Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya başa çatdı

30 mart 2018 | 11:00
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olan Pirallahı məktəbliləri martın 29-da geri döndülər.
Naxçıvana səyahət zamanı şagirdlər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olublar. Burada onlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, kitablar, sənədlər, Ümummilli Liderə məxsus geyim və şəxsi əşyalara baxıblar. Pirallahı məktəblilərinin həmçinin Gənclər Mərkəzinə, Dövlət Bayrağı Muzeyinə, Naxçıvan Dövlət Universitetinə, bir sıra orta məktəblərə, Naxçıvan Biznes Mərkəzinə və tarixi abidələrə ziyarəti təşkil olunub. Məktəblilər Naxçıvan Dövlət Xalça Muzeyi ,“Xan Sarayı” Dövlət Tarix-Memarlıq abidəsi, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi ilə tanış olub, onlar  haqqında ətraflı məlumat alıblar. Sonra iştirakçılar Naxçıvan şəhərinin füsunkar təbiətə malik qədim Ordubad rayonuna səfər edib, tarixi və görkəmli şəxsiyyətlərin ev-muzeylərində olub, onlara aid şəxsi əşyalar və ekspozisiyalarla bağlı məlumatlandırılıblar. Tur-aksiya zamanı məktəblilər Naxçıvan, Ordubad şəhərlərinin, Culfa, Şahbuz rayonlarının tarixi, mədəniyyət abidələri, turizm mərkəzləri və digər görməli yerləri ilə tanış olublar.
     Qeyd edək ki, “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçılarını Heydər Əliyev Beynəlxalq Hava Limanında gözləmə zalında RİH əməkdaşları,  ictimaiyyətin nümayəndələri qarşılayıblar. Pirallahı RİH-nin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Azad Namazov  səyahətdən qayıdan şagirdlərin tur barədə fikirlərini dinləyib onlara təhsillərində uğurlar arzuladı.
       Aksiya iştirakçıları gənc nəsil üçün yaradılan şəraitdən söz açdılar və ölkə başçısının onlara göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını bildirdilər.
 
 
 
Keçidlər