Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamın işğalından 25 il ötür

23 iyul 2018 | 11:00
    Bu gün Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 25 il keçir.
   1993-cü ilin iyun-iyul aylarında Gəncədə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verdi. Ağdamın müdafiəsini həyata keçirən yerli özünümüdafiə batalyonları erməni silahlı birləşmələri ilə qanlı döyüşlərə girdi. Ancaq heç bir kömək almayan batalyonların döyüşçüləri iyulun 23-də geri çəkilməyə məcbur oldular. Bununla da 43 gün düşmənə sinə gərmiş Ağdam şəhəri süqut еtdi. İşğalçı erməni silahlı birləşmələri еvlərə od vurdu, mədəniyyət abidələrini dağıtdı, insanların əmlaklarını qarət еtdi, şəhəri tərk еdə bilməyən dinc əhaliyə amansız divan tutdu. Ağdam rayonunun 1094 kvadratkilometrlik ərazisinin 882 kvadratkilometri zəbt edildi, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşdü. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edildi. Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törətdilər.
    Ağdam Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. Onlardan 16-sı milli qəhrəmandır. Rayonun 160 min nəfər əhalisindən 128 mini ev-eşiyindən didərgin düşüb. Onlar ölkənin 62 şəhər və rayonunda məskunlaşıblar. İşğal nəticəsində rayona 3 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ağdamın işğalı ilə güclü iqtisadiyyatı, zəngin mədəni irsi olan bir bölgə itirildi.
    Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində rayonun tamamilə işğalına yol verilmədi. Dağıdılmış kommunikasiyalar bərpa edildi, həyat üçün zəruri şərait yaradıldı. İdarə, müəssisə və təsərrüfatların fəaliyyəti bərpa edildi, iqtisadiyyat dirçəldi, digər yerlərdə məskunlaşmış ağdamlıların rayonla hərtərəfli əlaqəsi sahmana salındı. Ərazisinin üçdə ikisi itirilsə də, Ağdam rayon kimi yaşadı, ağdamlılar isə qurub-yaratmaq ənənələrini davam etdirdilər.
    Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Ağdama göstərilən qayğının hüdudlarını xeyli genişləndirdi. Dövlətimizin başçısının bu rayona hər gəlişi quruculuq işlərinə yeni miqyas və dinamizm gətirdi.
    Hazırda rayonun inzibati mərkəzi Quzanlı qəsəbəsində yerləşir. Bu qəsəbənin, eləcə də Ağdamın digər kəndlərinin abadlaşdırılması istiqamətində mühüm işlər görülüb. İqtisadiyyat yüksək inkişaf yoluna çıxarılıb.
    Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 8-də Nazirlər Kabinetinin 2018-cı ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səslənən fikirlər qarşıdakı dövr ərzində də məcburi köçkünlərin sosial problemlərinin, o cümlədən mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının dövlət siyasətinin prioritet istiqamətləri sırasında yer alacağını göstərir, ötən illər ərzində  dövlət qayğısı ilə əhatə olunan məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlər uğurla davam etdirilir. Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində düşmənə sarsıdıcı zərbələr endirildi və torpağımızı işğal olunmuş ərazilərindən bir hissə geri alındı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun azad etdiyi Lələtəpə zirvəsi Dağlıq Qarabağa dönüşün istinadgahına çevrildi. “Böyük qayıdış”a Cocuq Mərcanlıdan başlanıldı. Bu kənd qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş sayca 96-cı, məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə düşdü. Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və “Böyük qayıdış”ın rəmzinə çevrilən Cocuq Mərcanlı həm də qüdrətli Azərbaycanın simvoluna çevrildi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində çox mühüm işlər görülür. Aprel döyüşləri,  Naxçıvanın Şərur rayonunun Günnüt kəndi və 11 min hektar torpağın işğaldan azad edilməsi bir daha sübut etdi.
    Qeyd edək ki, rayonumuzda yaşayan məcburi köçkünlər də daim diqqət və qayğı ilə əhatə olunurlar. Hal-hazırda rayonumuzda məcburi köçkünlər üçün yeni məhəllə salınır. Burada üç 9 mərtəbəli yaşayış binasının və 220 şagird yerlik məktəbin tikintisi nəzərdə tutulub. Pirallahıda məskunlaşmış Ağdam rayonundan olan 38 ailə də bu binalarda yerləşdiriləcəkdir.
    Bu gün məcburi köçkün həyatı yaşayan ağdamlıların ən böyük arzusu tеzliklə doğma yurda qayıtmaqdır. Hər bir ağdamlı əmindir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gündən-günə qüdrətlənən ölkəmizin üçrəngli bayrağı Azərbaycan ərazisinin hər yerində dalğalanacaq - işğal altındakı torpaqlarımız azad ediləcəkdir!
Keçidlər