Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda Üzeyir Hacıbəyovun 132 illiyi və Milli Musiqi günü ilə əlaqədar tədbir keçirildi

18 sentyabr 2017 | 11:00
     18 sentyabr - Milli Musiqi Günü münasibəti ilə Pirallahı qəsəbəsində dahi bəstəkarımız, görkəmli xadim, Azərbaycan professional musiqisinin banisi, musiqimizi bütün dünyaya tanıdan Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Pirallahı RİH-in əməkdaşları,   V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin təmsilçiləri, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
     Tədbirdə iştirak edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Hikmət Şikarov dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin milli musiqinin formalaşmasındakı əvəzedilməz rolundan danışdı. Natiq bildirdi ki, Üzeyir Hacıbəylinin opera sənəti, opera dramaturgiyası sənət tariximizdə tamamilə yenilik idi və bu sənət faktiki olaraq Yaxın Şərqdə ilk dəfə Azərbaycanda yarandı. H. Şikarov qeyd etdi ki, Üzeyir Hacıbəylinin əsərləri həm də xalqın azadlıq mübarizəsinə xidmət etmiş ictimai məzmunlu, milli koloritli, tərbiyəvi əsərlərdir.
      Korifey sənətkar eyni zamanda Azərbaycan himninin möhtəşəm musiqisinin müəllifidir. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alındı.
      Daha sonra tədbirin bədii hissəsində V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin yetirmələri tərəfindən müxtəlif musiqi nömrələri və bədii kompozisiyalar nümayiş etdirildi.
 
Keçidlər