Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar rayonumuzun bütün ümumtəhsil müəssisələrində tədbirlər keçirilir

15 yanvar 2018 | 11:00
   1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Qan yaddaşımızda əbədi yaşayan 20 Yanvar faciəsini xalqımız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.
   Qanlı Yanvar hadisələri ilə əlaqədar rayonumuzun bütün ümumtəhsil müəssisələrində silsilə tədbirlər keçirilir. 15 yanvar 2018-ci il tarixində 186 №-li tam orta məktəbin akt zalında Azərbaycanın azadlığı uğrunda canlarıı qurban verən, üçrəngli bayrağımızı ucalara qaldıran 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı anım mərasimi keçirilib.
   Anım mərasimində Qarabağ müharibəsi veteranları və əlilləri, məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak etmişlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə açıq elan edilmiş, şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
   Toplantıda qeyd olundu ki, həmin gün xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil olub. Bildirildi ki, xalqın ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirmiş, 20 Yanvar faciəsinə siyasi qiymət vermiş, başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırmış və bu vəhşiliyə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını bəyan etmişdi. 1990-cı ilin iyulunda Moskvadan vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edilmişdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar faciəsini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atılmış, Milli Məclisin 29 mart 1994-cü il tarixli qərarı ilə hadisələrə siyasi-hüquqi qiymət verilmiş, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilmişdi.
   Çıxış edənlər vurğuladılar ki, şəhid ailələri və 20 Yanvar faciəsində xəsarət alanlar ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən daimi diqqət və qayğı ilə əhatə olunmuşlar, dövlət başçısı onların hər bir probleminin ən qısa müddətdə həll olunması məqsədilə əlaqədar orqanlara müvafiq göstərişlər vermişdir. Azadlıq yolunda özünü qurban vermiş şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olacaqdır.Sonda şagirdlər Qanlı Yanvar hadisələrinə, vətənpərvərlik mövzularına  həsr edilmiş şeirlər, mahnılar söyləmiş, ədəbi-bədii kompozisiyalar nümayiş etdirmişlər.
    231 nömrəli tam orta məktəbdə Qanlı Yanvar hadisələrinə həsr olunmuş “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” adlı rəsm sərgisi keçirilmişdir.
   Qeyd edək ki, keçirilən tədbirlərdə Pirallahı rayonunun sakinləri olan, 20 Yanvar faciəsinin əlilləri: Əliyev Gülağa, Koçergin Sergey, Ağazadə Eldəniz, Əmirova Almaz iştirak etdilər.
 
 
Keçidlər