Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi altında Naxçıvana ekskursiya turu təşkil olundu

23 mart 2017 | 11:00
     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyalar keçirilir.
        23 mart 2017-ci il tarixdə Pirallahı rayonunun ümumtəhsil məktəblərinin 27 nəfər əlaçı şagirdi üçün  Naxçıvan Muxtar Respublikasına ekskursiya turu təşkil olundu.
     Yolasalma mərasimində Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, məktəb direktorları, valideynlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
      Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov çıxışında tədbir iştirakçılarını salamlayaraq, dövlət başçısının tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur aksiyanın mahiyyəti haqqında danışdı və bildirdi ki, layihə məktəblilərin dünya görüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına çox böyük töhfələr verəcəkdir.
      Tədbirdə çıxış edən müəllimlər, valideynlər, məktəblilər də ölkə başçısının və Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın onlara göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını bildirdilər və gənc nəsil üçün yaradılan şəraitdən söz açdılar.
       Mərasim başa çatdıqdan sonra rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Bakı-Naxçıvan reysi ilə uçmaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına yola salındılar. Hava Limanında Naxçıvan şəhərinə gedən şagirdlər Novruz Bayramı münasibəti ilə təşkil edilmiş konsert proqramını izlədilər. Dörd gün davam edəcək tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasının ərazisində tarixi abidələri, görməli yerləri, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacaqlar.
          Qeyd edək ki, “Ölkəmizi tanıyaq” tur aksiyalarının əsas məqsədi ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsidir və bu məqsədlə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətləri təşkil olunur.
Keçidlər