Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı qəsəbə İƏD üzrə nümayəndəliyinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi

10 yanvar 2019 | 11:00
     Yanvarın 10-da Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Pirallahı qəsəbə İƏD üzrə nümayəndəliyinin 2018-ci ildəki fəaliyyətinə və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov, Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev, RİH əməkdaşları, Ağsaqqallar Şurasının, Pirallahı Bələdiyyəsinin üzvləri, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, eləcə də qəsəbə sakinləri iştirak etdilər.
     Hesabat məruzəsi ilə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Pirallahı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nürəddin  Abdullayev  bildirdi ki, qəsəbə  nümayəndəliyi öz  işini  2018-ci il  üçün Pirallahı  rayon  İcra  Hakimiyyətinin  Başçısı  cənab Vasif  İmanovun təsdiq etdiyi iş  planı əsasında qurmuşdur. Məruzədə nümayəndəliyin rayon ərazisində keçirilən tədbirlərdə və rayonun ictimai-siyasi həyatında yaxından iştirak etdiyi vurğulandı. N.Abdullayev qeyd etdi ki, nümayəndəliyin işi əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənmək, ərazidə fəaliyyət göstərən dövlət qurumları, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər təşkilatlarla qarşılıqlı fəaliyyəti təmin etmək, mənzil-kommunal təsərrüfatı və mənzil kommunal sahəsində fəaliyyət göstərən, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların fəaliyyətini əlaqələndirməkdən  ibarət   olmuşdur.
    Qəsəbədə ekoloji mühitin sağlamlaşdırılmasına, yeni yaşıllıq zolaqlarının salınmasına toxunan natiq qeyd etdi ki,  2018-ci il ərzində qəsəbənin mərkəzi magistral yolunun kənarlarında və eləcə də qəsəbədaxili küçələrdə xeyli sayda yeni ağaclar və dekorativ kollar əkilmişdir.  2018-ci il ərzində əhali ilə mütəmadi görüşlər keçirilmiş, şikayət, rəy və təklifləri ümumiləşdirərək mövcud olan problemlərin həll olunmasına nail olunmuşdur. Qəsəbədə  qanunsuz  tikintilərin  qarşısının alınması məqsədi ilə qəsəbə  mütəmadi reydlər keçirmiş, aşkar olunan qanunsuz tikililər tərəfimizdən qeydə alınaraq müvafiq tədbirlər görülmüşdür. Bundan başqa il ərzində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədi ilə mütəmadi reydlər təşkil olunmuşdur. K. Rzayev  küçəsində, 28-ci və 40-cı məhəllələrdə  abadlıq  işləri  aparılmışdır.  Əsaslı təmirdən sonra “Uşaq Parkı”, S.Vurğun  küçəsində isə yeni yanacaqdoldurma  məntəqəsi istifadəyə verilmişdir. Pirallahı rayonu sakinlərinin asudə vaxtının səmərəli təşkili və mədəni istirahəti məqsədilə Heydər Əliyev Mərkəzi  park  kompleksində hər cür şərait yaradılmışdır. Giriş qapılarından başlamış bütün elementlər - fəvvarə, ağlay daşı ilə üzlənmiş sütunlar, mərkəzi hissədə metal konstruksiyadan dekorativ qayıq, orijinal layihəyə malik Çay evi, idman meydançası, piyada  yolları, kiçik memarlıq elementləri kimi oturacaqlar insanların zövqünü oxşayır. Minlərlə ağac əkilmiş  və qaya daşları ilə kompozisiyalar qurulmuş, yaşıllıqlara qərq olmuş parkda iki ədəd söhbətgah da quraşdırılmışdır. Yay səhnəsinin inşası tamamlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi” haqqında Sərəncamının 1.3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının Daxili İşlər  Nazirliyi  və yerli icra hakimiyyəti orqanları ilə birlikdə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü və 8-ci maddələrinin tələblərindən irəli gələrək, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarında satış məntəqələri üçün heyvan kəsimihallarının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi tapşırılmışdır. Pirallahı Rayon İcra Hakimiyyəti başçısının “Pirallahı rayonu ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində və digər xidmət sahələrində sanitar vəziyyətin monitorinqinin aparılması haqqında” 23  noyabr 2018-ci il tarixli 118 saylı Sərəncamda qeyd edilmiş tapşırıqların icrası ilə əlaqədar Komissiya tərəfindən qəsəbə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində mütəmadi olaraq sanitar vəziyyətin monitorinqi həyata keçirilir.
      Diqqətə çatdırıldı ki, 2018-ci il ərzində qəsəbədə su, kanalizasiya, elektrik və istillik təchizatı xeyli yaxşılaşmışdır.
       Yığıncaqda çıxış edən Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov bildirdi ki, Ölkəmizdə qarşıya qoyulan hədəflərin davamlı xarakter daşıması, iqtisadiyyatın dinamik inkişafı və müasir dövrün tələblərinə uyğunlaşdırılması ölkə başçısının daim diqqət mərkəzindədir. İllərlə çəkilən zəhmətin, siyasi iradənin, dövlət başçısının ölkəyə müdrik rəhbərliyinin nəticəsidir ki, inkişafın Azərbaycan modeli nümunə göstərilir.
     Azərbaycan 2018-ci ildə mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunaraq uğurla inkişaf etmişdir. Ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması davam etdirilir. Əhalinin sosial rifahının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilir, Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənir, milli təhlükəsizlik və sabitlik təmin olunur. Diqqətə çatdırıldı ki, bu il ölkəmizdə 50-dən çox ölkənin sabiq dövlət və hökumət başçısının iştirak etdiyi VI Bakı Qlobal Forumu keçirilmişdir. O cümlədən, bu il ölkəmizdə Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı təşkil olunmuşdur. Dünya Bankının “Doing Business” proqramının son hesablamalarında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb. Dünyanın aparıcı iqtisadi beynəlxalq forumunun - Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 35-ci pilləyə yüksəlmişdir. Həmçinin, mayın 29-da Səngəçal terminalında rəsmi açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizi, iyunun 12-də Türkiyədə TANAP qaz kəmərinin istifadəyə verilməsi, sentyabrın 26-da “Azerspace-2” peykinin orbitə buraxılması, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən tədbirlər, iyunun 26-da Silahlı Qüvvələrimizin yaradılmasının, sentyabrın 15-də Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradlar barədə də məlumatlar verildi. Azərbaycanın tam müstəqil siyasət yürüdən dövlət kimi beynəlxalq aləmdə öz nüfuzunu və mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdiyini qeyd edən V.Səfixanov Prezident İlham Əliyevin rəhbərliyi ilə 2019-cu ildə də sürətlə inkişaf edəcəyinə, xalqımızın rifah halının durmadan yüksələcəyinə əminliyini ifadə etdi. Qeyd edildi ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da abadlıq-quruculuq işləri aparılır. Diqqətə çatdırıldı ki, 2019-cu ildə rayonda bir sıra iri layihələrin reallaşması gözlənilir ki, bunların sırasında ilk növbədə Nərəkənd, Dərman zavodları, rayon İcra Hakimiyyətinin inzibati binası, Gənclər Mərkəzi, Yeni Azərbaycan Partiyasının Pirallahı rayon Təşkilatının inzibati binası, Heydər Əliyev Parkı, sosial mənzillər, məcburi köçkünlər üçün inşa edilmiş binalar vardır. Bütün bunlar isə ölkəmizdə cənab Prezident İlham Əliyevin əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində gördüyü işlərin məntiqi nəticəsidir.
     Qaçqınların və məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsinin Pirallahı rayon sektorunun müdiri İlqar  Məmmədli, Qızıl Aypara cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova, “Neft Daşları” qəzetinin  baş redaktoru Xeyrulla  Ağayev, Pirallahı  qəsəbə  sakini Rüstəm Cahangirov öz çıxışlarında hesabata münasibət bildirdilər. Hesabat yığıncağında məruzəçilər çıxışlarında əhalini narahat edən məsələlərə də toxundular, qaldırılan məsələlərin həlli yolları barədə ciddi fikir mübadiləsi apardılar. Yığıncaqda sakinləri maraqlandıran suallar cavablandırıldı.
     Sonra toplantının qərarı ilə Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının Pirallahı qəsəbə İƏD üzrə nümayəndəliyinin, hesabatı nəzərə alınaraq, 2018-ci ildə gördüyü işlər qənaətbəxş hesab olundu. Hesabat yığıncağının sonunda qərar layihəsi oxundu.
 
Keçidlər