Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü’’nə həsr olunmuş tədbir keçirildi

27 iyun 2018 | 11:00
    Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü’’nə həsr olunmuş tədbir keçirildi. Toplantıda RİH başçısı Aparatının əməkdaşları, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak etdilər.
  Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli  BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və Narkotiklərin Qeyri-qanuni Dövriyyəsinə Qarşı Ümumdünya Mübarizə Günü” kimi qeyd olunduğunu, 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin Konvensiyasına qoşulduğunu vurğuladı. Diqqətə çatdırmışdır ki, ümummilli lider Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” müvafiq Fərman imzalamış və problemin həlli üçün keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. 1999-cu il iyun ayının 18-də “Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul olunaraq ölkə başçısı tərəfindən imzalanmışdır. 2005-ci ildə görülən işlərin məntiqi davamı kimi beynəlxalq qurumların tövsiyələrinə, qoşulduğumuz Konvensiyaların müddəalarına uyğun olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul olunmuş və Prezident İlham Əliyevin 28 iyun 2005-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanun narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuş və bu istiqamətdə fəaliyyətin hüquqi bazasını təşkil etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın icrası və Dövlət Proqramının müddəalarından irəli gələn vəzifələrin Pirallahı Rayon Hakimiyyəti tərəfindən icrası, Dövlət Proqramının Qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, o cümlədən Dövlət Proqramı ilə idarə, müəssisə və təşkilatların, xüsusilə orta təhsil müəssisələrinin üzərinə qoyulmuş vəzifələr barədə geniş məlumat verdi.
   Daha sonra Pirallahı RPŞ-nin rəis müavini Elman Kazımov, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, 10 saylı BŞX-nın baş həkimin müavini Kəmalə Mustafayeva və başqaları çıxış edərək bildiriblər ki, narkomaniya cəmiyyətə, dövlətə və ümumilikdə bəşəriyyətə çox böyük ziyan vurur və onun qarşısının alınması uğrunda hər kəs mümkün olan bütün vasitələrdən istifadə etməlidir. Çıxış edənlər narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomaniyaya düçar olanların sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə əlaqədar qarşıda ciddi vəzifələr dayandığını söyləyiblər.
    Tədbirdə gənclərə zərərli vərdişdən uzaq olmaq və həmin sosial bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyə və məsləhətlər verilib, onları maraqlandıran suallar cavablandırılıb.
 
Keçidlər