“01 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü" münasibətilə bir sıra muzeylərə ziyarət təşkil olunub
30 iyul 2026 | 16:51
28 iyul 2026-cı il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və Pirallahı Gənclər Evinin birgə təşkilatçılığı ilə "01 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü" münasibətilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə və Bakı Miniatür Kitab Muzeyinə ziyarət təşkil olunub. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Pirallahı Gənclər Evinin rəhbərliyi və könüllülər iştirak ediblər.
İlk olaraq Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə baş çəkən iştirakçılar Azərbaycan ədəbiyyatı və tarixinə həsr olunmuş müxtəlif eksponatlarla tanış olub, onlar haqqında ətraflı bilgi əldə ediblər.
Daha sonra Bakı Miniatür Kitab Muzeyi ziyarət edilib. Burada vurğulanıb ki, muzey dünyada ilk özəl miniatür kitab muzeyidir. Zərifə Salahova tərəfindən uzun illər ərzində toplanmış nadir kolleksiya əsasında yaradılan muzey, dünyanın ən böyük miniatür kitab kolleksiyasına sahib olması səbəbindən 01 oktyabr 2014-cü ildə Ginnesin Rekordlar Kitabına daxil edilib.
Tədbirin sonunda könüllülərlə "01 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü" mövzusunda maarifləndirici söhbət aparılıb. Bildirilib ki, Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi və beynəlxalq münasibətlər sisteminə inteqrasiyası, ana dilimizin gözəl bilicisi və mahir natiqi olan Ümummilli Lider Heydər Əliyevin dilin qorunmasına yönəlmiş məqsədyönlü siyasətinin nəticəsidir. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoyub. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa olunub ki, bu da Ulu Öndərin ana dilimizə dəyişməz münasibətinin daha bir bariz nümunəsi kimi tarixə həkk olunub. Həmçinin qeyd olunub ki, bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı sərəncam və qərarlar əsasında Azərbaycan dilinin tətbiq dairəsinin genişləndirilməsi, dilçilik elminin inkişafı və gənc nəslin milli kimliyə bağlılığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.






