Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi münasibəti ilə tədbir keçirildi

13 dekabr 2017 | 11:00
    Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə respublikamızın təhsil və mədəniyyət ocaqlarında  böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Növbəti tədbir Pirallahı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 186 nömrəli tam orta məktəbdə reallaşdı. Toplantıda Pirallahı RİH-nin əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən mədəniyyət və təhsil ocaqlarının kollektivləri, məktəblilər iştirak etdilər.
    Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Seymur Yusubov bildirdi ki, Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir. Diqqətə çatdırıldı ki, Vaqifin yaradıcılığı daim tədqiq obyektinə çevrilmiş, əsərləri kütləvi tirajla nəşr edilmiş və yubileyi keçirilmişdir. 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur. Bu məqbərə məhz ulu öndər Heydər Əliyevin göstərişi ilə ucaldılmışdır. 1992-ci il mayın 8-də Ermənistanın silahlı quldur dəstələri işğala məruz qoyduqları Şuşada bütün beynəlxalq hüquq normalarını pozaraq mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş və 600-ə yaxın tarixi-memarlıq abidəsini talayıb məhv etmiş, o cümlədən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ev-muzeylərini və Molla Pənah Vaqifin məqbərəsini dağıtmışlar. Natiq qeyd etdi ki, Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdəndir.
    Tədbirdə çıxış edən 186 nömrəli tam orta məktəbin direktoru Şakir Mikayılov görkəmli söz ustadı Molla Pənah Vaqifin həyat və yaradıcılığı, şəxsiyyəti və ictimai fəaliyyəti barədə, onun türk dünyasının böyük şairi olduğunu vurğuladı.
    Tədbirin sonunda rayon məktəblilərinin Molla Pənah Vaqifə həsr olunmuş şeir kompozisiyaları və  səhnəcikləri qonaqlar tərəfindən böyük maraqla qarşılandı.
 
 
 
Keçidlər