Gürgən qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüş keçirildi
15 iyul 2022 | 18:00
15 iyul 2022-ci il tarixində Gürgən qəsəbəsində fəaliyyət göstərən 231 nömrəli tam orta məktəbdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qəsəbə sakinləri ilə səyyar görüşü keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Vasif İmanov görüş iştirakçılarını salamlayaraq qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir.
Natiq bildirdi ki, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna yeri var. 53 il bundan əvvəl xalqımızın tarixində yeni mərhələnin başlanğıcı qoyulub. Ulu öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə xalqımızın tarixi və taleyində əhəmiyyətli dönüşün başlanğıcı, eyni zamanda ölkəmizin uzunmüddətli və sürətli inkişafının, iqtisadi yüksəlişinin, xalqımızın rifah halının yaxşılaşdırılmasının, indiki müstəqil dövlətimizin təməlinin əsası qoyuldu. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezidenti İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub. Müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu islahatlar aparılır, Azərbaycan regionun lider dövlətinə çevrilib, diplomatiya sahəsində uğurlar əldə edilib. Prezident İlham Əliyevin imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə, obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini və insanların rifahının yüksəlməsini təmin edib. 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Azərbaycan xalqının 30 il həsrətində olduğu Qarabağın Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində erməni işğalçılarından azad edilməsi də məhz Heydər Əliyev ideyalarının təntənəsidir. O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. Bu gün Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin təntənəsinə yönələn müqəddəs strateji ideyaları uğurla həyata keçirilir.
Natiq bildirdi ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyev son 19 ildə ölkəmizi yeni uğurlara və Zəfərlərə aparmışdır. Qeyd edildi ki, Şəhid ailələri və müharibə əlilləri dövlətimizin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişləri əsasında şəhid ailələri və müharibə əlilləri üçün yaşayış komplekslərinin, şəhərciklərin inşa edilməsi, reabilitasiya mərkəzlərinin istifadəyə verilməsi də bunun bariz ifadəsidir. Belə ki, son 19 il ərzində yüzlərlə şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin olunub. Bu siyasət postmüharibə dövründə xüsusilə geniş vüsət alıb. Xüsusilə 2022-ci ilin büdcəsində sosialyönümlü xərclərin həcmi 13,5 faiz artırılaraq 13,851 milyard manata çatdırılıb ki, burada da məqsəd şəhid ailələrinin və qazilərin rifah halının daha da yüksəldilməsidir. Həmçinin Birinci Qarabağ müharibəsi zamanı xəsarət alan, lakin sığorta məbləğini almayan hərbi qulluqçulara və onların varislərinə sığorta məbləğinin ödənilməsi üzrə qəbul olunan öhdəliklərin mərhələli şəkildə qarşılanması üçün 2022-ci ilin dövlət büdcəsindən 67 milyon manat vəsait ayrılıb. Şəhid ailələri və müharibə əlillərinə bu il ərzində ümumilikdə 3 min mənzil və fərdi evin verilməsi planlaşdırılır. Artıq 1 900 mənzil bu kateqoriyadan olan vətəndaşlara təqdim olunub. İndiyədək isə 11,1 min şəhid ailəsi və müharibə əlilinə mənzillər və fərdi evlər verilib. Dövlət başçısının müvafiq Sərəncamına uyğun olaraq 2021-2025-ci illərdə bu kateqoriyadan olan insanlara daha 11 min mənzil və fərdi evlərin verilməsi nəzərdə tutulur. İkinci Qarabağ müharibəsindən sonra 6 mindən çox qaziyə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb və hazırda bu işlər davam etdirilir.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işsizlik, mənzil şəraitinin yaxşılaşdırılması, qəsəbədaxili yolun təmir olunması, kanalizasiya xəttinin yenilənməsi və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.