Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda SOCAR-ın yığım nəqli sahəsi istismara verildi

11 oktyabr 2017 | 11:00
   Bu gün Pirallahı qəsəbəsində "Abşeronneft" Nefqazçıxarma İdarəsinə məxsus yeni yığım nəqli sahəsinin açılış mərasimi keçirildi. Tədbirdə SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev və şirkətin rəhbərliyi, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, rəsmi nümayəndələr, ictimaiyyət təmsilçiləri iştirak etdilər. Rövnəq Abdullayev obyektin açılışını bildirən rəmzi lenti kəsdikdən sonra inzibati binaya baxış keçirdi, binanın qarşısında ağaclar əkildi. Daha sonra SOCAR prezidenti və onu müşayiət edən şəxslər yığım nəqli sahəsindəki çənlər parkına baxış keçirdilər, onun iş rejimi və ərazisi ilə tanış oldular.
  "Abşeronneft" NQÇİ-nin rəisi Şahmar Hüseynov bildirdi ki, SOCAR-ın "Neftqaztikinti" Tresti tərəfindən 2013-cü ildən tikintisinə başlanan yığım nəqli sahəsinin ərazisi 6,4 hektardır. O qeyd etdi ki, yeni çənlər parkında 2 mərtəbəli inzibati bina, 24 ədəd müxtəlif tutumlu çənlər, keçid məntəqəsi, operator və alətlər otağı, yanğın əleyhinə nasosxana binası, neft və lay suları üçün nasosxanalar, yeraltı drenaj bloku, 4 ədəd qaz-su-qum separatoru, hava hazırlayıcı blok, 2 ədəd soba, 6/0,4 kV-luq elektrik yarımstansiyası fəaliyyətə başlayıb.
   Qeyd edək ki, çənlərdən 3 ədədi 3 000, 6 ədədi 2 000, 4 ədədi 1 000, 5 ədədi 700, 4 ədədi 400, 2 ədədi 100 kubmetr maye tutumuna malikdir. Nasosxanada 6 ədəd neft nasosu, lay suları üçün nasosxanada 4 ədəd nasos quraşdırılıb. Yeni parkda əl əməyinin yüngülləşdirilməsi məqsədi ilə iş prosesi demək olar ki, tam avtomatlaşdırılıb. Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları yüksək tələblər səviyyəsinə çatdırılıb, əməkçilərin sosial məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə optimal iş şəraiti yaradılıb. Yığım nəqli sahəsi və onun ətrafında yaşıllıq zonası salınıb, 6 mindən çox gül-çiçək və ağac əkilib.
  Sonda Rövnəq Abdullayev yeni yığım nəqli sahəsinin istismara buraxılmasının neft hasilatının artırılmasında mühüm rol oynayacağına əminliyini ifadə etdi, qarşıda duran vəzifələrdən danışdı, konkret tapşırıqlar verdi.
 
 
 
 
Keçidlər