Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pirallahı rayonunda oldu

21 iyul 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Bakının Pirallahı rayonuna səfər etdi. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rayonun sosial-iqtisadi göstəriciləri, görülən abadlıq-quruculuq işləri və gələcək perspektiv layihələr barəsində ölkə başçısına ətraflı məlumat verdi. Ölkə başçısı rayonda mövcud olan qəzalı binalarla ilə bağlı tapşırıqlar verdi.
Prezident İlham Əliyev Pirallahı rayonunda balıq yetişdirmə ferması, park, iaşə, əyləncə və istirahət mərkəzini əhatə edən “Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış oldu.  Ölkə başçısı rayonunda “Nərəkənd” layihəsi çərçivəsində yaradılacaq “CMS Properties” MMC-nin balıqyetişdirmə kompleksində qapalı və açıq tipli fermaların təməlqoyma mərasimində iştirak etdi. Dövlətimizin başçısına müəssisə barədə məlumat verildi. Bildirildi ki, qapalı tipli fermada ildə 75 ton rus nərəsinin və 25 ton çökə ətinin, habelə 4 ton kürünün istehsalı nəzərdə tutulub. Həmin fermada dənizdən təchiz olunan su süzgəcdən keçirilərək duruldulacaq, duzluluğu müvafiq səviyyəyə çatdırılacaq və qapalı sistemdə təkrar dövriyyə olunacaq. Ölkə başçısı balıqyetişdirmə fermalarının təməlini qoydu.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunun içməli su təchizatı layihəsinin açılışında iştirak etdi. Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Rayon ictimaiyyəti adından çıxış edən Ülkər Şirinova göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdi. Sonra Azərbaycan Prezidenti “Pirallahı qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlərin texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərlə tanış oldu. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verdi. Ölkə başçısı Pirallahı rayonuna təmiz içməli suyun verilməsini bildirən düyməni basdı.
         Daha sonra Prezident İlham Əliyev Pirallahı qəsəbəsinin mərkəzi hissəsində görülmüş işlər və həyata keçiriləcək tədbirlərin layihələri ilə tanış oldu. Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov ölkə başçısına Pirallahı qəsəbəsinin baş planı haqqında ətraflı məlumat verdi. Bildirildi ki, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, yeni yaranan rayonda müxtəlif nazirlik, komitə və baş idarələrin yerli qurumlarının təşkili prosesinə start verilib. Buna görə Pirallahı qəsəbəsinin baş planı hazırlanıb. Plana əsasən, Pirallahı qəsəbəsinin mərkəzində inzibati mərkəz üçün ayrılan ərazidə Pirallahı Rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün binaların inşası davam etdirilir.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Pirallahı” günəş elektrik stansiyasının açılışında iştirak etdi. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov dövlətimizin başçısına “Pirallahı” günəş elektrik stansiyası layihəsinin texniki-iqtisadi göstəriciləri haqqında ətraflı məlumat verdi. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Pirallahı qəsəbəsinin şimal-şərq hissəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə gücü 2,8 meqavat olan günəş elektrik stansiyalarının tikintisinə 2 hektar torpaq sahəsi ayrılmışdır. 2014-cü ilin oktyabr ayının 20-də “Pirallahı” Günəş Elektrik Stansiyasının ilkin mərhələdə bir meqavat gücə malik hissəsi “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin enerji sisteminə qoşulmuşdur. Pirallahı adasında ilk olan bu günəş elektrik stansiyası rayonun enerji təchizatının etibarlılığının təmin olunmasına öz müsbət təsirini göstərəcəkdir. Bildirildi ki, layihənin məqsədi Pirallahı rayonunda əhalinin və sosial obyektlərin yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji ilə təminatından ibarətdir.

Keçidlər