Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Sülh aylığı” çərçivəsində silsilə tədbirlər keçirilir

13 sentyabr 2017 | 11:00
      Ölkəmizdə hər il 21 sentyabr – “Beynəlxalq Sülh Günü” ərəfəsində ənənəvi olaraq 21 avqust - 21 sentyabr tarixləri “Sülh aylığı” elan edilir və bu ərəfədə bir sıra kütləvi maarifləndirmə tədbirləri keçirilir. Bu tədbirlərin davamı olaraq “Sülh aylığı” çərçivəsində sülh və insan hüquqlarının təbliği məqsədi ilə Pirallahı rayonunda növbəti tədbir təşkil olundu. Toplantıda Pirallahı RİH-nin əməkdaşları, YAP Pirallahı rayon təşkilatının üzvləri, təhsil və mədəniyyət ocaqlarının işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
       Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, avqustun 21-dən sentyabrın 21-dək hər il keçirilən “Sülh aylığı” çərçivəsində dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalar tərəfindən insan hüquqları sahəsində səmərəli əməkdaşlığın davamı kimi, "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın müddəaları əsasında ölkəmizin bütün regionlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil olunur. Bu aylıq çərçivəsində respublikamızın bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunun idarə, müəssisə və təşkilatlarında da silsilə tədbirlər keçirilir.
       Çıxış zamanı H.Şikarov tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Azərbaycan xalqı əsrlər boyu özünün sülhsevərliyi, humanizmi ilə tanınıb. Lakin bu gün Azərbaycan torpaqlarının 20 faizi xain qonşular tərəfindən işğal altında saxlanılır, 1 milyondan çox soydaşımız doğma Vətənimizdə məcburi köçkünə çevrilib. Dövlətimizin Başçısı, Prezident İlham Əliyev təcavüzkarların geri oturdulması, torpaqlarımızın işğaldan azad edilməsi üçün dinc danışıqlara, sülh prosesinə üstünlük verir. Ali Baş Komandan İlham Əliyev Azərbaycan ordusunun ildən-ilə daha da güclənməsi məqsədilə zəruri olan bütün tədbirləri görür. Bu gün Milli Ordumuz regionda ən güclü ordudur, bütün sahələrdə düşməndən qat-qat üstündür və bu fakt onu sübut edir ki, biz sülh istəyirik. Lakin heç kəs Azərbaycan xalqının sülhsevərliyindən, humanizmindən, insanpərvərliyindən sui-istifadə edə bilməz. Hər qarış Azərbaycan torpağı, doğma Qarabağımız, Prezident İlham Əliyevin dediyi kimi, ya sülh, danışıqlar, ya da başqa yolla mütləq düşmən tapdağından azad ediləcəkdir. Bu prosesin dinc yolla baş verməsinin qaçılmaz olmasını mənfur qonşularımız nə qədər tez anlasalar, məhz  onlar üçün bir o qədər yaxşıdır. Azərbaycan xalqı sülh prosesinə daim sadiqdir.
        Bədii hissədə sülh mövzusunda şeirlər səsləndirildi, mahnılar ifa olundu, müxtəlif rəqslər nümayiş etdirildi. Qeyd edək ki, tədbir zamanı Vaqif Mustafazadə adına Mədəniyyət və 29 saylı Uşaq Yaradıcılıq mərkəzlərinin yetirmələri arasında rəsm müsabiqəsi keçirilib, qaliblər Mədəniyyət Mərkəzi tərəfindən mükafatlandırılıb.
Keçidlər