Rayonumuzda səyyar qəbullar davam etdirilir
14 oktyabr 2022 | 18:40
Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti qəbul keçirib. Rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 14 oktyabr 2022-ci il tarixdə 186 nömrəli tam orta məktəbdə baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Vasif İmanov ilk öncə görüş iştirakçılarını salamlayaraq bildirdi ki, ölkəmizdə 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində cənab İlham Əliyev qələbə qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycan xalqı müdrik seçim edərək səsini ulu öndər Heydər Əliyevin siyasi-dəst xəttinə sadiq qalaraq ölkəmizi regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasi xadim İlham Əliyevə verdi. Azərbaycanın sosial-iqtisadi inkişafının əsas istiqamətləri cənab İlham Əliyevin 2003-2022-ci illərdə imzaladığı çoxsaylı fərman və sərəncamlarda, dövlət proqramlarında öz əksini tapmışdır. Son 19 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət almışdır. 44 günlük Vətən müharibəsində qətiyyətli mövqeyi ilə bütün dünyanı heyran edən Müzəffər Ali Baş Komandan tarixi və əzəli torpaqlarımızı düşməndən xilas edərək adını şanlı tariximizə qızıl hərflərlə yazdırdı. Bu gün 30 illik düşmən işğalında qalan Qarabağa yeni həyat yeni nəfəs bəxş edilməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Böyük Qayıdışımızı reallaşdırmaqla dünyadakı bütün azərbaycanlıların rəğbət bəslədiyi sevimli lideri olmuşdur.
Qeyd edildi ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində Ermənistan tərəfindən hələ də qarşılıq verilməyib və hətta Ermənistan tərəfi sərhəddə yeni təxribatlara əl ataraq sülh danışıqlarını süni şəkildə pozmağa çalışır. Lakin ölkə başçısı cənab İlham Əliyevin Praqa görüşündən sonra verdiyi açıqlama və hal hazırki reallıq onu göstərir ki, Ermənistanın sülh müqaviləsini imzalamaqdan başqa heç bir çıxış yolu qalmayıb.
Sonra natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Diqqətə çatdırıldı ki, ölkəmiz regionda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Ard-arda dövlət başçımızın xaricə səfərləri, səfərlər çərçivəsində imzalanan sazişlər, ölkəmizə gələn xarici qonaqlar və baş tutan nüfuzlu beynəlxalq konfranslar bunun bariz nümunəsidir. Qısa müddət ərzində Azərbaycan Prezidenti İtaliyaya, Çexiya, Rusiya Federasiyasına, Qırğıstan və Qazaxstan Respublikalarına səfər etmişdir. Ölkə başçımızın hər bir səfəri, hər bir konfransda, sammitdə iştirakı öz-özlüyündə olduqca əhəmiyyətli olmaqla, regionun bundan sonrakı yol xəritəsinin çəkilməsində birbaşa rol oynayır.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən, işsizlik, mənzil şəraitinin yaxşılaşdırılması, qeydiyyat və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.