Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibəti ilə Pirallahı rayonunda silsilə tədbirlər keçirilir

30 may 2018 | 11:00
   29 may 2018-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Cümhuriyyət 100” adlı tədbir keçirildi.
   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
   Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasın dövlətçilik ənənələrimizin bərpasında, dirçəlməsində mühüm hadisə olduğunu bildirib. Diqqətə çatdırıb ki, 1918-ci il mayın 28-də Milli Şuranın birinci iclası keçirilib və Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edilib. Cümhuriyyət Paris Sülh Konfransının qərarına əsasən, müstəqil dövlət kimi tanınıb. Həmin dövrdə dünyanın bir çox ölkələri ilə diplomatik münasibətlər qurulub, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər imzalanıb. Gərgin diplomatik mübarizə şəraitində yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdə silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin yaradıb. XX əsrin sonlarında yenidən dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğunun, eyni zamanda vətəndaş cəmiyyətinin inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunduğunu, müvafiq tədbirlərin təşkilinin gənclərə doğma Respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrətmək və sərbəst düşüncə tərzini formalaşdırmaq baxımından yüksək qiymətləndirdiyini bildirdi.
    YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında Sərəncam imzaladığını bildirdi. Prezidentin bu Sərəncamında bir daha müasir müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını, Şərqin ilk demokratik müsəlman dövlətinin fəaliyyətinin əks olunduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin mürəkkəb bir dövrdə meydana gəldiyini və çox çətin şəraitdə fəaliyyət göstərdiyini, Azərbaycan xalqının və milli dövlətçiliyinin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin vəzifəni yerinə yetirərək milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanlarının yaradılmasına, ölkənin ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin edilməsinə, qısa müddətdə yüksək döyüş qabiliyyətli ordunun yaranmasına nail olduğunu qeyd etdi.
    Tədbirdə çıxış edən “ Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
   Sonda keçirilən tədbirlərin yekunu kimi Heydər Əliyev Fondunun dəstəyi ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə hazırlanmış videoçarx nümayiş olundu. "Cümhuriyyət-100" adlı layihə çərçivəsində 350-dən çox gəncin iştirakı ilə Azərbaycan Respublikasının dövlət bayrağı canlandırılmış, "Cümhuriyyət- 100" sözü yazılmış və sonda Ulu Öndər Heydər Əliyevin canlı imzası yaradılmışdır.
   Videoçarxın nümayişindən sonra bir qrup şəxs partiyanın ictimai-siyasi həyatında fəal iştirakına görə YAP Pirallahı rayon təşkilatının fəxri fərmanları ilə təltif olunmuşdur.
 
 
Keçidlər