Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda kempo idman növü üzrə respublika turniri keçirildi

06 noyabr 2017 | 11:00
   Pirallahı rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə silsilə tədbirlərin keçirilməsi davam etdirilir.
Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə Pirallahı rayonunda kempo idman növü üzrə respublika turniri keçirildi. YAP Pirallahı rayon təşkilatının və Azərbaycan Kempo Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirə respublikanın bir çox bölgələrindən 108 idmançı qatıldı.
   Yarışın açılışında çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin şöbə müdiri Hikmət Şikarov Azərbaycanda dövlətçiliyin qorunmasında, ölkəmizin tərəqqisində YAP-ın mühüm rolundan danışdı. Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs edən H.Şikarov idmançılarımızın Olimpiya, Avropa və dünya çempionatlarındakı parlaq qələbələr qazandıqlarını vurğuladı. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın kütləviliyinin artırılmasına, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edən partiyanın rayon təşkilatının sədri deyib: “Pirallahı rayonunda gənclər siyasəti və idmanın inkişafı istiqamətində mütəmadi olaraq işlər aparılır. Bu işlər gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə, onlar arasında sağlam həyat tərzinin təbliğinə, gənclərin problemlərinin həllinə dəstək göstərilməsinə, istedadlı gənclərin üzə çıxarılmasına şərait yaradır. Müxtəlif yarışların və turnirlərin təşkili rayonda həm idmanın inkişafına, həm də kütləviliyinin artırılmasına xidmət edir”.
    Azərbaycan Kempo Federasiyasının prezidenti, Əməkdar Məşqçisi Rauf İbrahimov çıxışında idmanın bu növünün ölkəmizdə inkişafı istiqamətində görülən işlərdən, təşkil olunan yarışlardan danışıb, idmançılara uğurlar arzuladı.
   Döyüşlərarası fasilədə incəsənət nümayəndələrinin, xüsusilə, “Şirvan” folklor qrupunun çıxışı idmançılarda və tamaşaçılarda xoş ovqat yaradıb.
   Turnirin sonunda qaliblərə YAP Pirallahı rayon təşkilatının və Federasiyanın fəxri fərman, kubok və medalları təqdim olundu.
 
 
 
Keçidlər