Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda ““31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar “onlayn” formatda tədbir keçirildi

31 mart 2021 | 11:00
Pirallahı Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”  ilə əlaqədar “onlayn” formatda tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak etdilər.
Tədbir zamanı Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman oğul və qızlarımızın, eləcə də soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş nitqi ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov erməni millətçilərinin tarixi Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq xülyası ilə bir neçə əsr ərzində xalqımıza qarşı apardıqları təcavüzkar siyasətdən, törədilən faciələrdən, terror və soyqırımı aktlarından danışdı. V.Səfixanov bildirdi ki, 1905-1907, 1918-1920 -ci illərdə erməni millətçiləri və faşistləri Azərbaycan torpaqlarında xalqımıza qarşı kütləvi qırğınlar törədərək onlarla yaşayış məntəqəsini viran qoymuş, tarixi və mədəniyyət abidələrini, məscidləri, məktəbləri, səhiyyə ocaqlarını dağıtmışlar. 1918-ci ilin martında erməni millətçilərinin Bakı quberniyasını, Qubanı, Şamaxını və digər əzəli türk torpaqlarını azərbaycanlılardan təmizləmək məqsədi ilə həyata keçirdikləri soyqırımı zamanı on minlərlə dinc əhali məhv edilmiş, görünməmiş qanlı cinayətlər, vəhşiliklər törədilmişdir. Natiq öz çıxışında qeyd etdi ki,  azərbaycanlılara qarşı yüz illər boyu davam edən soyqırımı və deportasiya siyasətinin mahiyyəti və tarixi kökləri ətraflı təhlil edilmiş, soyqırımı hadisələrinə, erməni millətçilərinin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri önə çəkilmişdir. Bildirildi ki, ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanından sonra faciə ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə ardıcıl olaraq çatdırılır.
Ermənilərin azərbaycanlılara qarşı yönəldilmiş bu məkrli siyasəti sovet hakimiyyəti illərində də davam etdirilmiş, Zəngəzur və digər ərazilər heç bir əsas olmadan Ermənistana verilmiş, 1948-52-ci illərdə Azərbaycan türkləri öz dədə-baba torpaqlarından deportasiya edilmişlər. Ötən əsrin 80-ci illərində 200 mindən çox azərbaycanlı Ermənistandan amansızcasına, görünməmiş vəhşiliklərə məruz qalaraq qovulmuşdur. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş, Xocalı, Qaradağlı və digər yaşayış məntəqələrində qanlı soyqırımı faciələri törədilmişdir.
Xüsusi diqqətə çatdırıldı ki, şanlı zəfərlə başa çatan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni-yeni səhifələr yazıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən müharibədə əzəli Qarabağ torpaqlarımızın erməni faşizmindən azad edilməsinə nail olub.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Anar Babayev, 168 nömrəli tam orta məktəbin tarix müəllimi Şəfəq Abdıyeva Ermənistanın tarix boyu azərbaycanlılara qarşı soyqırımı siyasətini müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirdiklərini, bunun kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunduğunu qeyd etdilər.
 
Keçidlər