Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda müəllimlərin ənənəvi sentyabr konfransı keçirildi

14 sentyabr 2017 | 11:00
     Sentyabrın 14-də 2016-2017-ci tədris ilinin yekunlarına və 2017-2018-ci tədris ilinin başlanmasına həsr edilmiş Pirallahı rayon müəllimlərinin konfransı keçirildi. Tədbirdən əvvəl Rayon İcra Hakimiyyəti, YAP Pirallahı rayon təşkilatı və Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi tərəfindən 200-dən artıq aztəminatlı ailədən olan şagirdə məktəbli forması paylandı. Tədbirdə Pirallahı RİH və YAP Pirallahı Rayon Təşkilatının, eləcə də digər idarə və müəssisələrin əməkdaşları, rayonun orta məktəblərinin pedoloji heyəti, həmçinin bu il ali məktəblərə qəbulda yüksək bal toplamış abituriyentlər və onların valideynləri iştirak etdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra söz Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanova verildi.
   Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun salamlarını və yeni dərs ilinin başlanması ilə əlaqədar təbriklərini tədbir iştirakçılarına çatdıran V.Səfixanov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi və iqtisadi kursun, bütün sahələri əhatə edən islahatların ölkəmizin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycanın dünyada ən qabaqcıl ölkələr sırasına çıxdığını vurğuladı, müstəqillik yolunda inamla addımlayan Azərbaycanın inkişafında təhsilin önəmli yerlərdən birini tutduğunu qeyd etdi.
     İl ərzində rayon təhsilinin qazandığı nailiyyətlərdən və çatışmazlıqlardan söz açan V.Səfixanov Pirallahı rayonunun tam orta məktəblərinin ötən tədris ilindəki fəaliyyəti barədə danışarkən ilk növbədə qeyd etdi ki, ümumilikdə 2016-2017-ci tədris ilini Pirallahı rayon məktəbləri üçün uğurlu hesab etmək olar. Belə ki, 6 məktəb üzrə 181 məzundan 102 abituriyent ali məktəblərə sənəd vermiş və bunlardan 82 nəfəri tələbə adını qazanmışdır. Məktəbi bitirənlərin sayına nisbətən qəbul faizi 56 %, sənəd verənlərin sayına nisbətən 80 % olmuşdur. Bu isə keçən illə müqayisədə məktəbi bitirənlərin sayına nisbətən 10% az olsa da, sənəd verənlərin sayına nisbətən 24 % çoxdur. Beləliklə keçən illə müqayisədə qəbul olunanların sayı 11 nəfər çoxdur. 231 №-li tam orta məktəbin şagirdi Cabbarova Həbibə Mirtağı qızı xüsusi nümunəli attestat alaraq qızıl medala layiq görülmüş və 667 balla Pirallahı rayonu üzrə ən yüksək nəticə əldə edərək Bakı Dövlət Universitetinin Dövlət və İctimai münasibətlər fakültəsinə daxil olmuşdur.
       Bu il tələbə adı qazanmış məzunların təhsil alacaqları ali məktəblərdə də Pirallahı rayonunun adını daim yüksəltməyə çalışacaqlarına inam ifadə edən V.Səfixanov bildirdi ki, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində 2654 şagirdin təlim-tərbiyəsi ilə 241 müəllim məşğul olur ki, bunlardan da 209-si ali, 32-si orta ixtisas təhsillidir. Rayon ərazisində yerləşən bütün orta məktəblər Dövlət Proqramına əsasən əsaslı təmir edilir, müasir avadanlıq və kompüter sistemi ilə təchiz olunur. Dövlət Proqramı çərçivəsində 235 №-li tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının, yeməkxana, idman zalı və kitabxananın tikintisi nəzərdə tutulmuşdur.
      168 №-li tam orta məktəbin direktoru Şakir Mikayılov, Azad Müəllimlər İttifaqı Pirallahı rayon Komitəsinin sədri Arzu Cahangirova və başqaları ümummilli lider Heydər Əliyevin təhsillə bağlı siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmış, Azərbaycanın  I Vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun ölkə təhsilinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin sağlam həyat tərzinin formalaşdırılması istiqamətində yorulmaq bilmədən fəaliyyət göstərməsini vurğulamışlar. Pirallahı Rayon İcra Hakimiyyətinin rayonda təhsilin inkişafına göstərdiyi diqqət və qayğı xüsusi qeyd edilmişdir.
      Daha sonra Pirallahı rayonu üzrə ən yüksək nəticə əldə edən Həbibə Cabbarova öz çıxışında onlara göstərdiyi diqqət və qayğıya görə bütün məzunlar adından müəllimlərə minnətdarlığını bildirdi.
     Çıxışlardan sonra qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adı qazanmış keçmiş abituriyentlərin Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılması mərasimi keçirilmişdir. Tədbirə yekun vuran V.Səfixanov ölkə Prezidenti İlham Əliyevin 24 avqust 2004-cü il tarixli Sərəncamına əsasən qeyd edilən 15 sentyabr - "Bilik günü" münasibəti ilə toplantı iştirakçılarını təbrik etdi, təhsilimizin inkişafı, xalqımızın işıqlı gələcəyinin təmin olunması istiqamətində fəaliyyət göstərən hər bir kəsə uğurlar arzuladı.
 
 
 
 
Keçidlər