Pirallahıda növbəti səyyar qəbul keçirildi
22 iyul 2022 | 17:26
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirib. Görüş 22 iyul 2022-ci il tarixdə 168 nömrəli tam orta məktəbin akt zalında baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial, iqtisadi, siyasi məsələlər barədə məlumat verən Vasif İmanov bildirdi ki, ölkəmiz Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Ard-arda dövlət başçımızın xaricə səfərləri, səfərlər çərçivəsində imzalanan sazişlər, ölkəmizə gələn xarici qonaqlar və baş tutan nüfuzlu beynəlxalq konfranslar bunun bariz nümunəsidir.
Qısa müddət ərzində Azərbaycan Prezidenti Özbəkistan Respublikasına, Göygöl-Laçın-Kəlbəcər rayonlarına, Türkmənistan Respublikasına səfər etmiş, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransında iştirak etmişdir. Ölkə başçımızın hər bir səfəri, hər bir konfransda, sammitdə iştirakı öz-özlüyündə olduqca əhəmiyyətli olmaqla, regionun bundan sonrakı yol xəritəsinin çəkilməsində birbaşa rol oynayır. Natiq qeyd etdi ki, İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə təkbətək görüşü keçirilib. Görüş zamanı Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlıq və digər vacib məsələlər müzakirə olundu.
Sonra Vasif İmanov bildirdi ki, ötən həftənin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə cari ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirildi. Ölkə başçısı müşavirədə son dərəcə konseptual bir nitqlə çıxış etməklə həm daxili auditoriyanı, həm də beynəlxalq ictimaiyyəti maraqlandıran bir sıra məqamlara aydınlıq gətirdi. Çıxışının ilk hissəsində xarici siyasətdən və Azərbaycanın son dövrlərdə güclənən beynəlxalq mövqeyindən danışan Prezident İlham Əliyev ölkəmizin Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı ilə fəal əməkdaşlıq etdiyini və qonşu ölkələrlə əlaqələri hər zaman prioritet olaraq qəbul etdiyini vurğuladı. Bunun nəticəsidir ki, cari il ərzində Azərbaycan Prezidenti qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla 3 dəfə görüşmüş, Rusiya Federasiyasına, Özbəkistana, Türkmənistana rəsmi səfərə yollanmış, İran və Gürcüstan prezidentləri ilə müxtəlif tədbirlər çərçivəsində bir araya gəlmişdir. Eyni zamanda, Qırğızıstan və Litva Respublikalarının ən yüksək səviyyədə ölkəmizə səfərləri baş tutmuşdur. Digər bir tərəfdən Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları ilə əlaqələr də hazırda yüksələn xətlə inkişaf etməkdədir. Dövlət başçımızın 15 iyul tarixli müşavirədə qeyd etdiyi kimi Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. 10 noyabr Bəyanatında bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması və Ermənistanın Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verməsi öz əksini tapmışdı. Ancaq bu gün müharibədən 1 il 8 ay keçdiyi bu günlərdə belə Ermənistan hələ də bu istiqamətdə konkret bir addım atmayıb.
Vasif İmanov bildirdi ki, 18 iyul 2022-ci il tarixində Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalandı. Həmin sənədə əsasən, beş il ərzində Cənub Qaz Dəhlizi üzrə qaz təchizatı iki dəfə artacaq - 2027-ci ildən Avropaya hər il azı 20 milyard kubmetr mavi yanacaq ötürüləcək. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası ilə Aİ arasında gündəmdə olan məsələlər sadəcə təbii qazın nəqli ilə bağlı deyil, eyni zamanda bərpaolunan enerji mövzusu da aktuallığını qoruyub saxlamaqdadır.
Bildirildi ki, 21 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Pirallahı rayon Gənclər Mərkəzində “İqtisadi və sosial siyasətin icra edilməsi istiqamətində əmək münasibətlərinin inkişafı və əhalinin məşğulluq imkanlarının genişləndirilməsi” mövzusunda işəgötürənlərlə görüş keçirildi. Tədbirdə ölkədə əmək münasibətlərinin inkişafı və məşğulluğun təmin edilməsi istiqamətində həyata keçirilən iqtisadi və sosial siyasət, əhalinin məşğulluğunun təşviq və təmin edilməsi istiqamətində icra edilən müxtəlif xidmətlər barədə məlumat verildi.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən, işsizlik, mənzil şəraitinin yaxşılaşdırılması və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Qəbuldan razı qalan sakinlər göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.