18 oktyabr - Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbir keçirilib
18 oktyabr 2022 | 17:58
18 oktyabr 2022-ci il tarixində Pirallahı rayonunda yerləşən 168 nömrəli tam orta məktəbdə 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə dövlət himnimiz səsləndirildikdən sonra şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, pedaqoji kollektiv və məktəblilər iştirak etmişdilər. Tədbirdə çıxış edən natiqlər bildirmişlər ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdir. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmizdə Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəmi - müstəqil inkişaf dövrü başlamışdır. Çıxış edən natiqlər müstəqilliyin bərpasından sonrakı hadisələrdən bəhs edərkən bildirmişdilər ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olmuşdur. Ümummilli liderin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü daxili və xarici siyasət dövlətimizin daha da güclənməsinə, regionda lider olmasına gətirib çıxarmışdır.
Azərbaycanın müstəqilliyinin bərpasının 31-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edən şagirdlər söylədikləri şeirlər, ifa etdikləri mahnılarla vətənə, xalqa və dövlətçiliyə olan sevgilərini nümayiş etdirmişdilər. Məktəblilər tərəfindən göstərilən ədəbi-bədii kompozisiyalar tədbirə əlavə rəngarənglik qatmışdır.