Şriftin ölçüsü :

Saytın rəngi :

Bayrağımız qürur mənbəyimizdir

09 noyabr 2017 | 11:00
    9 noyabr 2017-ci il tarixdə  Pirallahı qəsəbəsində Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirildi. Keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, RİH əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarının kollektivləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
    Tədbir  Pirallahı qəsəbəsi, “Yaşıl Park” ərazisində ağacəkmə aksiyası ilə başladı.  Pirallahı RİH başçısı Vasif İmanovun,  rayonun idarə, müəssisə və təşkilatlarının, ictimaiyyət nümayəndələrinin, könüllü sakinlərin, həmçinin “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçılarının qoşulduğu genişmiqyaslı iməcilikdə ətraf ərazi tullantılardan təmizləndi, mövcud olan yaşıllığa aqrotexniki qulluq edildi və ərazidə 300-dən çox müxtəlif növ ağac və kollar əkildi.
    168 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra bayrağımızın tarixi haqqında videoçarx nümayiş etdirildi.
    Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Azərbaycan Respublikasının üçrəngli Dövlət bayrağının ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən qəbul edildiyini, ikinci dəfə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildiyini, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək həmin bayrağı Dövlət bayrağı elan etdiyini, ölkə başçısı cənab İlham Əliyevin isə 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd olunması ilə bağlı 2009-cu il noyabrın 18-də sərəncam imzaladığını söylədi. O, Dövlət bayrağının milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyini, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayrağın bizim azadlığımızı, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirdiyini diqqətə çatdırdı. Ölkəmizin iqtisadi və siyasi qüdrətindən söz açan V.İmanov bildirildi ki, ümummilli liderimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz sabitlik və davamlı inkişaf diyarına çevrilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Respublikanın hər bir bölgəsi inkişaf edir və çiçəklənir. “Əsrin müqaviləsi” adını almış neft kontraktının vaxtının uzadılması, TAP və TANAP layihələrinin uğurla icra olunması, bu günlərdə istifadəyə verilmiş Bakı-Tibilisi-Qars dəmir yolunun əhəmiyyəti və sair bu kimi beynəlxalq  əhəmiyyətli layihələr bunun bariz nümunəsidir. Diqqətə çatdırıldı ki, bu gün ölkəmiz tarixi bir hadisəni qeyd edir  – Azərbaycanın neft hasilatı 2 milyard tonu keçdi.  Azərbaycanın müasir tarixində ilk beynəlxalq neft sazişini imzalanması nəticəsində dənizdə və quruda yerləşən dünya səviyyəli neft infrastrukturu ərsəyə gəldi və bütün bunlar güclü iqtisadi inkişafa təkan verdi. Ən önəmlisi isə “qara qızıl”ı insan kapitalına kapitalına çevirə bildik. Bu əlamətdar hadisə ilə bütün neftçiləri təbrik edən natiq qeyd etdi ki, Pirallahı rayonu da neft sənayesinə öz töhfəsini verir. Dünyada ilk dəfə 1935-ci ildə açıq dənizdə neft çıxarılmasına başlanılan Pirallahı rayonunda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 3 böyük neft-qazçıxarma idarəsi - "28 May", "Neft Daşları" və "Abşeronneft" NQÇİ-lər, onlara xidmət göstərən SOCAR-ın Dübəndi Neft Kəmərləri idarəsi, 5 saylı Texnoloji Nəqliyyat Departamenti, digər kiçik istehsalat müəssisələri, qara qızıl və mavi yanacaq hasilatını bu gün uğurla həyata keçirirlər. Hazırda rayonun 3 neft-qazçıxarma idarəsinin qəhrəman neftçilərinin səyləri ilə SOCAR-ın yerin təkindən çıxardığı neftin 87%-ni, qazın isə 83%-ni hasil edən Pirallahı bu sahədə özünün liderliyini təmin edir. Qeyd edildi ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bir qrup Pirallahı neftçisi neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə fəxri adlar və mükafatlarla təltif edilmişdilər.
    Sonda V.İmanov xalqımızın müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyinin, türk mənşəyini, islam sivilizasiyasına mənsubluğunu ifadə edən milli ləyaqət simvolumuz olan Azərbaycan bayrağını başı üzərində uca tutmağın, vüqarla dalğalandırmağın hər bir azərbaycanlının borcu olduğunu söylədi və tədbir iştirakçılarını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi.
 
 
 
Keçidlər