlərarası münasibətlə bağlı yürütdüyü siyasətə görə bütün dünyaya nümunədir. Dini dözümlülük və tolerantlıq   Azərbaycanın və azərbaycanlıların milli kimliyinin ayrılmaz hissəsidir. Buna görə də narahatlıq ifadə etmək istəyən Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar. Məscidlərin dağıdılmasına etiraz edilməməsi Qərb ölkələrinin ikili standartlarının, islamofobiyanın, xristian təəssübkeşliyinin təzahürdür. Qondarma “DQR”in ərazisində onilliklər ərzində qalmış 67 məsciddən 63-ü dağıdılmışdır. Azərbaycan Prezidenti o məscidlərin biri olan Ağdam məscidini ziyarət etmiş, məscidin dağıdılmış vəziyyətini dünyaya nümayiş etdirmişdir.
Sonda bir daha vurğulamaq istərdim ki, Azərbaycan öz ərazi bütövlüyünü öz gücü və əzmi ilə bərpa etdi. Müharibə bir daha kimin kim olduğunu göstərdi. Ermənistan məğlub, Azərbaycan isə bütün müstəvilərdə qalibdir! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

İlqam Əskərov
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər