Şriftin ölçüsü :

Saytın rəngi :

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ümumrayon bayram şənliyi keçirildi

29 dekabr 2017 | 11:00
   Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşəbbüsü ilə “Gənclər Parkı”nda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ümumrayon bayram şənliyi keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, İsrail dövlətinin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Dan Stav, RİH əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
   Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov qeyd etdi ki, dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi 2017-ci ilin ötən dövrü ərzində də Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkəmizdə sabitlik qorunub saxlanılıb, dövlətimizin gücü və beynəlxalq nüfuzu daha da yüksəlib. Diqqətə çatdırıldı ki, Bakı şəhəri İslam Həmrəyliyi oyunlarına ev sahibliyi etdi və bu sınaqdan uğurla keçdi, idman tarixində yeni bir səhifə açdı. Azərbaycanın tam müstəqil siyasət yürüdən dövlət kimi beynəlxalq aləmdə öz nüfuzunu və mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdiyini qeyd edən V.İmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildə də sürətlə inkişaf edəcəyinə, xalqımızın rifah halının durmadan yüksələcəyinə əminliyini ifadə etdi. V.İmanov arxada qalan 2017-ci ildə rayonda görülmüş işlər, gələcəkdə həyata keçiriləcək layihələr barədə məlumat verərək tədbir iştirakçılarını  Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl münasibəti ilə təbrik etdi.
   İsrail dövlətinin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Dan Stav rayon sakinlərini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etdi, hər kəsə can sağlığı və yeni uğurlar arzuladı.
    Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının sədri, RİH-nin şöbə müdiri Hikmət Şikarov öz çıxışında bildirdi ki, 31 Dekabr tarixi Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur.
    Daha sonra rayonun ictimai həyatında və mədəni-kütləvi tədbirlərin keçirilməsində fərqlənən incəsənət ustaları və sakinlər Fəxri Fərmanlarla təltif edildilər. Yüzlərlə Pirallahı sakininin, rayon ərazisindəki hərbi hissələrdə xidmət keçən zabit və əsgərlərin böyük maraqla izlədiyi bayram tədbiri əməkdar artistlər Elza Seyidcahan və Gülüstan Əliyeva, müğənnilər Rüfət Axundov, Bahar Lətif qızı, “İnci” qruplarının konsert proqramı ilə davam etdi.
   Sonda “Gənclər Parkı”na toplaşan rayon sakinləri səmanı al-əlvan rənglərə boyayan möhtəşəm bayram atəşfəşanlığını maraqla seyr etdilər.
 
 
 
 
 
Keçidlər