Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid Sergey Murtuzəli oğlu Murtuzəliyevin anım günüdür

30 avqust 2017 | 11:00

      O, havaya qalxanda əvvəlcə təyyarəsini havada oynadar sonra istiqamət alardı.
       Bu gün Azərbaycanın Milli Qəhrəman, Qarabağ müharibəsi zamanı şəhid olmuş Sergey Murtuzəliyevin doğum günüdür.  Sergey Murtuzəli oğlu Murtuzəliyev 1963-cı il noyabr ayının 17-də Pirallahı qəsəbəsində anadan olmuşdur. Uşaqlıqdan arzusu təyyarəçi olmaq idi. Orta məktəbi bitirdikdən sonra Dağıstanda təyyarəçilər məktəbinə daxil olmuşdur. Bu məktəbdə təhsilini müvəffəqiyyətlə başa vuran Sergey Murtuzəliyev ixtisasını daha da təkmilləşdirmək məqsədilə Rusiyaya üz tutur. Burada Yeysk Ali Hərbi Aviasiya Məktəbinə  daxil olan S.Murtuzəliyev bir müddət sonra yüksək ixtisaslı təyyarəçi kimi hərbi xidmətə başlayır.
       Əmək fəaliyyətinin ilk illəri Rusiyada keçir. Daha sоnrа S.Murtuzəliyev Azərbaycana təyinat alır və Kürdəmirdəki Hərbi Aviasiya alayında xidmət etməyə başlayır. Burada o polkovnik-leytenant rütbəsinədək yüksəlir.
      Azərbaycan müstəqillik qazandıqdan, rus hərbçiləri alayın texnikasını və əmlakını özləri ilə götürərək ölkəmizi tərk etdikdən sonra Sergey  Murtuzəliyev demək olar ki, hərbi hissəni yenidən qurur, buradakı köhnə tankları öz əli ilə təmir edərək Kürdəmir Hərbi Aviasiya alayını döyüşə qabil vəziyyətə gətirir...
    Qəlbi hər zaman vətən üçün döyünürdü. Qarabağa ilk uçuş edənlərdən biri də Sergey oldu. Qısa müddətdə ad-san çıxardı. Оnun igidliyi haqqında söhbətlər ağızdan-ağıza gəzirdi, şücaətləri dillər əzbəri olmuşdu. Adətən havaya qalxanda, təyyarəni əvvəlcə göydə oynadırdı, qanadlarını yellədirdi. Bu zaman hamı bilirdi ki, Sergey yenə havadadır, erməni işğalçılarının qara günləri yenə başlayır...
     Onun təyyarəsi erməni yaraqlıları tərəfindən iki dəfə vurulmuşdu. Buna baxmayaraq o, təyyarəni məharətlə yerə endirmiş, özü də salamat qalmışdır. Sergey dəfələrlə Qarabağa qeyri-döyüş uçuşları da etmiş, əhalinin təhlükəsiz yerə çıxarılmasında, hərbi hissələrin silah-sursat, ərzaqla təmin edilməsində böyük rəşadət göstərmişdir.
       Sergey Murtuzəliyev xidmət etdiyi hissədə böyük nüfuz qazanmışdı. Hər dəfə uçuşa gedəndə dostları onun yolunu səbirsizliklə gözləyirdilər. O, yüzlərlə erməni faşistini məhv etmiş, düşmənin onlarla zirehli texnikasını sıradan çıxarmışdı. Sergeyin düşmənə vurduğu zərbələrin hər biri bir qəhrəmanlıq idi. Onun adı bir əfsanəyə çevrilmişdi...
       İgid zabit yeni təyyarəçilər nəslinin yetişməsi üçün də var gücü ilə çalışırdı. 30 avqust 1993-cü il… Növbəti təlim uçuşu… О, gənc kursantlara təyyarənin sirlərini öyrədirdi. Lakin qəfildən mühərrik söndü, təyyarə qəzaya uğradı, Vətən üçün döyünən bir ürək vurmaqdan qaldı...
    Vətənimizin şəhid övladı Sergey Murtuzəliyev evli idi. Həyat yoldaşı Anya xanım, iki qız yadigar - Marina və Martina hazırda Dağıstan Respublikasının Kaspiysk şəhərində yaşayırlar.
      Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə polkovnik-leytenant Murtuzəliyev Sergey Murtuzəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
        Kürdəmir Hərbi Aviasiya alayında şəhidin büstü qoyulmuşdur.

Keçidlər