Şriftin ölçüsü :

Saytın rəngi :

1 dekabr- ümumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar tədbir keçirildi

01 dekabr 2017 | 11:00
   Hər il, 1988-ci ildən başlayaraq, dekabr ayının 1-də Ümumdünya QİÇS-lə mübarizə günü qeyd edilir. Həmin tarix dünya ictimaiyyətinin diqqətini qlobal pandemiya miqyasını almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunmuşdur. Bu məqsədlə 30 noyabr 2017-ci il tarixdə 186 nömrəli tam orta məktəbdə "QİÇS – cəmiyyətin artan bəlasıdır" şüarı altında maarifləndirici tədbir keçirildi. Toplantıda Pirallahı RİH-nin əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, rayon ərazisində fəaliyyət göstərən mədəniyyət və təhsil ocaqlarının kollektivləri, məktəblilər iştirak etdilər.
   Tədbiri  giriş sözü ilə Pirallahı RİH-nin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Azad Namazov açaraq bildirdi ki, QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. Ölkəmizdə gənc nəslə həmişə böyük qayğı ilə yanaşıldığını bildirən Azad Namazov  Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən dövlət siyasətindən danışdı. Narkomaniyaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalı, bu sahədə milli mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməli olduğunu vurğuladı. Natiq qeyd etdi ki, insanların, xüsusilə də gənclərin fiziki sağlamlığına zərbə vurmaqla yanaşı, narkomaniya həm də cəmiyyətdə əxlaqi və mənəvi aşınmalara səbəb olur. Hamıya “ağ ölüm” kimi məlum olan narkomaniya insanları təkcə sağlam həyat tərzindən məhrum etmir, həm də cəmiyyətin sosial-iqtisadi inkişafına da mənfi təsir göstərir, eləcə də cinayətkarlığa zəmin yaradır. Beləliklə, sağlam cəmiyyət və güclü dövlətin təməlini təşkil edən ailələr təhlükəli meyllər nəticəsində dağılır, bu da öz növbəsində dövlət və cəmiyyət üçün arzuolunmaz hal sayılır.
   Tədbirdə Pirallahı rayon Polis Şöbəsinin əməkdaşı Bəhruz Musayev, 186 nömrəli tam orta məktəbin direktoru Şakir Mikayılov, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Elxan Süleymanov çıxış edərək QİÇS xəstəliyinin dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da yayılan, hər kəsi düşündürən aktual məsələlərdən olduğunu bildirdilər. Bu infeksiyanın qarşısını almaq məqsədilə dünyada maarifləndirici tədbirlərin keçirildiyini qeyd edərək bildirdilər ki, rayonumuzda da  bu istiqamətdə ənənəvi tədbirlərin keçirilməsi yeniyetmə və gənclərin sağlamlığına göstərilən diqqət və qayğının nəticəsidir.
     Sonda mövzu ilə bağlı videoçarx nümayiş olundu və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
 
 
Keçidlər