Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda 9 May - Faşizm üzərində Qələbə günü münasibətilə silsilə tədbirlər keçirilir

09 may 2018 | 11:00
      XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına aldı. İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar. Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi.
        9 may -  Faşizm üzərində Qələbə günü münasibəti Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi və YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyi tərəfindən Böyük vətən müharibəsi iştirakçılarına və arxa cəbhə veteranlarına ərzaq bağlaması şəklində maddi yardım göstərilmişdir. Böyük Vətən müharibəsi veteranları müharibə ilə bağlı təəssüratlarından, azərbaycanlıların döyüş meydanlarında göstərdikləri şücaətdən danışdılar, onlara göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
      Qeyd edək ki, Faşizm üzərində Qələbə günü münasibəti ilə rayonumuzun bütün ümumtəhsil müəssisələrində silsilə tədbirlər keçirildi. Tədbirlərdə İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının misilsiz xidmətlər göstərdiyini vurğulandı, azərbaycanlıların ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlərdən bəhs edildi. Tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, məhz ulu öndər Heydər Əliyev 1993-cü ildə respublikamıza rəhbərliyə qayıtdıqdan sonra o zaman az qala unudulmaqda olan 9 May - Qələbə günü yenidən dövlət bayramları sırasına daxil edilib və bu gün də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən Böyük Vətən müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülür.
 
 
Keçidlər