Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır

26 fevral 2021 | 11:00
          Fevralın 26-da Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib. “Xocalıya ədalət” başlığı altında təşkil olunan tədbirdə RİH-nin məsul əməkdaşları, Pirallahı rayonunun idarə və təşkilatlarının, rayon ictimaiyyətinin nümayəndələri və rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin direktorları və məktəbliləri iştirak etdilər.
            Tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, YAP Pirallahı rayon təşkilatının Aparat rəhbəri  İlqam Əskərov, 186 saylı tam orta məktəbin müəllimi, əslən Xocalıdan olan rayon sakini Həcər Ramazanova, 235 saylı tam orta məktəbin direktoru Şahin Allahverdiyev, YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin üzvü Lalə Səfərova çıxış edərək erməni silahlı dəstələri tərəfindən Xocalı şəhərinin yerlə yeksan edilməsi və orada yaşayan dinc əhaliyə divan tutulması barədə məlumat vermişlər.
        Sonda çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin və 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərində etnik azərbaycanlılara qarşı həyata keçirilən  soyqırım da xalqımıza qarşı  aparılan  iyirminci əsrin ən dəhşətli və qəddar faciələrindən biridir. Faciə nəticəsində 613 nəfər, o cümlədən, 106 qadın, 63 uşaq və 70 ahıl qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyil. Faciə zamanı Xocalının 487 sakini əlil edilmiş, o cümlədən yetkinlik yaşına çatmamış 76 uşaq, 6 ailə tamamilə məhv edilmiş, 26 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Qətlə yetirilənlərdən 56 nəfər xüsusi qəddarlıqla öldürülmüşdür. Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırım deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir. Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını  daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 mindən çox soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuşdur. qeyd etdi. Dünya səviyyəsində Xocalı soyqırımı tarixin yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli faciələrlə bərabər tutulur. Planlı şəkildə həyata keçirilən bu soyqırımının məhz Xocalıda törədilməsi təsadüfi deyil. İşğalçı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid olan ərazilərdən biri kimi tarixi və mədəniyyət abidələri ilə seçilirdi. Eyni zamanda, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi də erməniləri narahat edirdi.
       Natiq bildirmişdir ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi və təkidi ilə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar  ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 martı Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
    2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız soyqırımına əsl qiyməti vermişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.
         Bu gün xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda əsl qəhrəmanlıq və dəyanət nümayiş etdirdi - deyən İ.Əliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda 27 sentyabrda başlayan savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı olduğunu bildirdi.  44 gün davam edən müharibədə  Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Bizim savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca ölkəmizi daha böyük gələcək gözləyir.
        Qeyd edək ki, Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Tədbirlər Planına uyğun olaraq rayonun  idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində onlayn tədbirlər keçirilib.
 
Keçidlər